Güney Azərbaycanın ilk filmi min Öfkədən və bir Eşqdən yarandı

Vahid Azərnəvid inanılmaz işi başladı və bitirdi

Hesab edirik ki, «Azərbaycan Saatı»nın rejissoru Vahid Azərnəvid «Azadlıq»ın oxucularına və Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. Vahid, sadəcə bir televiziya proqramının, bəlkə də, ən quru, sxematik işlərdən tutmuş, tam rejissurasına qədər bütün işlərini görən texniki əməkdaş deyil, həm də bir millətin azadlıq ehtiraslarını içində yaşadan, onu sənətə gətirməklə bu istəkləri dünyaya duyurmaq istəyən yaradıcı bir vətənpərvərdir. «Min öfkə Bir eşq» filmi də belə yaranıb, zatən. Vahid Azərnəvid Güney Azərbaycanın yaşantılarından və mövcudluq uğrunda mübarizəsindən bəhs edən bu filmin həm ssenari müəllifi, həm rejissorudur. Həm, bu qədər ağır şərtlər altında bir tammetrajlı filmə doğum haqqında şəhadətnamə verə biləcək qədər inadlı bir insan! Çox çətindir! Amma insan min öfkə ilə qıvrıldığı yerdə bircə damcı eşqi içində yaşada bilirsə, onun üçün aşılmaz sədlər yoxdur.
Vahid Azərnəvid həmin inad və israrla «mən Güney azərbaycandan bəhs edən ilk filmi yaradacağam!» söylədi və bunu etdi.

Film nə dövlətdən, nə də dövlətsizlərdən bir quruş yardım almadan çəkildi

– Filmin ağır əziyyətlə başa gəldiyini bilirik. Amma hər halda, daha çox hansı əziyyətləri xatırlayırsan?
– Hər kəsin də bildiyi kimi sinema çox lüks bir sənətdir. Bir sinema filmi çəkimi üçün böyük büdcələr ayırmaq lazım gəlir. Bu büdcələri ancaq böyük film yapım şirkətləri ayıra bilir. Ayrıca bağımsız sinema vardır ki, bağımsız sənətçilər və az büdcəli filmləri dəstəkləyir. Bu filmlərin büdcəsi 100.000 ilə 200.000 dollara qədər olur. Bağımsız sinema filmləri ya dövlət dəstəyi ilə ya da bəzi quruluşların sponsorluğunda çəkilər. “Min Öfkə Bir Eşq” filmi nə böyük şirkətlərdən, nə də bir quruluşdan büdcə ala bilməyib. Güney Azərbaycanlı olduğumuz üçün də mənə dəstək verəcək bir dövlətimiz yox idi. Mən bu filmi öz imkanlarım və dotlarımın dəstəyi ilə çəkdim. Öz maddi imkanlarım, bir neçə dostum və İsveç Azərbaycan Federasyonunun  dəstəyi ilə bu işi başarıyla başa çatdırdıq. Bizim büdcəmiz bağımsız sinema filmlərinin normal büdcəsindən 10 dəfə az idi. Mənə tək əziyyət verən şey bu oldu. Çünkü çəkimlər zamanı çox vaxt ssenari və ya rejissura işi yerinə pulu düşünürdüm. Bu da, şübhəsiz, çəkimin keyfiyyətinə təsir edirdi.

– Bəlli şəraitdə oyunçu tapmaq çox çətin olmadı ki?
– Filmin oyuncuları könüllü olaraq bu filmdə oynadılar. Ankara Xalq Teatrında oyunculuq yapan üstadımız Halil Esen bu konuda mənə çox yardımcı oldu. Demək olar ki, filmin oyuncularının bir çoxunu Halil Esen razılaşdırdı. Oyuncular əsasən, teatr oyuncularıdırlar. Bir neçə ünlü və adlı oyuncu da filmdə yer alacaqdı, ama bizim çəkim programı ilə onların programı birbirinə uymadı. Oyuncular ssenarini oxduqdan sonra çox bəyənir və hökmən bu projedə yer almaq istədiklərini söyləyirdilər.

Rasim Balayev bu filmdə var

– Qüzey Azərbaycan oyunçularından kimlərisə dəvət etmək fikrin vardı, bu məsələ necə oldu? Dəvət edə bildinmi?
– Qüzey Azərbaycandan Rasim Balayevi filmə dəvət etmək istəyirdim ancaq yuxarıda da deyim kimi büdcə sıxıntısından yana bunu edə bilmədik. Ancaq bir gün çəkim üçün Ankaranın qədim məhəlləsi olan Ulusa getdik. Qədim əşya satan bir dükanda çəkim olacaqdı və biz yuxarı qata çıxdıqda Nəsimi filminin posterini gördüm. Rasim Balayev Nəsimi rolunu oynayır. Çox maraqlıydı və doğru yolda ilərlədiyimizin sübutu kimi oldu mənim üçün. Tez o filmin posterini kadraja yerləşdirdim. Artıq hər necə olur olsun, Rasim Balayev də filmdə vardır, demək olar.

Hər kəs həvəskar, amma hər kəs könüllü

– Filmin əsas hədəfi Güney Azərbaycan gerçəkləridir. Səncə bu film Güneydə populyar ola biləcəkmi, yoxsa yasaqlar üzündən onu oralarda təqdim etmək çətinmi olacaq?
– Bu film sadəcə olaraq Güney Azərbaycanda deyil, həm də bütün İranlılar tərəfindən izlənəcək deyə düşünürəm. Doğrudur, filmim qanuni şəkildə satışa çıxa bilməyəcək, ancaq insanlar bu filmi ya internet ya da DVD yoluyla izləyəcəklər. Bu filmdən maddi gözləntilərim, heç, yoxdur,  ancaq millətim üçün çox önəmli olduğunu düşünürəm və bu mənim amacımdir.

– Oyunçuların əksəriyyətinin həvəskar olduğu bəlli və bu, bir rejissor üçün çox zor bir stress… bunları necə yola verdin?
– Bu, sadəcə oyuncularla qalmır,.. çəkim ekibimiz də könüllülərdən oluşurdu. Bu, dediyin kimi çox çətin bir şeydir, çünkü bir yönetmen olaraq gerekdiyi qədər intizamlı olabilmir insan. Ekibə uyğun olmayan şəxsləri ekipdən çıxartmaq olmur və hər ağızdan bir söz çıxır. Belə bir ekibi sona qədər bir arada tutmaq başlı- başına çox çətindir. 

– Əslində, bu cür filmlərdən əsas gözlənti toplumun stressini və bəşəri naqisliyin bu stresi necə artırdığını göstərmək sayıla bilər. Səncə buna nail olunubmu?
– Bəli, filmim buna nail ola bilib. Filmim toplumdaki sıxıntıları və dərdləri çox yaxşı yansıdır və umuram ki, insanların, özəlliklə, ortadoğuda yaşayan insanların bu filmi izlədikdən sonra bəzi konulara  baxışları dəyişəcək.

Güney Azərbaycan bu filmi necə izləyəcək

– Orada, Güney Azərbaycanda bu film barədə məlumatlıdırlarmı və buna görə hansısa təqiblər-təhdidlər varmı?
– Mənə gələn bilgilərə görə artıq insanlar belə bir filmin çəkildiyini bilirlər və filmi izləmək istəyirlər. Ancaq filmi Avropa və Amerika film festivallarına göndərəcəyim üçün biraz daha gözləmələri lazım. Filmdən ötrü hansısa təqiblər-təhdidlər olmayıb. Olsa da, heç anlamı yoxdur, çünkü atalarımız demışkən artıq ox yaydan çıxıb.

Quzey Azərbaycan haqqında korrupsiya filmi çəkmək istərdim

– Qüzey Azərbaycanla bağlı ssenari planın varmı və Qüzeylə ilgili hansı mövzunu qabarıq, sinema üçün yetişmiş, işlənməli mövzu sayırsan ?
– Qüzey Azərbaycanla ilgili çox gözəl fikirlərim vardır. Bir gün orada film yapacağam və bu, ən böyük arzularımdan birisidir. Əslində 20 ildən artıqdıqdır, Azərbaycan Cümhuriyəti qurulub, çox ağır günlər yaşanıb və yaşanmaqdadır. Ortadoğu bölgəsində olmaq, neft ölkəsi olmaq, Rusya ve İran kimi iki diktator ölkələr arasında yerləşmək, ölkədə diktatorluğun yaradılması,.. Azərbaycanın layiqincə gəlişməməsinə səbəb olubdur. Bu gəlişməzlikdən sinema da öz payını alıb. Azərbaycan sineması çox güzsüzdür ve bunun için Yeni Azərbaycan sinemasını yaratmaq lazım. Azərbaycana məxsus olan bir sinema. Mən bir gün Qüzey Azərbaycanla ilgili film yapmaq istərsəm Azərbaycanin gəlişməsinə, böyüməsinə və güclənməsinə mane olan rüşvətlə, korrupsiya ilə ilgili film çəkərəm. «Mən Öfkə Bir Eşq» bunun üçün bir başlanqıc sayıla bilər.

Ayəndə Mürsəliyeva