Milli Şura YAP-çı deputatın fikirləri ilə bağlı prokurorluğa müraciət edə bilər
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın növbəti aksiyasında təxribat törədiləcəyinin anonsunu verib. Siyavuş Novruzov “Yeni Müsavat” qəzetinə müsahibəsində açıq şəkildə bildirib:
“Partiya olaraq biz də bir şərt qoymuşuq. Əgər bunlar təhqiramiz ifadələrə, söyüşə, başqa-başqa hərəkətlərə yol verəcəksə, onda yüz faiz qarşıdurma olacaq. Özü də hüquq-mühafizə orqanları yox, YAP-ın gəncləri müdaxilə edəcək…
Biz deyirik, ölkənin prezidenti, YAP-ın sədri var. YAP-ın sədrinə qarşı hər hansı bir təhqiramiz ifadə işlətsələr, cavablarını alacaqlar…”
Siyavuş Novruzovun bu fikirləri açış-aşkar qarşıdurmaya, təxribata çağırışdır. Və güman ki, Milli Şura bununla bağlı müvafiq qurumlara müraciət edəcək. Doğrudur, Siyavuş Novruzov haray-həşir sala bilər ki, o deputatdır və istədiyi fikri səsləndirə bilər. Amma istənilən halda hüquq-mühafizə orqanları bununla bağlı tədbir görməlidir. Çünki hər hansı aksiyada hansı qanunsuz hərəkətə yol verilirsə bununla bağlı hüquq-mühafizə orqanları məşğul olur. Siyavuş Novruzov isə açıq şəkildə “YAP-ın gəncləri” adı ilə qoçu dəstələrindən danışır. Yeri gəlmişkən, oxşar açıqlama hansısa başqa şəxs tərəfindən verilsəydi, yəqin ki, həmin adam artıq həbs edilmişdi.
Beləliklə, əgər Milli Şuranın növbəti aksiyasında hər hansı təxribat baş verəcəksə, bunun məsuliyyətini hakimiyyət daşıyacaq. Çünki Siyavuş Novruzov YAP-ın təxribat edəcəyinin anonsunu verib.