And içirəm ki…

And içirəm ki, hər şey əvvəlki kimi olacaq. Yeni qızıl yataqları tapılsa, yenə onu ən etibar elədiyim adamların adına keçirəcəm. Neft pullarını daha etibarlı və gizli şəkildə ölkədən çıxaracam. Kəndli, fəhlə, biznesmen demədən hamıya eyni gözlə baxacam. Sərvətlərinizi talayıb qazandığım pulları öz yaxınlarıma xərcləyəcəm. Bu dəfə villaları elə yerdə alacam ki, hansısa ağzıgöyçək deməsin ki, mən orda villa alanın zövqünə, biznes düşüncəsinə etibar etmirəm. Pulları daha qazanclı yerlərə qoyacam və daha da varlanacam. Bu sizin gözünüzün qarşısında görməli olduğum, sizə göz dağı verməli olduğum ən başlıca işlərdəndir. And içirəm ki, siz bunların hamısını görəcəksiz…
And içirəm ki, yenə də orduda əsgərlərimiz bir-birini qıracaq. Düşmənə cavab atəşi açan özbaşınalıq edən əsgərlər, zabitlər cəzalarını alacaqlar. And içirəm ki, iyirmi ildə olduğu kimi bundan sonra da bir qarış torpaq almaq fikrinə düşməyəcəm (andın bu hissəsi tərcümə edilərək yayılsın; Müvafiq icra hakimiyyəti XIN). And içirəm ki, öz marağım olmadan heç kimə milli qəhrəman ünvanı verməyəcəm. Əsgərlərin yeməklərini yenə nazirlik oğurlayıb zabitlərin üstünə yıxıb, onları əsgərlərlə düşmən edəcək. And içirəm ki, heç kim buna qədər olduğu kimi (AXC-Müsavat hakimiyyətindəki özbaşınalıqlar istisna edilir) bundan sonra da bizim icazəmiz olmadan vətəni sevməyə girişməyəcək. Bizim əsgərlərimizin bir düşməni olacaq, o da zabitlərimiz, zabitlərimizin bir hədəfi olacaq, o da əsgərlərimiz.
And içirəm ki, bundan sonra da məhkəmələr heç kimin işinə ədalətlə baxmayacaq. Nəinki nazirlər, hətta “JEK” mühəndisləri də jurnalistləri tutdura, döydürə öldürtdürə biləcəklər. Bundan sonra da buna qədər olduğu kimi insanlar əllərini yerdən üzüb göyə dikəcəklər. Bizim hakimiyyətimiz zamanı Allahdan başqa ümid yeri olmayacaq. Biz yenə haqsıza divan qurmaq əvəzinə haqlıya divan tutacağıq. Kəndli analar toyuq satıb, şərlənərək türməyə düşən övladlarına yemək daşıyacaqlar. Biz heç bir günahkarı cəzalandırmayacağıq. Xalqı söyənlər vəzifədə, müdafiə edənlər yenə də türmələrdə olacaq. Yenə selin-suyun altında qalan insanların payına göz dikiləcək. Yenə Zaqatalada zəlzələ qurbanlarından tikilməmiş evə görə təşəkkür nitqləri söyləməsi tələb olunacaq. O evlərin pulu isə and içdiyim kimi yeyiləcək.
And içirəm ki, yenə Ziya Məmmədovun qoçuları rayondan öz bağının almasını gətirib satan maşınları saxlayıb soyacaqlar, arvadlarının yanında ərlərini təhqir edib döyəcəklər.
And içirəm ki, təzə nazir rüşvətin daha mükəmməl formalarını tapacaq və siz köhnə nazirə rəhmət oxuyacaqsız, təhsilimiz iməkləmək prosesini sürünmə ilə əvəzləyəcək.
And içirəm ki, bizim yenə də analoqumuz olmayacaq. Biz yenə öz gözümüzdə tiri görməyib Qərbin LCD ekranlarında çöp axtaracağıq.
And içirəm ki, nə qədər ki mən varam, həmişə belə olacaq.
And içirəm ki, bizdə hər zaman rüşvətin adı hörmət olacaq və siz də mənə hər zaman hörmətlə yanaşacaqsız.
And içirəm: Yediyinizi, içdiyinizi burnunuzdan gətirəcəm, amma özüm necə lazımdır yeyib-içəcəm.
And içirəm ki, belə seçkidən sonra and içmək, “Kabab üstdən sərin su” içmək kimi bir şeydir…