Dövlət büdcəsindən Ictimai televiziyaya ayrılan vəsait artırılacaq. Gec oldu belə. Oktyabrın 10-dan artırılmalıydı. Prezident seçkilərinin səhəri günündən. Seçkiöncəsi səbrini basıb bir balaca hakimiyyətin tərif dozasını azaldan ITV böyük coşquyla təzə-köhnə prezidentə birbaşa xidmətə qayıdıb. Necə yaltaq süjetlər hazırlanır, necə əttökən cümlələr səslənir, necə mahnılar fırladılır.
Hər axşam, efirin ən baxılan saatlarında çalmasız Tünzalənin, Zülfiyyənin, taclı-titullu Ilhamənin adına klip deyilən oxumaları təkrar-təkrar efirə çıxarılır. Bəlkə səbri çatıb o oxumalara baxmayanlar, oxunanlarda deyilənlərin fərqinə varmayanlar var, siyasi incəsənət “nümunələri” ilə tanış ola bilərlər. Poeziyadan, bədiilikdən uzaq bir sürü söz və təkrar not yığını. Ilhamlı, Mehribanlı mahnılar.
Prezident seçkilərinin səhəri günü paytaxtın ən böyük konsert sarayında Ilham Əliyevin sağlığına (şərəfinə) konsert düzənləyən qurumu -, prezidentin dilinin əzbəri ASAN xidmətin sponsorluq etdiyi klipdə Zülfiyyənin oxuduqlarından:
Sən azərbaycanlısan, xalqın övladı
Ismini qazanmısan, millətin ilhamı
El-obana bağlısan, qazanıb zaman
Tanrı qorusun səni, xalqın ilə Azərbaycanı!
Bu sözləri yan-yana düzən kəsin adı Cəlal, soyadı Qurbanovdur. Kim, nəçi olduğunu bilmirəm, amma şair olmadığı kəsindir.
Seçkilərdə canfəşanlıq edən Tünzalədən seçmə:
Mehriban qəlb döyünür sənin məğrur sinəndə
Xalqına məhəbbət var ömrünün hər günündə
Sən elin sevimlisi, könüllərin ilhamı
Sən özün qazandın bu sevgi, ehtiramı.
Ali baş komandan, gözlərin əmri biz
Yolun bizim yolumuz, doğma prezidentimiz.
Bu sözləri Ismayıl Dadaşov yazıb. Buna şeir yox, sifarişlə yazılmış musiqi mətni demək olar.
Xalq artisti Ilhamənin mahnısının (mahnının sözləri ifaçınındır) xərcini isə Rabitə və Informasiya Texnologiyaları nazirliyi çəkib. Pullar bu sözlərə xərclənib:
Xalqımız inanır sadiq oğluna
Hər vaxt lider olmaq yaraşın ona
Xalqımız inanır sadiq oğluna
Lider olmaq yaraşır bizim Ilhama.
Heydərin şah əsəri, xalqın övladı
Zərifə ananın arzu, Leylası
Qoy ilhamla açılsın gələn səhərlər,
Xanım Mehribandır qolu, qanadı.
On gündür konsert proqramlarının sayını artıran, xəbər proqramlarını AzTV-nin “Xəbərlər”inə bənzədən, ordakıları olduğu kimi təkrarlayan Ictimai televiziyanın insanların zöqünü belə səviyyəsiz mahnılarla korlamağa haqqı olmadığı kimi ölkə başçısının və ailə üzvlərinin adını ucuzlaşdırmağa da haqqı yoxdur. Bu sayaq mahnılarla Əliyevlər ailəsi xalqın sevgisini yox, istehzasını qazanır. Azərbaycan hakimiyyəti Orta Asiya respublikalarının rəhbərlərindən yox, Rusiya, Türkiyə, Amerika prezidentlərindən örnək götürə bilməzmi? Putinli Rusiya, Ərdoğanlı Türkiyə, Obamalı Amerika – kimsə bu adda mahnı eşitməyib. Eşitməz də. Odur ki, belə ucuz təbliğata “DUR!” deməyin zamanıdır.
Əziz oxucu, AzTV-yə, ITV-yə, Mədəniyyət kanalına, Idman Azərbaycana büdcə pulları kütləyə hesablanmış belə ucuz təbliğat apardığına görə ayrılır.
Məncə, bu hökumət ITV-nin pulunu tələsik artırdığına görə iki sonrakı seçkilərdə Zahid Orucu Milli Məclisə sədr təyin etməlidir. Zahid Orucun yeri boşalacaq, ha, o yerdə kimsənin gözü qalmasın Hafiz Hacıyev varkən.
Sənubər


