Günlər əvvəl bir yazı yazmışdım: “100 il əvvəlki və sonrakı qutu”.
O yazının aşağıdakı bölümü ilə bağlı bir neçə təpki aldım: “100 ildir qutu dərdi ilə uğraşırıq. Əvvəlcə Novruzəlinin poçt qutusu idi dərdimiz, indi də seçki qutusudur. Əslində bu fərqli qutu əhvalatları arasında ilk baxışda gözə görünməyən, amma ciddi bir bağ var.
Indiyədək məktubu poçt qutusuna atıb sonra da başqası gəlib oğurlamasın deyə onun yanında oturub gözləyən Novruzəlinin hərəkətini cahillik kimi yozurduq. Amma cahillik deyilmiş. Hətta bəlkə müdriklmik imiş. Az qala bizi seçki qutusuna bülletenimizi atıb sonra da səsimizi oğurlamasınlar deyə onun yanında oturub gözləməyə məcbur edirlərsə, daha Novruzəlini niyə qınayaq?
O niyə poçt qutusuna atdığı məktubun oğurlanmayacağından əmin olmalı idi?”.
Bir neçə oxucu email ünvanıma göndərdikləri məktubda bəndənizi cəhalətə haqq qazandırmağa çalışmaqda günahlandırır. Əlbəttə, belə deyil.
Bu sətirlərdə nəyi ifadə etmək istədiyim çox açıqdır. Amma oxucular arasında yanlış anlayanlar varsa, nə etməli, demək ki, doğru anlada bilməmişəm.
Yenidən mövzuya dönmək istəməyimin səbəbi də budur.
Bəs professorun səsini niyə oğurladılar?
Novruzəli poçt qutusuna atdığı məktubun sonrakı taleyindən narahat idi. Məktubun oğurlanacağından qorxurdu. Bu, təbii bir cahillik görsənişidir. Amma nə yazıq ki, Novruzəlinin narahatlığının, qorxusunun yeganə səbəbi deyil.
Bir başqa səbəb Novruzəlinin öz taleyidir. O dünyaya gəldi-gələli, yalnız haqsızlıq, oğurluq görüb. Onun uşaqlığı yoxdur – oğurlanıb. Onun xoşbəxtliyi, sevinci, rifahı oğurlanıb. Hamısının yerində isə sadəcə, zülm var, zillət var, yoxsulluq, əzab-əziyyət, məhrumiyyət var.
Beşikdən qəbrədək sahib olmalı olduğu ən gözəl şeylərdən məhrum qalan birinin poçt qutusuna atdığı məktubun sonrakı taleyindən narahat olması qədər təbii nə ola bilər?
Novruzəli cahil olmasaydı da belə, bu narahatlığı yaşayacaqdı, bu qorxunu, əndişəni yaşayacaqdı. Faktmı istəyirsiniz, uzağa getməyək. Az əvvələ – 9 oktyabra qayıdaq.
Əgər Novruzəlinin qorxusunun tək səbəbi cahillik idisə, bəs bir həftə öncə bu ölkədə şöhrətli bir alimin, professorun səslərini seçki qutusundan necə oğurladılar? O seçki qutusuna atılan səslər bir poçt qutusuna atılan məktub qədər toxunulmaz deyildimi, ünvanına çatmalı deyildimi? Əgər bir ölkədə, 21-ci əsrdə bir professorun haqqı seçki qutusunda göz görə-görə qəsb edildisə, o ölkədə həm də 19-cu əsrdə savadsız bir insan poçt qutusu sarıdan narahatlıq keçirməkdə çoxmu haqsız idi?
Bilmək-bilməmək məsələsi
Mənim yazıda anlatmaq istədiyim sadə həqiqət bu idi: əgər sizin ölkədə haqsızlıq hakim gücdürsə…
Gözünüzü açıb yalnız yalan və oğurluq görürsünüzsə…
Doğduğunuz gündən son nəfəsinizədək cibinizdən, ömrünüzdən çırpışdırırlarsa, artıq cahil də olsanız, alim də olsanız, fərq etmir. Enində-sonunda eyni qorxunu yaşamağa, eyni əndişəni bölüşməyə məhkumsunuz – biriniz poçt qutusunun yanında, biriniz seçki qutusunun…
Biriləri illərlə Azərbaycandakı bu ədalətsiz durumun kökünü sanki oğruda heç bir günah yoxmuş kimi, ancaq vətəndaşların öz haqlarını, hüquqlarını bilməməkdə görürdülər. Nəticəsi nə oldu?
Bu gün nə qədər vəkil, hüquq müdafiəçisi ya həbsdədir, ya da vəkillik haqqından məhrum ediliblər. Yaxşı, onlar hüququ, qanunları əzbər bilirlər, bəs niyə bu onlara kömək etmir?
Deməli, məsələ bilməkdə, bilməməkdə deyil.
Məsələ, cahil, ya da savadlı olmaqda deyil.
Məsələ elə bir idarəetməyə sahib olmaqdadır ki, o ölkənizə yüksək ideallar gətirsin, bəşəri dəyərlər gətirsin. Işıq gələn yerə əski parçası tıxamasın. Əksinə, o işıq dəliyini daha da böyütsün. Böyütsün ki, ölkəniz gerçək aydınlığa qovuşsun. Əsl tərəqqinin yolunda hər gün bir az da iri, iti addımlarla yürüsün.
Bunun tam əksi bir idarəetmənin olduğu, həmin idarəetmə sistemini, təfəkkürünü dəyişmədiyiniz yerdə isə cahil Novruzəli olsanız da haqqınızı oğurlayacaqlar, professor Cəmil Həsənli olsanız da.
Necə ki, oğurladılar da.