Hakimiyyətin mitinq qorxusu

Həsən Kərimov: «Mitinqlərin artan xətt üzrə davam etməsi, hakimiyyəti təxribatçı addımlar atmağa vadar edir»

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın növbəti mitinqində təxribat törədiləcəyinin anonsunu verib. Siyavuş Novruzov “Yeni Müsavat” qəzetinə müsahibəsində açıq şəkildə bildirib: 

“Partiya olaraq biz də bir şərt qoymuşuq. Əgər bunlar təhqiramiz ifadələrə, söyüşə, başqa-başqa hərəkətlərə yol verəcəksə, onda yüz faiz qarşıdurma olacaq. Özü də hüquq mühafizə orqanları yox, YAP-ın gəncləri müdaxilə edəcək. Biz deyirik, ölkənin prezidenti, YAP-ın sədri var. YAP-ın sədrinə qarşı hər hansı bir təhqiramiz ifadə işlətsələr, cavablarını alacaqlar”.

Siyavuş Novruzovun fikirləri açıq şəkildə Milli Şuranı təhdid etmək və qarşıdurmaya şərait yaratmaqdı. Əgər belə bir təxribat baş verərsə, təbii ki, bu qarşıdurmada YAP-ın gəncləri adından hakimiyyətin qoçu dəstələri iştirak edəcək. Siyavuş Novruzovun açıqlaması həm də onun etirafıdır ki, mitinqdə baş verəcək hər hansı xoşagəlməz hadisə əvvəlcədən hakimiyyətə məlum olub və hakimiyyətin ssenarisi əsasında reallaşıb.

Siyavuş Novruzovun fikirlərinə münasibət bildirən Milli Şuranın üzvü, AXCP Ali Məclisinin sədri Həsən Kərimov hesab edir ki, hakimiyyət mitinqlərin artan xətt üzrə davam etməsindən və insanların öz etirazını kütləvi şəkildə bildirməsindən narahatlıq keçirir: “Milli Şuraya daxil olan partiyaların kifayət qədər mitinq təcrübəsi var və təxribatın, qarşıdurmanın hansı mənbədən qaynaqlandığını gözəl bilirik. Hakimiyyət mülki geyimli polis nəfərlərini, idmançıları öz qanunsuz əməllərinə ortaq edir və onların vasitəsilə müəyyən təxribatlar yaradırlar. Ötən mitinqdə də bu cür təxribatlar müşahidə olundu, polisin vətəndaşlarla kobud davranışı dünyanın hər yerində izlənildi. Bizim mitinqlərimiz dinc şəkildə, mədəni formada davam edir. Biz heç kimi təhqir etmirik, sadəcə hakimiyyətin və ölkə başçısının yanlış siyasətini tənqid edirik, buna etirazımızı bildiririk. Siyavuş Novruzovun açıqlaması bəzi gizli mətləblərdən xəbər verir və görünür ki, bunun arxasında çirkli niyyətlər gizlənir. Milli Şuranın mitinqində onminlərlə insan, partiya funksionerləri, gənclər iştirak edir və istənilən təxribatın qarşısın almağa da qadirik. Biz DIN-ə, prokurorluq orqanlarına rəsmi müraciətlər ünvanlayacağıq və hakimiyyətin təxribatçı addımlar atacağı ilə bağlı xəbərdarlığımızı bildirəcəyik”.

Ilham Hüseyn