“Həbsimə İlham Əliyev sifariş verib” VİDEO

Türkel Kərimli: “ O düşünürdü ki, bu cür təzyiqlərlə atamı yolundan çəkindirəcək. Amma yanılıb”

AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli oktyabrın 18-ə keçən gecə, saat 2 radələrində 25 günlük həbs cəzasından sonra azad edilib. Saxlanıldığı təcridxananın önündə onu 30-dək dostları və AXCP fəalları qarşılayıb.
Türkel Kərimli deyib ki, həbsinin səbəbi siyasidir və atasını çəkindirmək üçün təzyiq məqsədi daşıyır: “Həbsim siyasi sifariş idi. Özüm siyasi fəaliyyətimə görə tanınmıram. Siyasi ambisiyam da yoxdur. Amma təbii ki, vətəndaş mövqeyim var. Mən də istəyirəm ki, ölkəmizdə hüquqi dövlət, demokratik cəmiyyət qurulsun. Hamının hüquq və azadlıqları bərabər qorunsun. Düşünürəm ki, daha çox atamın siyasi fəaliyyətinə görə həbs olunmuşam. Siyasi sifariş də birbaşa Ilham Əliyev tərəfindən verilib. O düşünürdü ki, bu cür təzyiqlərlə atamı yolundan çəkindirəcək. Amma yanılıb. Mümkün deyil, heç bir repressiya atamı yolundan çəkindirə bilməz. Çünki onun tutduğu yol haqq yoludur. Ona görə də atamla fəxr edirəm”.
Türkel Kərimli onu da qeyd edib ki, 25 günlük həbs ona yalnız dərslərində müəyyən qədər geri qalmaq baxımından təsir edib.
Xatırladaq ki, Türkel Kərimli Milli Şuranın 22 sentyabr mitinqindən sonra 2 dostu ilə birlikdə tutulmuş və guya, namizədlərdən birinin plakatını cırmaqda ittiham olunmuşdu.