Bu qədər artistlik eləməyək

Orxan Zeynalov adlı şəmkirli balasının elədikləri və ona qarşı edilənlər bütün Rusiyanı, postsovet məkanını, hətta dünya mediasını məşğul etməkdədir. Hadisənin isti-soyuğu təkcə Orxana bağlı deyil, baş verənlər Rusiyadakı milyonlarla soydaşımız üçün həssas bir durum yaradıb. Azərbaycan hakimiyyəti isə vecinə almır, onlar Orxan(lar)ı hərləyən olsaydı, bu insanlar Rusiyanın bazar elementinə çevrilməzdi. Təzədən hər şeyi sadalamağa, şərh etməyə ehtiyac yoxdur: Əliyevlər iqtidarı dövründə vətəndaşlarımız zəngin ölkəmizdə yaşaya bilmədiyi üçün qəribliklərə, daha çox da Rusiyaya üz tutmağa məcbur olublar. Bircə vətəndaşın taleyi də maraq doğurmalıdır, indi burada çox sayda soydaşımızın taleyindən söhbət gedir. Odur ki, hadisəyə diqqətin yüksək olması anlaşılandır.  

Olayla bağlı yanaşmalarda açıq görünən təzadlar da şəxsən məni təəccübləndirmir. Tutaq ki, öz ölkəmizdə baş verənlər barədə ağzını aça bilməyənlərin Rusiyanı faşist dövlət adlandırması, Kremlin başına od-alov ələməsi gözlənilən idi. Danışmağa asan mövzu yaranıb və ürəklərini boşaldırlar. Guya bu adamlar indiyəcən Rusiyanı tanımırlarmış. Rusiyanın avtoritar dövlət olması da sanki təzə çatıb bunlara. 

Rusiyada şübhəli şəxsə qarşı polisin amansız davranışına heyrətini bildirənlərə isə bizim öz ölkəmizdə vəziyyətin bundan yaxşı olmadığını xatırlatmaq istəmirəm. Onlar hər şeyi gözəl bilir. Onu da bilirlər ki, Rusiyada insan haqları heç ruslara münasibətdə də gözlənilmir, o ki qaldı Orxan kimi miqrantlar ola. 

Rusiya geopolitik maraqlar adı ilə təkcə bir çox xalqların bədbəxtliyində iştirak etmir, Rusiya rus xalqının da faciəsidir. Azərbaycan bizim xalqın faciəsi olduğu kimi. Sonuncu fikri qəbul etmək üçün hər kəs özünə sual verməyi bacarmalıdır: soydaşlarımız niyə faşist saydıqları Rusiyaya üz tutur? Təəssüf ki, çoxları hələ də özlərinə bu cür sualları verməkdən çəkinir.  

Bununla belə, urpatriotimzin hakim olduğu, söz azadlığının baha başa gəldiyi bir ölkədə Orxana təəssübkeşlik hisslərinin baş qaldırdığı bir reallıqdır. Durum və şərtlər, emosiya və hisslər bunu yaradır. Insanlar öz ölkəsində polisin nələr etdiyini bilə-bilə, Orxanın həbsi zamanı rus polisinin qabalığından şoka düşdüyünü deyəcək qədər qorxudulub. Insanlar həqiqətləri yarımçıq deməyə öyrəncəlidir.

Amma dünəndən buna yana “Azərbaycan hökuməti vətəndaşına sahib çıxmalıdır” deyən hər kəsə söyləmək istədiyim bir söz var. Daha bu qədər də artistlik eləməyək. Ayıbdır axı!

Bir neçə gün öncə intihar etmiş bir vətəndaşın məktubu yayıldı. Seyidov Kamran Nazim oğlu məktubunda Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində (xalq arasında “bandotdel”) başına gələnləri yazıb. Bəlli olur ki, Kamran Seyidov polis idarəsində işgəncələrə dözməyərək, dostlarının əleyhinə yalan ifadə verməyə məcbur edilib. Lakin bu hərəkətini özünə bağışlamayıb və məhkəməyə şahid kimi çağırıldığı ərəfədə – 25 sentyabr 2013-cü ildə başına gətirilənlərlə bağlı məktub yazaraq intihar edib. Polis bu vətəndaşa nəinki işgəncə verib, hətta onu elə hərəkətə məcbur edib ki, xəcalətindən intihar etməyə məcbur olub. Insan məhv edilib. 

Bu cür hadisələr bir deyil, iki deyil… Mən bir-bir xatırlatsam, deyə bilərsiniz ki, onlardan xəbəriniz olmayıb. Amma Kamranın ölümü təzəcə baş verib və Orxan barədə yazan KIV-lər onun barəsində də yazmışdılar. Indi deyin görək, Kamranı öldürən hökumət Orxana sahib çıxarmı?

Onda nə üçün “Orxana sahib çıx” deyə artistlik edirsiniz? Bəs Kamrana niyə sahib çıxmadınız?