Sumqayıtda dəhşətli yanğın FOTO

“Karvan” ticarət mərkəzi külə döndü

23.30

Hadisə yerindən  verilən məlumata görə, «Karvan»dakı yanğın söndürülüb. 

22.50

Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı “Karvan” ticarət mərkəzində yanğın baş verməsi barədə ilkin məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və nazirliyin digər xilasetmə qüvvələri cəlb edilib. 

Hazırda yanğının söndürülməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir.

22:32

Sumqayıtda “Karvan” Ticarət Mərkəzində baş verən yanğında xəsarət alaraq və zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən şəxslərin sayı məlum olub.

Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, ticarət mərkəzində baş verən yanğında kəsilmiş xəsarət alan 4 nəfər onlara müraciət edib. Onlar Tural Əmrahov, Xaliq Məmmədov, Rövşən Dəmirov və Vəfa İsmayılovadır.

Yanğın zamanı həmçinin daha 12 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Həmin şəxslərə ilkin yardım göstərilib və evə buraxılıblar.

Xəstəxanadan həmçinin bildirilib ki, hadisə zamanı ölən və ağır xəsarət alan olmayıb.

22.00

APA-nın məlumatlna görə, FHN-in xilasediciləri yanğın baş verən “Karvan” ticarət mərkəzindəki dükanlarına girən 5 nəfəri xilas edib. Onlara tüstüdən zəhərlənmə diaqnozu qoyulub. Zərərçəkmiş şəxslər hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım həkimlərinə təhvil veriliblər.  

 

Məlumata görə, üç mərtəbəli ticarət mərkəzində 1000-ə yaxın dükan var. Hadisə yerinə gəən bu dükanların sahibləri və onların yaxınları mallarını dükanlardan çıxarmağa səy göstərirlər. Bu səbəbdən hadisə yerində sıxlıq yaranıb. Ərazidə sıxlıq olması səbəbindən yanğınsöndürənlər ticarət mərkəzinə yaxınlaşmasında müəyyən problemlər olub. Lakin buna baxmayaraq yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər görülür. 

21.24

Xeberle.com saytının məlumatına görə, yanğının miqyası getdikcə genişlənir. Əlavı yanğınsöndürənlər cəlb olunsa da yanğını söndürmək mümkün olmayıb. Əraziyə yanğınsöndürən helikopterlərin cəlb ediləcəyi gözlənilir.

19.40

APA-nın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub.  Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. 

Saat 19.58-də “Karvan” ticarət mərkəzində güclü yanğın başlayıb. Yanğın mərkəzin 2- ci mərtəbəsində olub. Hazırda əraziyə 1o-dan artıq yanğınsöndürən cəlb edilsə də, maşınlar əraziyə daxil ola bilmir. Maşının əraziyə daxil olmamasının səbəbi ərazinin geniş olmamasıdir. Mərkəzdə ticarətlə məşğul olan sahibkarlar mallarını çıxartmağa çalışırlar. İnsanlar təşviş içərisindədir onlar arasında qarşıdurma yaranıb.