Mehdiyevin 25% iddiasını səfirin ayağına yazdılar; səfirlik dərhal cavab verdi
Azərbaycan hakimiyyəti ABŞ-la qarşıdurmanı dərinləşdirir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ABŞ-ı ittiham etməsindən sonra qurumun siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov eyni ittihamla çıxış edib.
O, bildirib ki, Ramiz Mehdiyevin dilə gətirdiyi “ABŞ bizə təklif edirdi ki, Milli Şuranın namizədinə 25, Ilham Əliyevə isə 74-75 faiz səs yazaq” təklifi konkret olaraq ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstardan gəlib: “Ramiz Mehdiyev tərəfindən ifadə olunan rəqəmlər Amerika tərəfi, xüsusən səfir Morninqstar tərəfindən Azərbaycanın hökumət üzvləri və Prezident Administrasiyasının nümayəndələri ilə keçirilən müxtəlif görüşlərdə səsləndirilib.
Seçki ərəfəsində Azərbaycan tərəfi ilə görüşlərdə ABŞ rəsmi nümayəndələri tərəfindən Azərbaycan prezidenti Ilham Əliyevin yüksək etimad reytinqinə malik olması və alternativsizliyi, eləcə də həyata keçirilən əhatəli sosial-iqtisadi proqramlar nəticəsində dövlət başçısının əhalinin bütün təbəqələri tərəfindən dəstəkləndiyi daim vurğulanıb”.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti Ramiz Mehdiyevin bu fikirlərini saxta adlandırıb. Elnur Aslanovun buna münasibəti belə olub: “Qeyd etmək vacibdir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən ifadə olunan rəqəmlər Amerika tərəfi, xüsusən səfir Morninqstar tərəfindən Azərbaycanın hökumət üzvləri və Prezident Administrasiyasının nümayəndələri ilə keçirilən müxtəlif görüşlərdə səsləndirilib. Qapalı görüşlərdə bir cür, mətbuat üçünsə ayrı cür danışılmasını yolverilməz sayırıq. Dövlət Departamentinin mövqeyi haqda isə sadəcə bir şeyi qeyd etmək olar – onların real əməllərinin və təkziblərinin nəyə yaradığını bütün dünya ”WikiLeaks”in nümunəsində gördü”.
Elnur Aslanovun iddialarına ABŞ səfirliyinin cavabı gecikməyib. “Azadlıq”-ın səfirliyin saytına istinadən verdiyi məlumata görə, ABŞ səfirliyi Dövlət Departamenti sözçüsünun bu iddialarının həqiqət olmadığı barədə bəyanatının üzərində durur. “Biz özəl diplomatik görüşlərin məzmununu müzakirə etməyəcəyik və bu cür görüşlərin məzmununun açılması qəbul edilməzdir”, – deyə saytda bildirilir.