Azərbaycanlı mühacirlər ATƏT PA missiyasının rəhbərinə etirazlarını bildirdilər
Doris Barnett: “Fikirlərim təhrif olunub…; ATƏT-in uzunmüddətli misiyası seçkiyə obyektiv munasibət bildirib”
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Almaniyalı millət vəkili Doris Barnettin yaşadığı Ludviqshafen şəhərində onun üzvü olduğu Sosial Demokrat Partiyasının (SPD) qərərgahı önündə etiraz aksiyası keciriblər. Bu barədə Mainz Azərbaycan cəmiyyətindən məlumat verilib.
Ölkəsindəki son seçkilərdə uduzması səbəbindən deputatlıq statusu yalnız oktyabrın 22-dək qüvvədə olan Doris Barnett Azərbaycanda 9 oktyabr prezident seçkisini ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri kimi izləyib.O, Assambleyanın oktyabrın 13-də Monteneqronun Budva şəhərində keçirilən payız sessiyası çərçivəsində Daimi Komitənin iclasında Azərbaycandakı seçkilər haqda müsbət fikirlər səsləndirib. Xanım Barnett seçkinin yaxşı hazırlandığını və bir çox cəhətlərinə görə Almaniyadakı seçkilərdən fərqlənmədiyini qeyd edib.
Azərbaycanlı mühacirlər də onun bu qiymətləndirməsinə etiraz ediblər.
Barnett etirazçıların qarşısına çıxıb və iradları dinləyib. Etirazçılar ona deyiblər ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri azad və ədalətli sayıla bilməz. Bu seçkinin nəticələri xalqın iradəsini əks etdirmir. Seçkidə öz iradəsi ilə iştirak edən seçicilərin əksəriyyətinin Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə səs verdiyi haqda dəlillər var. Ciddi qanun pozuntuları, saxtakarlıqlar, hakimiyyət strukturlarının zorakı müdaxiləsi nəticəsində seçkilərin nəticələri iqtidar namizədinin xeyrinə əsaslı surətdə dəyişdirilib, xalqın iradəsinə zidd olaraq, hakimiyyətin mənimsənilməsi istiqamətində növbəti addım atılıb, xalqa qarşı ağır cinayət törədilib. Bu prosesdə, “kürü diplomatiyası”na bulaşanlar, həmçinin o da işitrak edib.
Etirazçılar Barnetti “Azərbaycan xalqına və Avropa demokratiyasına hörmətsizlik etdiyi üçün“ üzr istəməyə çağırıblar.
Barnett etirazçılara bildirib ki, fikirləri təhrif olunub: “Mənim fikirlərimi kəsiblər və ortada belə bir mənzərə yaranıb. Axı mən necə deyə bilərəm ki, Azərbaycanda seçkilər Almaniyadakı seçimlərdən fərqlənməyib… Mən seçkiyə texniki hazırlığı müsbət dəyərləndirmisəm. Müşahidəni isə yalnız bir məntəqədə apara bilmişəm. Digər məntəqələrə getmək istəsəm də, imkan verilməyib. Rəsmi səhifəmdə də məlumat verilmişdi ki, mən əsasən Bakının mərkəzindəki məntəqələrdə müşahidə aparacam. Lakin məni Salyandakı 59 saylı məntəqədən kənara çıxmağa qoymadılar. ATƏT-in uzunmüddətli misiyası artıq seçkiyə öz obyektiv munasibətini bildirib. Azərbaycanda fundamental azadlıqların, mətbuat azadlığının olmadığı, siyasi məhbusların mövcudluğu, müxalifətə təzyiqlərin göstərildiyi faktdır“.
“Baş verənlərlə bağlı xüsusi bəyanatla çıxış edəcəksinizmı?” sualına cavabında Barnett bildirib ki, bu aksiyanı nəzərə alaraq, son olaylara internet səhifəsində münasibət bildirəcək.
Tədbirdə müxtəlif şüarlar səsləndərilib, Azərbaycan hakimiyyətinin “kürü diplomatiyasına” uyan Avaropalı siyasəçilərin ifşa olunacaqları və öz hərəkətlərinə görə cavab verəcəkləri bəyan olunub.
Aksiyaçıların əllərində alman dilində yazılmaqla, „Azərbaycandakı prezident seçkilərində saxtakarlığa niyə göz yumdunuz?”, “Dünya korrupsiyaya yox deyir, Siz demokratiyanın
linç edildiyi bir seçimə nədən legitimlik qazandırırsınız?“, „Avropa demoktratiyası bumu? Almaniya siyasəti dünyaya sizin dilinizdənmi xitab edir?“, „Korrupsioner Əliyev hakimiyyətinə qucaq açan siyasətçilərə ar olsun!“, „Demokratiya bütün xalqların haqqıdır“ və s məzmunlu şüarlar olub.