Kamyu dünyada bütün pisliklərin səbəbkarı kimi cəhaləti göstərirdi. Əlbəttə, haqlıdır.
Heç mən də inkar etmir, hətta özüm də elə bu köşədən dönə-dönə yazıram ki, bu gün Azərbaycandakı bu pis rejimin əsas dayaqlarından, təkanverici və hərəkətverici qüvvələrindən biri, bəlkə də birincisi cəhalətdir. Yaptokratiyanın ölkəni kütləvi savadsızlığa sürükləməsinin, təhsili yox etməsinin, elmi xor görməsinin, bilgini dəyərsizləşdirməsininin səbəbi də şübhəsiz ki, elə budur.
Lap Vüktor Hüqonun dediyi kimi, “cəhalət – alaqaranlıqdır, orada pislik axtarılır”. Hansı ki, indi bizdə bununla məhz yaptokratlar məşğul olurlar.
Yanlış bir təsəvvürə dair
Amma, ancaq, lakin mən bu yanlış, pis idarəetmə sisteminin, təfəkkürünün yıxılıb yerində çağdaş, demokratik bir idarəetmə modeli bərqərar olmasının yolunun yalnız bilgili, təhsilli bir cəmiyyət formalaşdırmaqdan keçdiyinə də inanmıram. Hətta bunu kökündən yanlış bir tezis kimi qəbul edirəm.
Əlbəttə, bizim istibdadla mübarizəmizi kitabsız, bilgisiz təsəvvür etmək mümkünsüzdür. Kitabsız mübarizənin uğuruna da inanmıram. Amma iddia etmək ki, yalnız ölkədə cəhalətin kütləvi ləğvi, savadsızlığın total məhvi nəticəsində Azərbaycanı aparılan uçurumdan xilas etmək mümkündür, bununla razılaşmaq üçün hədsiz sadəlövh olmaq lazımdır.
Tam əksinə, biz Azərbaycanda modern, mədəni, bilgili cəmiyyəti də yalnız ölkəyə istədiyimiz idarəetmə modelini gətirdikdən sonra qura bilərik. Bu gün bizim mübarizəmizə həm də elmi, bilgini, təhsili Azərbaycanda ən qutsal dəyərə çevirəcək bir ortam yaratmaq daxildir.
Çünki əvvəlcə elmi, təhsili toplumda ali dəyərə çevirəcək imkanlar, resurslar əldə edilməlidir, məktəb korrupsiya və şəxsiyyətə pərəstiş obyekti olmaqdan çıxarılmalı, telekanallar bayağılıq, zövqsüzlük saçan verilişlərdən təmizlənərək fikir toqquşmalarının, düşüncə davalarının, intellektual çəkişmələrin meydanına çevrilməlidir ki, nəticəyə də ümid etmək mümkün olsun. Insanların ağlı, zəkası ilə də yüksələ bildiyi bir Azərbaycan qurmalıyıq ki, toplumun şüurunda elmə, bilgiyə sonuncu dərəcəli münasibət dəyişsin.
Əgər adamlar görürsə ki, heç bir fikir, bilgi sahibi olmadan, yalnız yalan və yaltaqlıqla hər cür imtiyazlar qazanmaq, istənilən mərtəbəyə ucalmaq mümkündür, onda siz istədiyiniz qədər çırpınıb durun, bu cür ortamda təhsili, elmi insanların gündəmində ilk yerə oturda bilməzsiniz. Əksinə, onlar üçün ironiya və kinayə obyektinə çevrilərsiniz.
Biz bu mühiti dəyişməliyik, bu təsəvvürü, bu qənaəti dəyişməliyik və onun yolu da Azərbaycanı çağdışı, ədalətsiz idarəetməni dəyişməkdən keçir.
Novruzəli – günahkar, yoxsa qurban?
Bu gün Əliyevçi rejimi müdafiə edənlər arasında kifayət qədər mütaliəsi olan adamlar azdırmı? Xaricdə təhsil alanlar azdırmı? Bəs onlar niyə Azərbaycanın çağın gerisinə atılmasına, orta çağ qaranlığına gömülməsinə dəstək verir, bu iyrənc gedişatda rol almağı qəbul edirlər?
Bu suallarda çox aydın bir həqiqət gizlənib: hələ yazıb-oxuya bilmək, hələ hansısa biliklərə sahib olmaq cahil olmamaq anlamına gəlmir. Cahillik ilk növbədə həqiqətsizlikdir. Əgər sənin elmin, biliyin həqiqətə, onun qələbəsinə xidmət etmirsə, bunun bir anlamı qalırmı?
Molyeri xatırlayaq. O deyirdi ki, “bilikli bir axmaq cahil bir axmaqdan daha çox axmaqdır”.
Novruzəli cahil idi və bu cahilliyi ucbatından axmaq vəziyyətə düşdü. Ən böyük zərbəni də özünə vurdu. Öz adı bədnam oldu.
Bəs oxuduqları kitablarla, qazandıqları təhsillə, əldə etdikləri pis-yaxşı biliklərlə Şərin güclənməsinə, yalanın çiçəklənməsinə, tənəzzülün dərinləşməsinə səbəb olanlara nə deyək? Axı onlar bütöv bir xalqın və ölkənin gələcəyinin məhv edilməsində iştirak edirlər. Novruzəlidən daha qorxunc və təhlükəlidirlər.
Onlara niyə dözməliyik və dözürük?!