Dünya Əliyevi küncə sıxışdırıb

Fuad Qəhrəmanlı: «Hakimiyyətin beynəlxalq rəyləri nəzərə almadan seçkini təsdiqlətməsi dünya ilə konfrantasiyanı dərinləşdirəcək»

Hakimiyyət seçki saxtakarlığına qanuni don geyindirməyə çalışdığı ərəfədə beynəlxalq aləmdən seçkilərlə bağlı sərt təpki gəlməkdədir. ABŞ oktyabrın 17-də Azərbaycandakı prezident seçkiləri ilə bağlı mövqeyini təkrar edərək Əliyev hakimiyətini baş vermiş bütün qanun pozuntularını şəffaf və etibarlı şəkildə araşdırmağa, ATƏT DTIHB-nin tövsiyələrini yerinə yetirməyə çağırıb.

Böyük Britaniyanın Azərbaycanda bu yaxınlarda fəaliyyətə başlamış səfiri Irfan Siddiqÿdə mətbuata açıqlamasında hökumətinin ATƏT-in hesabatını dəstəklədiiyni vurğulayıb. Səfir hətta vurğulayıb ki, onun müşahidə apardığı seçki məntəqəsində səslərin sayılması prosesi çox pis şəkildə həyata keçirilib. Bundan başqa, hakimiyyətin seçkinin tanındığı ilə bağlı nüfuzlu beynəlxalq təşkilatlardan istinad etdiyi Avropa Parlamentinin rəyi ilə də bağlı maraqlı yeni məlumatlar gündəmə gəlib. Oktyabrın 16-da Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brokla görüşündə 7 nəfərdən ibarət Avropa Parlamentinin müşahidə missiyasının rəyi müzakirəyə çıxarılıb. Bundan dərhal sonra Avropa Parlamentinin bir sıra xarici əlaqələr komitəsi rəhbərlərinin Azərbaycandakı seçkilərin nəticələri ilə bağlı Cəmil Həsənli ilə növbədənkənar görüşü keçirilib və Avropa Parlamentinin bir sıra deputatları qurumun müşahidə missiyasının Azərbaycandakı 9 oktyabr prezident seçkilərinə verdiyi rəylə qəti şəkildə razı olmadıqlarını bildiriblər.

Bəs o zaman seçkilərlə bağlı beynəlxalq israrın davam etməsi nəylə nəticələnə bilər?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, baş verənlər Azərbaycanla Qərb arasında siyasi böhranın simptomları sayıla bilər. Hakimiyyətin bütün cəhdlərinə baxmayaraq beynəlxalq səviyyədə seçkinin nəticələrini tanımaq cəhdlərinin uğursuzluğa uğradığını deyən F.Qəhrəmanlı vurğuladı ki, ATƏT-in rəyindən sonra beynəlxalq səviyyədə aparıcı dövlətlər də seçkiləri tanımamaqla bağlı mövqelərini ortaya qoyurlar: “Saxtakarlıq faktlarının etirafı ilə bağlı beynəlxalq rəylər artdıqca, hakimiyyət beynəlxalq izolyasiya ilə üzləşir. Bu şəraitdə ilkin nəticə odur ki, beynəlxalq legitimlik tamamilə itirilib. Ilham Əliyev sadəcə olaraq faktiki səlahiyyət sahibi kimi qəbul olunmaqdadır. Əgər əvvəllər hakimiyyət ”kürü diplomatiyası” hesabına özünün saxta addımlarının dəstəklənməsinə nail olmuşdusa, bu siyasətin ifşası beynəlxalq səviyyədə manevr imkanlarını aradan qaldırmaqdadır. Hakimiyyət bütün bu rəyləri nəzərə almadan Konstitusiya Məhkəməsində seçkilərin nəticələrini təsdiqltdi. Amma bu təsdiqlənmə beynəlxalq rəyin nəzərə alınmadan reallaşdırılması növbəti mərhələdə beynəlxalq aləmdən daha sərt və açıq kontekstli mesajların gəlməsinə səbəb olacaq. Nəticədə bu mövqe dünya ilə Azərbaycan arasında konfrantasiyanı daha da dərinləşdirəcəkdir”.

F.Qəhrəmanlı hesab edir ki, baş verənlərin dövlətimiz üçün təhlükələrindən biri də ondan ibarətdir ki, bu konfrantasiyanı görən Rusiya Azərbaycana qarşı şərtlərini də ağırlaşdıracaq. Bu yanaşmanın artıq dövlətimizin müstəqilliyi üçün bir təhlükə sayan F.Qəhrəmanlı vurğuladı ki, Əliyevlər öz maraqları naminə Azərbaycanı beynəlxalq təcridə aparmaqdadır: “Proses bu şəkildə davam edəcəyi təqdirdə dünya birliyinin Azərbaycanda gedən demokratik proseslərə dəstəyinin artması labüd olacaq. Çünki Azərbaycanda demokratiya daxili məsələ deyil, qlobal problemə çevrilməkdədir. Əgər Azərbaycan hakimiyyəti Lukaşenkonun yolunu gedirsə, demokratik hərəkatın dəstəklənməsi istiqamətində addımların şahidi olacağıq. Çünki bu seçkiyə qədər hakimiyyətlə demokratiya istiqamətində işləmək meyli var idi. Ümid var idi ki, hakimiyyətlə işbirliyinin davam etməsi demokratiyaya yol açacaq. Amma seçkidən sonra məlum oldu ki, demokratik islahatların önündə məhz bu hakimiyyət dayanır. Bu isə artıq dünya birliyi ilə Azərbaycan xalqı, demokratik qüvvələrin birgə fəaliyyətinə imkan yaradacaq”.

Xəyal