Qəzetdən qorxmaq

Həftə səkkiz, mən doqquz bir problem çıxır: ya bank hesabı bağlanır, ya nəşrinə problem yaranır, ya satışına. Ya baş redaktoru həbs edilir, ya əməkdaşı oğurlanır, ya fantastik məhkəmə cəriməsi gəlir. Əldə-ovucda qalan bir-iki qəzetin indi Azərbaycandakı halı budur. Özünü mətbuat güzgüsündə əyri görənlər bu əyər-əskiklərini düzəltmək yerinə “güzgünü sındırmaqla” problemi kökündən həll etmək istəyirlər. 

Kağız mətbuatının sonunun çatdığını indi çox müzakirə edirlər. Onun öz yerini elektron qəzetə, internet mediasına təhvil verəcəyi deyilir. Belə müzakirələr hər nə qədər məni üzsə, kədərləndirsə də, qəzetin öz mənəvi cazibəsi ilə texniki tərəqqiyə yenilməyəcəyinə inamım qalır. Bircə ona məyus oluram ki, bu bizim ölkənin reallığında bir az çətindir. Çünki bizdə qəzetin rəqibi yox, düşməni var. Bu, hakim gücdür. Və bizdə qəzeti bitirməyin yolları tamam başqadır – repressiya, basqı, təzyiq, təhdid. Üstəlik, texniki tərəqqidən fərqli olaraq, hakim gücün tələbinə görə, qəzetin müqəddəs yeri boş qalmalıdır, çünki davam etmək üçün ancaq mədh etmək tələb olunur. Tənqidçi düşüncənin, azad sözün daşıyıcısı olan istənilən tribuna arzuolunmazdır: ənənəvi qəzet də olsa, elektron qəzet də olsa!

Qəzetlə də döyüşərlər heç?!

Mən ənənəvi qəzetə müqəddəs bir şey kimi baxıram. Qəzet köşklərinə məbəd kimi baxıram. Onların qarşısından etinasız keçə bilmirəm. Hər nə qədər yalan və yaltaqlıq püskürən qəzetlərin də satıldığını bilsəm belə, o köşklər mənə bir ibadətgahı xatırladır. Onlar öz kasıb, səliqəsiz görkəmləri ilə mənə ən parıltılı, dəbdəbəli binalardan, saraylardan daha doğma görünür. Heç cür ağlım kəsmir ki, onları necə uçurmaq olar. Heç cür anlaya bilmirəm ki, qəzetə necə nifrət etmək olar. 

Qəzetsiz həyat, tərəqqi təsəvvür etmirəm. Bu çağda qəzetdən, sözdən, qələmdən qorxmağın isə heç bir izahı və bəraəti yoxdur, ola da bilməz. Bu sadəcə, dəhşətdir. Mən belələrini görəndə bir anlığa hələ də mağara dövründə yaşadığımızı düşünürəm. Elə bilirəm, dinozavrlar qayıdıb.  

Mədəniyyətdən, sivilizasiyadan az-çox nəsibini almış adam da heç qəzetdən qorxar? Heç qəzetlə də düşmənçilik etmək olar? Heç qəzetin də üstünə pul gücü ilə, qol gücü ilə getmək olar? Qəzet yazılarına inana da, inanmaya da, bəyənə də, bəyənməyə də, razılaşa da, razılaşmaya da bilərsən, amma onu az qala atom bombasından belə, təhlükəli, qorxunc bir şey kimi görmək sadəcə, rəzalətdir. Həm gülüncdür, həm də iyrənc.

Üzeyir Hacıbəyovun “Qəzet oxuyan” felyetonu

Qəzetin bəşəriyyətin inkişafına verdiyi töhvələri, tərəqqiyə xidmətlərini xatırlatmağa dəyməz. Amma nə yazıq ki, Böyük Üzeyir bəyin bizdə aradan yüz il keçdikdən sonra da qəzetə münasibətin dəyişmədiyini ortaya qoyan bir felyetonunu bu gün xatırlatmaq məcburiyyətindəyik. Həmin felyeton keçmişin Azərbaycanda hələ də keçmədiyinin, yaptokratların zamanı tutub saxladığını, Azərbaycanı bugünkü çağın ən azı 100 il gerisinə apardığını gözlər önünə sərir.    

Gəlin birlikdə oxuyaq: 

“Qəzet oxuyan müsəlman qəzetdən məlumat qazanır, biliyi artır. Ona görə, ”qəzet oxumaq müsəlmana haramdır”.

Qəzet oxuyan müsəlman bütün aləmin əhval və övzaından xəbərdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü hadisə və vaqiələri bilir. Ona görə, “qəzet oxumaq müsəlmanlara haramdır”.

Qəzet oxuyan müsəlmanın ağlı artır, dargöz olmur, hər bir işə əqli-səlim nöqteyi-nəzərindən baxır. Ona görə, “qəzet oxumaq müsəlmanlara haramdır”.

Qəzet oxuyan müsəlman öz dərd və ehtiyacını, qardaşının giriftar olduğu müsibət və bəlanı qəzet sütunlarında yazılmış görür, yaxud millətini təhdid edən müsibətdən xəbərdar olur. Ona görə, “qəzet oxumaq müsəlmanlara haramdır”.

Qəzet oxuyan müsəlman qəzet sütunlarında dərdinə dərman, ehtiyaclarına əlac, işinə əncam tapır. Ona görə, “qəzet oxumaq müsəlmanlara haramdır”.

Qəzet oxuyan müsəlman qəzetdən təsəlliyab olur, qəm və kədəri dağılır, qəmabad könlü təsginlik tapır. Ona görə, “qəzet oxumaq müsəlmanlara haramdır”.

Ona görə müsəlmanlar məlumatsız, biliksiz olsunlar, dünyadan xəbərləri olmasın. Dargöz, ağlı gödək olsunlar, öz dərd və ehtiyacından, qorxulu müsibətindən bixəbər olub, çarəsiz, dərmansız, əncamsız qalsınlar; ürəkləri deşən qəm və ələmdən xilas olub, təsəlliyab olmasınlar. Bunların hamısı “halaldır!”

100 il əvvəlki bu acı mənzərəni bizə yenidən yaşadanları, qəzeti hələ də düşmən kimi görənləri, “haram” kimi göstərənləri, onu tənqidçi düşüncə, alternativ fikir, azad söz tribunası kimi deyil, yalnız məddahlıq, tərifbazlıq, yaltaqlıq tribunası kimi təsəvvür edənləri qınayıram. Ayıb olsun! Çox ayıb olsun!  

Və sonda:

Ilk qəzet (çap nəşri ilə) Çində hazırlanıb – 1400 il əvvəl.

Bu 1400 ildə nə “mənəm, mənəm” deyən krallar gördü dünya. Sözlə, qələmlə, qəzetlə, fikirlə savaşan, hər kəsi özlərinin əbədiliyiniə, əvəzsizliyinə, toxunulmazlığına inandırmağa çalışan nə padşahlar, nə sultanlar gördü. 

Indi onların heç biri yoxdur.

Amma qəzet var. 

Öz sehrli, cazibəli qoxusu ilə yüzillərdir üfunətə qarşı vuruşmağa davam edir, edəcək də.

Lütfən, bunu unutmayın.