Konstitusiya Məhkəməsi də MSK-nın yolunu gedərək oktyabrın 9-da keçirilən seçkilərin nəticələrini tələsik təsdiqlədi. Konstitusiya Məhkəməsinin qərarı qəbul olunub-olunmaz İlham Əliyevin inauqurasiya mərasimi keçirilib. Maraqlıdır ki, bu rəsmi tədbirlər barəsində çox az adamın xəbəri olub. Andiçmə mərasimində nüfuzlu ölkələrin təmsilçiləri də iştirak etməyib. İlham Əliyevin andiçmə mərasiminə ABŞ, Fransa, Böyük Britaniya və Türkiyənin Azərbaycandakı səfirləri dəvət olunmayıblar.
Bu haqda “Azadlıq” radiosuna həmin ölkələrin Bakıdakı səfirlikləri bildiriblər. ABŞ səfirliyinin mətbuat xidmətindən məlumat veriblər ki, ABŞ-ın ölkəmizdəki səfiri rəsmən inauqurasiya mərasiminə dəvət olunmayıb: «Səfir Morninqstar dəvət olunmayıb. Anladığımız qədər başqa diplomatik korpus nümayəndələri də dəvət olunmayıblar. Belə başa düşürük ki, inauqurasiya dəvətləri ilə bağlı rəsmi protokol qaydaları ölkədən ölkəyə fərqli ola bilər». Fransa və Böyük Britaniyanın ölkəmizdəki səfirlikləri də inauqurasiya mərasiminə dəvət almadıqlarını açıqlayıblar.
«Konstitusiya Məhkəməsinin qərarından dərhal sonra inauqurasiya mərasiminin keçirilməsi qanun pozuntudur»
Hakimiyyətin belə tələsik formada andiçmə keçirməsi ciddi qanun pozuntuları hesabına baş verib.
![]()
Milli Şuranın namizədi Cəmil Həsənlinin MSK-dakı nümayəndəsi Gülağa Aslanlı bildirdi ki, Konstitusiya Məhəkəməsi seçkilərin nəticələrinə belə bir tez müddətdə baxa bilməzdi. Konstitusiya Məhəkəməsinin MSK-nın qərarından namizədlərin şikayət verməsi üçün onlara hüquq tanımalı olduğunu deyən G.Aslanlı vurğuladı ki, bundan sonra MSK-nın qərarından verilən şikayətlər məhkəmələr tərəfindən qəbul edilməyəcək. Səbəb kimi isə Konstitusiya Məhkəməsinin artıq qərar qəbul etdiyi göstəriləcək: «Beləliklə Konstitusiya Məhkəməsi seçkinin nəticələri ilə bağlı məhkəmələrə veriləcək şikayətlərin qarşısını aldı. Bundan başqa Konstitusiya Məhkəməsinin seçkilərin nəticələri ilə bağlı keçiriləcək iclası barədə nə Milli Şuranın namizədi Cəmil Həsənliyə, nə də onun səlahiyyətli nümayəndələrinə məlumat verilməmişdi. Cəmil Həsənli Konstitusiya Məhkəməsinin iclasında söz demək hüququna malik idi. Çünki Milli Şura baş verənlərdə tərəfdir. Cəmil Həsənli uzun müzakirələrdən sonra Konstitusiya Məhkəməsinin iclasına buraxılsa da, ona fikirlərini bildirməyə imkan verilmədi. Digər tərəfdən Konstitusiya Məhkəməsi qərar çıxaran kimi, mətbuata, ölkəmizdəki səfirliklərə heç bir məlumat verilmədən inauqurasiya mərasiminin keçirilməsi daha bir qanun pozuntudur».
«İnauqurasiya mərasiminin tələsik keçirilməsi İlham Əliyevin özünə və elan etdiyi qələbəyə ianmsızlığının ifadəsidir»

Bəs hakimiyyətin belə bir tələsik qərar qəbul etməsi, Konstitusiya Məhkəməsinin qərarından dərhal sonra andiçmə mərasimi təşkil etməsi nəyin görsənişi idi? AXCP sədri Əli Kərimli hesab edir ki, inauqurasiya mərasiminin tələsik, az qala yarı xəlvəti şəraitdə keçirilməsi İlham Əliyevin özünə və elan etdiyi qələbəyə ianmsızlığının ifadəsidir: «Demək həm Azərbaycan xalqından mandat almadıqlarının, həm də beynəlxalq aləmdən təqdir görmədiklərinin fərqindədirlər. Bilirdilər ki, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri onsuz da bu inauqurasiya mərasimində iştirak etməyəcək. Əksinə get-gedə Azərbaycan hakimiyyətinə tənqidlər sərtləşir, seçkilərə münasibət daha da birmənalılaşır. Bu gün Qərbdə nələrinsə müqabilində saxta seçkilərə haqq qazandırmış deputatların özləri mühakimə olunur. Onların niyə belə açıqlmalar verdiyi müzakirə mövzusudur. Bu üzdən hakimiyyət beynəlxalq aləmdən, xalqdan dəstək almadığını görüb, tələsik şəkildə belə bir inauqurasiya mərasimi ilə mövzunu bitirmək istəyirlər».
Hakimiyyətin bütün səylərinə baxmayaraq seçki saxtakarlığına qarşı mübarizənin bundan sonra daha da prinsipial formada aparılacağını deyən Ə.Kərimli bildirdi ki, hakimiyyət son mərhələdə yenə ciddi hüquqi səhvlərə yol verib. Ə.Kərimli vurğuladı ki, seçkinin əvvəlindən necə qeyri-qanuni yolu tutmuşdularsa, son mərhələdə – nəticələr elan olunanda da yenə də bütün qaydaları pozdular: «Cəmil Həsənlinin şikayətlərinə Ali Məhkəmədə hüquqi-prosesual qaydalara uyğun olaraq baxmadan, Milli Şuranın namizədinin Konstitusiya Məhkəməsində çıxışına imkan yaratmadan seçkilərin nəticələrini tanıdılar. Həm Azərbaycan xalqı, həm də dünya birliyi prezident seçkilərində baş vermiş saxtakarlıqlarla barışmıyacaq. Saxtakarlıq mövzusuna dönə-dönə qayıdılacaq. Milli Şuranın oktyabrın 27-də elan etdiyi mitinqində də bu məsələyə etirazçı insanların münasibəti bildiriləcək».
«Hakimiyyət təcili inauqurasiya keçirməklə beynəlxalq birliyi fakt qarşısında qoymaq istəyir»

Müsavat başqanı İsa Qəmbərin qənaətincə, hakimiyyətin bu tələskənliyi iqtidarın ciddi narahatçılığından xəbər verir. İ.Qəmbər vurğuladı ki, hakimiyyət o qədər tələsdi ki, hətta qanunları da növbəti dəfə kobud şəkildə pozdu: «Zaman ayrılmalıydı ki, seçkinin saxta nəticələrinə etiraz edənlər üçün məhkəmə prosedurlarına imkan olsun. Bu zaman müddətləri hakimiyyət tərəfindən süni sürətdə məhdudlaşdırıldı və qanunlar pozuldu. Görünən odur ki, hakimiyyət seçkilərin istər xalq, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən saxta qiymətləndirilməsindən narahatdırlar. Hakimiyyət inauqurasiyanı keçirməklə bu mövzunu təcili qapatmaq və beynəlxalq birliyi fakt qarşısında qoymaq istəyir. Eyni zamanda yəqin ki, hakimiyyət ondan narahtdır ki, Əliyev rejimi dönəmində hər zaman olduğu kimi böyük təmtəraqlı inauqurasiya mərasimi təşkil etsələr, orada xaricdən gələn qoanqların sayı az ola bilər. Düşünürəm ki, bunun da təsiri oldu ki, hakimiyyət tələsik və yığcam bir andiçmə mərasimi təşkil etdi».
Hakimiyyətin tələskən mövqeyinin heç nəyi dəyişmədiyini deyən İ.Qəmbər bildirdi ki, seçkilər saxtalaşdırılıb və hakimiyyət qeyri-legitimdir. «ATƏT-in ilkin hesabatı, digər beynəlxalq təşkilatlar və dövlətlərin bu seçkilərə münasibəti artıq faktdır və bu faktı heç kim dəyişə bilməz», deyə İ.Qəmbər vurğuladı.
«Tələsik inauqurasiya mərasimi seçki zamanı baş vermiş böyük saxtakarlığın etirafı kimi qəbul olunmalıdır»
«El» Hərəkatının rəhbəri Eldar Namazov isə bildirdi ki, inauqurasiya mərasiminin təşkili prezident seçkiləri kampaniyasının təşkilindən heç nə ilə fərqlənmədi və ümumi prosesin məntiqi davamı oldu: «Necə bu seçkiləri qeyri-şəffaf, qeyri-ədalətli keçirdilər, elə inauqurasiya mərasimini də o şəritdə keçirdilər. Yerli və dünya ictimaiyyətinin prosesdən kənarda qalması şəraitində keçirilən inauqurasiya mərasimi faktiki olaraq seçki zamanı baş vermiş böyük saxtakarlığın etirafı kimi qəbul etmək olar».
Xəyal


