Ramiz Mehdiyev başda olmaqla iqtidar rəsmilərinin dünyanın ən qüdrətli dövlətinə qarşı hücumları davam edir. Məsələ belədir, guya ABŞ rəsmiləri seçkiqabağı (kimlər və tarix göstərilmir – X.Ə.) Azərbaycan iqtidarından, daha doğrusu, Prezident Adminstrasiyasının müdiri, akademik Ramiz Mehdiyevdən bir ricada bulunublar. Deyiblər ki, hörmətli Ramiz müəllim, Ilham Əliyevin qələbəsini biz yalnız bir şərtlə tanıya bilərik ki, siz müxalifətin namizədi Cəmil Həsənliyə ən azı 20-25% səs yazasınız. Akademik isə qayıdıb deyir ki, biz seçkiləri saxtalaşdıra bilmərik, vicdanımız buna yol verməz. Söhbət olur – bitir və Ramiz müəllim bu faktı ictimailəşdirməklə ölkədə seçkiqabağı qanqaraçılıq yaratmaq istəmir. Və akademik bu rüsvayçı təklif haqqında heç danışmayacaqdı, əgər ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilən seçkilərə o məlum münasibətini ortaya qoymasaydı. Akademik dözmədi və bir aydır içində saxladığı həqiqəti(!) söyləməyə məcbur oldu…
Əslində Azərbaycan iqtidarının zehniyyəti ilə baxsaq, ABŞ prezidenti Barak Obama başda olmaqla, qüdrətli Qərb dövlətlərinin prezidentləri sözün əsl mənasında “altruist”dirlər, onlara pul, var-dövlət lazım deyil. Bir azərbaycanlı məmura desən ki, Obama ildə cəmi 500 min dollar qazanır, onların ən savadlısı belə onu axmaq adlandıracaq.
Mən 100% faiz əminəm ki, Ramiz Mehdiyevin bəyanatı elə-belə sıradan bir bəyanat deyil, düşünülmüş bir siyasi aksiyadır, mənim fikrimcə, məqsəd tamam başqadır. Onlar Amerika Birləşmiş Ştatlarının əsl sahibini axtarırlar. Azərbaycan iqtidarı əmindir ki, Obama ayda 50 min dollar maaşla(paket – X.Ə.) prezident vəzifəsində çalışır.
Fikir verdinizsə, Ramiz Mehdiyevin açıqlaması nə seçkiqabağı, nə ABŞ Dövlət Departamentinin məlum bəyanatının həmən sonrası getdi. Fikrimcə, onlar bu qısa zaman ərzində Barak Obamanın əslində kim olduğunu tam olaraq, öyrənməyə çalışdılar. Sanki Obama da bundan xəbərdar imiş kimi, bir daha sadə həyat tərzi ilə gündəmə gəldi. Belə ki, dörd gün öncə dünya mediası Obamanı Ağ evdən bir az aralı, Pensilvaniya küçəsində yerləşən bir “fast-food”un qarşısında “hot-doq” növbəsinə durarkən yaxaladı. Daha sonra Barak əlində paket, işıqforun yaşıl işığında küçəni keçərək Ağ evə daxil oldu, özü də, demək olar, cangüdənsiz-filansız.
Xatırladıram ki, Vaşinqton bu “hot-doq” olayına qədər Azərbaycandakı prezident seçkilərinə münasibətini bildirmişdi. Ramiz Mehdiyevin məhşur bəyanatı isə, Obamanın “hot-doq” almasından sonra (!) baş verdi. Yəni iqtidar başbilənləri birmənalı şəkildə əmin oldu ki, Obama o güründüyü kimi deyil, əsl prezident naharda “hot-doq” yeməz, bu ölkənin sahibi başqadır. Yəni Obama əslində aysberqin görünən tərəfidir.
Məhz elə bu səbəbdən sərəncamında Barak Obamadan dəfələrlə zəngin olan 70-dən çox icra başçısı olan Ramiz Mehdiyev “məsuliyyəti” öz üzərinə götürdü, loru dildə desək, “Obama mənlikdi” dedi.
Əslində Barak Obamaya cavabı Cəbrayılın icra başçısı Mahmud Quliyev də verə bilərdi. Ərazisi işğal altında olan və əhalisi 200 minə yaxın olan Cəbrayılın icra başçısının sərvətinin yanında Obamanın 500 mini “semiçka” pulu sayıla bilər.
Icra başçısına məxsus təkcə “Şamaxinka”dakı topdansatış ərzaq bazası ilə, Mir Cəlal Paşayev küçəsinin piyada yolu və məktəb stadionunun ərazisi hesabına inşa edilmiş “ELMED” tibb mərkəzindən gələn illik gəlirinin yarısını qazanmaq üçün Obama Amerika konstitusiyasını dəyişdirib üçüncü dəfə prezident seçilməlidir. Biz icra başçısına məxsus 20-yə yaxın iri obyektin yalnız iksinin adını çəkməklə kifayətləndik…
Nəzərə alsaq ki, dünyanın dörd bir yanından ABŞ-da hazırda 45 milyon qaçqın məskunlaşıb, Ramiz Mehdiyevin məntiqinə də haqq vermək lazımdır. Arayış pulu cəhənnəmə, hər qaçqının ərzaq payından çox yox, elə 300 qram “qaçqınkom payı” ilə milyardlar qazanmaq olardı…
ABŞ-ın 50 ştatından hər birinin büdcəsi Azərbaycanın büdcəsindən dəfələrlə böyükdür. Belə bir zəngin dövlətin prezidenti isə öz maddi vəziyyətini düzəltmək üçün öz köhnə “Chrysler 300C” avtomobilini maşın bazarına çıxarır.
Azərbaycana hakim olan zehniyyəti çalışdıran “mexanizm” bunu “anormal hal” kimi qəbul edir…
Barak Obama, nə qədər gec deyil, Bill Geyts başda olmaqla on-on beş multi milyarderi Bakıya göndərməlidir. Onlar da Ramiz Mehdiyevə “bizi Barak göndərib, deyir, üstümü unlu görməsin” deməlidirlər…