“Biz Rusiyanın yanına gedərik” – hədələri təzə söhbət deyil. Ilham Əliyev və ümumilikdə Əliyevlər rejimi illərdir Qərblə Rusiya arasında, Qərblə Şərq arasında ustalıqla rəqs edir. Daim Qərbi yemləyirlər, həm də onu qorxudurlar:
– Baxın, bizi sıxsanız Rusiyaya tərəf getməyə məcburuq.
– Yaxşı düşünün, biz olmasaq, islamçılar gələcək Azərbaycanda iş başına.
Indi bir az da üstünə qoyublar bu yalançı haray-həşirin. ATƏT-in seçki rəyi təntidib bunları, ötən illərdə bunların ələkçisinə qılverən rolunda riyakarlıq edən Qərbin yeni mövqeyi onları sarsıdıb. Hətta müdafiə naziri ABŞ səfirini hədələyir, “açaram ha” deyə suyun durulmasının qarşını almaq işinə töhfə verməyə çalışır.
Iş o yerə çatdı ki, müstəqillik günü Avropaya, ABŞ-a açıq hədəyə keçdilər: görürsünüz biz adamları elə öyrədərik ki, onlar Azərbaycanın üzünü Avrasiyaya, Rusiyaya, Çinə çevirməsinə çağırış edərlər.
Öz aləmlərində elə sanırlar ki, kimsə bu fəndləri anlamır. Amma undurlar ki, bir neçə vacib məqamı biz yaxşı bilirik:
– Azərbaycanın üzünü hara çevirsə də, onun müstəqilliyi artıq dəyişməzdir – Əbülfəz Elçibəy hakimiyyətini qurban verərək, bu təminatı birdəfəlik həll edib. Hətta istəyirsiniz bunu pafos sayın, ən zəif oyuncaq hakimiyyəti olduqda belə, ölkəmizin müstəqil bir dövlət kimi qalması davam edəcək.
– Azərbaycanın bütün problemləri onun xalq tərəfindən qurulan hakimiyyətinin olmaması ilə bağlıdır, harasa üz tutması və üzv olması ilə deyil.
– Azərbaycan hazırda üzünü boşluğa tutub və harasa çevrilməsi “bu iqtidar getməlidir” aktuallığını dəyişməyəcək.
Yəni bütün hallarda dövlət müstəqilliyi itən deyil, demokratiya isə onsuz da yoxdur. Gəlin daha aydın baxaq. Hazırda Azərbaycan siyasi məkanca Avropadır, hətta onun məhkəmə yurisdiksiyası altındadır və başqa bir ittifaqa qoşulmaq bu durumu dəyişmir. Üzünü Rusiyaya tutmaq yalnız o deməkdir ki, demokratiya olmayacaq. Həmin talan, həmin yalan olacaq. Demokratiya isə onsuz da yox idi və üzünü Rusiyaya tutmayanda da gəlib çıxmırdı. Onun gətirilməsi vəzifəsi isə yenə də arxa plana keçmir.
Ilham Əliyevin ölkəni Putinin qondarma ittifaqlarına sürüməsi onun Azərbaycana növbəti xəyanətidir, amma Azərbaycandan çox özünü çətinə salacaq. Indiyə qədər hakimiyyətin müttəfiqi olan Qərb Azərbaycan xalqı ilə səmimi müttəfiqlik etməyə məcbur olacaq. Qoy olsun!
Bütün hallarda bizim qarşımızdakı əngəl dəyişmir. Əngəl bu hakimiyyətdir.
Bütün hallarda bizim qarşımızdakı vəzifə dəyişmir. Vəzifə bu hakimiyyəti yola salmaqdır.
Bütün hallarda problemlərin kökü eynidir. Problem Azərbaycan xalqının özünə sahib çıxmasıdır.
Sözün qısası. Azərbaycan dövləti müstəqil olub, olacaq, amma Azərbaycan xalqı hələ də müstəqil olmayıb və olmalıdır. Bu xalq öz dövlətinə sahib çıxmalı, onun taleyi ilə oyun quran bir hakimiyyətdən qurtulmalıdır. Bizim dərdlərimizin mənbəyi də, bizi geopolitik alverə qoyan da onlardır.
Əgər kimsə hesab edirsə ki, Azərbaycanın müstəqilliyi üçün böyük təhlükə yaranıb, bu halda da vəzifələr dəyişmir. Biz hakimiyyətin qarşısında əl qaldırmalı və meymunluq eləməli deyilik ki! Onun qarşısını almalıyıq, başqa sözlə, getməsini təmin etməliyik.
Bizim dəyərlərimiz də, vəzifələrimiz də dəyişmir. Biz Azərbaycanı xalqa inteqrasiya etməliyik.