Rusiyada Orxan Zenynalov adlı bir həmyerlimizin adı keçən sıradan bir məişət cinayəti hardan hara gəldi, daha dəqiqi, gətirildi. Əlbəttə, ortada qətl varsa, ona “sıradan məişət cinayəti” demək də doğru olmazdı. Həyatda heç nə bir insan ömründən daha dəyərli ola bilməz. Və heç nə bir insan qətlinə haqq, bəraət qazandıra bilməz.
Amma nə yazıq ki, Orxan Zeynalovun təqsirləndirildiyi qətl hadisəsi artıq bəşəriyyətin acı reallıqlarından biridir, hər gün yüzlərlə, minlərlə bu cür qətl yaşanır. Məsələ bunda deyil. Məsələ orasındadır ki, Orxanın təqsirli bilindiyi qətl hadisəsini bu qədər böyütmək, onu proseslərin fərqli istiqamətlərdə axışı üçün “təkanverici güc”ə çevirmək Rusiyanın nəyinə lazım idi? Onun həbs görüntüləri qətlin özündən azmı dəhşətli və utancvericidir? Bu nə rüsvayçılıqdır və 1000 illik bir dövlətçilik tarixinə, dünyanın ən bənzərsiz ədəbiyyatına və mədəniyyətinə sahib ölkənin başbilənləri həmin rüsvayçılığı özlərinə necə rəva gördülər? Hətta həmin görüntüləri zərrəcə utanmadan, xəcalət hissi keçirmədən bütün dünyaya böyük bir qəhrəmanlıq edibmiş kimi necə göstərə bildilər?
Guya Putin rusların özünə qarşı ədalətlidirmi?
Mən Orxanın bu şəkildə həbsinin arxasında Putin rejiminin hansı çirkli siyasi məqsədlər hesabladığını təxmin edə bilirəm, amma indi onlar barədə yazmaq həvəsim yoxdur. Üstəlik, Rusiyadakı bugünkü idarəetmə tərəqqipərvər bəşəriyyət üçün təhlükəlidir, hüquqdan, ədalətdən, bəşəri dəyərlərdən uzaqdır, ona görə də Orxanla bağlı baş verənlərə təəccüblənmirəm. Rusiyada eyni münasibətlə milliyyətindən, irqindən asılı olmayaraq hər kəs üzləşir. Putin rejiminin öz vətəndaşlarına, sadə rusların özlərinə də ədaləti və mərhəməti Orxana qarşı sərgilənənlərdən uzağa getmir. Bunun üçün internet üzərindən kiçik bir axtarış aparıb kifayət qədər videofakt tapa bilərsiniz.
Bəli, idarəetmə pis, çağdışıdırsa, onu təmsil edənlər heç kimin gözünün yaşına, günahına və günahsızlığına baxmadan, hər kəsə qarşı istəidikləri lotuluğu edə bilirlər. Hər cür hüquqsuzluğu və heyvərəliyi özlərinə yaraşdırırlar. Əsas problem budur və təəssüf ki, indi Azərbaycanda da, Rusiyada da çox az adamı bu düşündürür, narahat edir.
Rusiyada nə qədər adam fikirləşir ki, kim olursa olsun, onların dövləti bir insana qarşı bu qədər faşistcə, bu cür qansızca, amansızca rəftar edə bilərmi?
Bəs Azərbaycanda nə qədər adam fikirləşir ki, onların öz ölkələrində polisin, idarəçilərin vətəndaşa münasibəti çoxmu fərqlidir, onların öz ölkələrində vətəndaşa verilən dəyər Rusiyada Orxana sərgilənən rəftartan çoxmu yüksəkdir?
Suallar bizə nə deyir?
Orxan Zeynalov hadisəsi və bunun üzərindən azərbaycanlılara qarşı sərgilənən münasibətlə bağlı özümüzün düşünməli, dərs çıxarmalı olduğumuz məqamlar təkcə bununla sınırlanmır.
Ilham Əliyev rejiminin dediklərinə inansaq, ölkəmiz güllük-gülüstanlığa çevrilmişdir, xalq yağ-bal içində üzür, 10 ildə dünyanın ən sürətlə inkişaf edən ölkəsiyik, ona görə də xaricilər bizə baxıb deyirlər, “bəlkə bir az yavaşlayasınız”. Elə isə nədən yaptokratiyanın bu “analoqsuz inkişaf” siyasəti bir qarın çörək dalınca Rusiya şəhərlərinə səpələnmiş bir azərbaycanlını belə geri qaytarmır? Niyə milyonlarca azərbaycanlı gəlib bu inkişafın meyvələrindən dadmaq əvəzinə, Rusiyada min bir zillət, məhrumiyyət, həqarətlə qarşılaşsalar belə, meyvə, göyərti satmağı daha üstün tuturlar? Hətta son baş verənlərdən sonra da azərbaycanlıların Rusiyadan məcburi deportasiyasından danışılır, ordakı soydaşlarımız həyatları təhlükə altında olsa belə, qalmaq istəyirlər, amma bu “güllük-gülüstanlıq, sabit və inkişaf edən” vətənlərinə dönmək istəmirlər?
Bax bu sualların cavabında həm Əliyevçi rejimin Azərbaycanda həyatı necə cəhənnəmə çevirdiyi, insanları öz ölkələrinə bağlayan telləri necə qırdığı, zəiflətdiyi, heç kimin gələcəklə bağlı arzularını, gözləntilərini öz ölkələri ilə bir arada təsəvvür etmədiyi həqiqəti gizlənib, həm də Rusiyadakı irtica rejiminin soydaşlarımıza qarşı heyvərə davranışlarındakı əminliyin sirri.
Putin hakimiyyəti bilir ki, Əliyevçi rejim sayəsində milyonlarca azərbaycanlını girov saxlaya, onlarla istədiyi kimi davranaraq öz siyasi planlarını, istəklərini gerçəkləşdirmək iqtidarındadır. Putinin əlində bu “silah” varsa, o niyə bundan “atəş” açmamalı, niyə onu “paslandırmalıdır”?
Sonda isə bir arzumu yazım: 9 oktyabrda “Azərbaycandakı sabitlik və inkişaf”a səs verənlərin gözünün içinə baxmağı çox arzulardım. Necədir, “əsərinizdən” məmnunsunuzmu?!