Sevdiyini ürəkdən arzula, gələcək, nifrət etdiyini ürəkdən rədd et, gedəcək!

Oktyabrın 9-u Ilham Əliyevin yenidən prezident olmaq üçün bütün dünyaya nümayiş etdirdiyi saxtakarlıqlara bir damcı da təəccüblənmədim: prezident olmaq üçün atasının vəfatını gizlədən, ölüm tarixini saxtalaşdıran bir oğuldan başqa nə gözləmək olardı ki? Prezident seçkisinin nəticələrinin səsverməyə 8 saat qalmış elan olunmasına da təəccüblənmədim: keçmiş təhsil naziri Misir Mərdanov may ayında 2013-2014-cü tədris ili üçün məktəblilərə 1 manata satdığı gündəliklərə Ilham Əliyevin şəklini vurub, altında “Azərbaycan Respublikasının Prezidenti” yazmışdı. Amma nə olsun, Mərdanovun yaltaqlığı və yaltaqlıq bazası olan savadsız, rüşvətxor, saxtakar müəllimlər də ona kömək ola bilmədi, 15 illik nazir kreslosu altından zorla qopardıldı, o, göz yaşları içində vəzifədən getdi. Yaxın zamanlarda məşhur yaltaqları Mərdanovdan betər tale gözləyir, onlar hönkürə-hönkürə vəzifədən gedəcəklər, çünki yerlərinə super yaltaqlar, super saxtakarlar gələcək. Super ölkənin hər şeyi super olmalıdır. 

Yeri gəlmişkən, seçki məntəqələrindəki qutulara rəhbərlik edən super saxtakarlar 2-3 dəfə ərə gedən, 5-6 uşaq dünyaya gətirən qadını bakirə kimi ərə vermək qabiliyyətində olarlar, başına fata qoyub qız kimi ərə getmək arzusunda olan arvadlar onların xidmətindən yararlana bilərlər…

Seçkinin “nəticəsi” çoxdan bəlli idi, hətta “böyük qələbə”ni qeyd etmək üçün “qaliblər” özlərinə təzə pal-paltarlar da hazırlanmışdılar: maraqlıdır, oktyabrın 10-u Ilham Əliyevin xanımı ilə Bakı Sərgi Mərkəzinə “Azərbaycan 10 ildə: sosial-iqtisadi inkişaf” sərgisi ilə tanış olmağa getdikləri zaman geyindikləri təzə kostyuma, paltara “mübarəkdir” deyən oldumu? Axı ətrafda bir ins-cins gözə dəymirdi, hətta harda gəldi çalıb-oynayan yaltaq müğənnilər də yox idi.

Yeri gəlmişkən, adını çəkməyə iyrəndiyim bir istedadsız, yaltaq aktirisa on ildir yuxudan duran kimi deyir ki, “bu gün Azərbaycanı Ilham Əliyevdən başqa bir lider idarə edə bilməz”. Vallah, 120 manat təqaüd alan 80-90 yaşlı nənənin üz-gözü, dodaqları həmin aktirisanın milyonlar qoyduğu vücudundan min dəfə təravətli və gözəldir. Dəli şeytan deyir ki, hakimiyyət seçkini silikonlu qadınların ehtiyaclarına görə saxtalaşdırdı. Zarafat deyil, himayə etdikləri bir müğənninin plastik əməliyyatlarına, silikonlarına 2-3 neft quyusu işləyir, amma yenə də bəs etmir…

Doğru prezidentimiz Cəmil Həsənli demişkən, UCA XALQ, SEVGILI MILLƏT! Sənin ki, nə üzündə, nə də kökündə silikon, saxtakarlıq yoxdur, odur ki, ünlü müğənni Sezen Aksunun bir mahnısında deyildiyi kimi “gülümse, hadi gülümse, bulutlar getsin…”, quldurların müvəqqəti narahatlığına görə üzülməyə dəyməz. Əzizlərim, gülümsəyin, bu ölkədən qara buludlar da gedəcək, qara quldurlar da, bunu mənə bağçamda açan bənövşələrimin qoxusu pıçıldayır. Bəlkə də çoxuna payız fəslində bənövşənin çiçək açması təəccüblü görünə bilər, amma bu həqiqətdir, illər öncə suya qoyduğum bənövşə yarpaqları kök atdı, mən onları bağçada əkdim, hər gün öpdüm, oxşadım… Onları o qədər sevdim, çiçək açmaqlarını o qədər arzuladım ki, artıq neçə ildir bütün bağçam bənövşə içindədir, həm də təkcə yazda yox, ilin bütün fəsillərində çiçək açırlar. Və mən hər dəfə o çiçəkləri görəndə, ruhdan düşən dostlarıma, əzizlərimə deyirəm ki, sevdiyini ürəkdən istə, arzula, mütləq gələcək, nifrət etdiyini ürəkdən rədd et, qov, gedəcək, yox olacaq…

P.S.Indi camaat arasında gəzən bu dialoqdan böyük zövq alıram:

– Prezident deyib ki,..

– Hansı prezident, Saxta, yoxsa Doğru?..