Qorxunun həqiqi ünvanı

Dünən Ilham Əliyevin imzaladığı əfv sərəncamının mürəkkəbi qurumamış ikisi bitərəf 4 gənc fəalın həbs xəbəri gəldi. 

Doğrudur, əfv sərəncamında bir müxalifətçi ad belə yoxdur. Halbuki, seçki öncəsi bir neçə vicdan məhbusuna Ilham Əliyevə dəstək bəyanatı yazdırmışdılar.

Görünür, həmin dəstək bəyanatlarının məhz əfv qarşılığında yazıldığı təəssüratını daha da gücləndirməmək üçün incə bir manevrdir bu. Yeni ilə qədər səbr etmək lazımdır.

Qayıdaq dünənki həbslərə. Bu həbslər rejimin əsl qorxusunun ünvanını bir daha göstərdi. Bu ünvanın adı – gənclikdir. Sistem həddən artıq qocalıb, əldən-ayaqdan düşüb, bel bükülür, çənə əsir. Bir sözlə, zaman əleyhlərinə işləyir, hər ötən gün isə mütləq sona doğru daha bir addım deməkdir. Qarşıda isə öz tükənməz enerjisi, odlu nəfəsi, çevikliyi ilə mütərəqqi, vicdanlı, bu ölkənin aydınlıq üzü, azadlıq ümidi olan gənclər dayanıb. Üstəlik, zaman da onların tərəfindədir.

Rejimi məhz bu qıcıqlandırır, məhz bu qəzəbləndirir. Həmin qıcıq, həmin qəzəb hər nə qədər sifarişli məhkəmə hökmlərinə çevrilsə də, qorxutmur artıq. Effekt vermir. Tam əksinə, bir qanunsuz həbs onlarla yeni gəncin prosesə cəlb edilməsinə gətirib çıxarır. Necə deyərlər, “müqəddəs yer boş qalmır”.

Rəqəmlər düzmü deyir?

Biz bu sətirləri yazarkən Azərbaycanda demoqrafik vəziyyətlə bağlı yeni rəqəmlər açıqlandı.

Həmin rəqəmlərə inansaq, Azərbaycanda qocalar (65 yaş və yuxarı) əhalinin cəmi 5,8 faizini təşkil edir.

Inanaqmı? Problem yoxdur, inanaq – ancaq bir şərtlə: bu faiz yalnız yaş meyarına görə müəyyənləşibsə.

Amma meyar kimi yalnız yaşı deyil, həm də başı götürsək, həmin göstəricinin Azərbaycanda qat-qat yüksək olduğu gün kimi aydındır.

Bu ölkədə qəlbən, ruhən qocalanlar yaşca qocalanların ən azı, on qatıdır.

Ətrafımız dəyişikliyə bütün varlığıyla nifrət bəsləyən…

Yeniliyi həzm edə bilməyən…

Çağdışı dəyərlərin yanında yer alan…

Bəşəri dəyərlərə sırtını çevirib, milli mental buxovların əsirinə çevrilən…

Keçmişin təntənəsinə inanan…

Gələcəyi belə, yalnız arxaik düşüncənin girovluğunda təsəvvür edən…

Itaətkarlığa, mütiliyə meylli ceyhun osmanlılarla, fuad muradovlarla doludur.

Bir sözlə, yaşca gəncdirlər, bəlkə. Amma başca bunun tam əksidirlər.

O üzdən də Azərbaycanda gənclər-qocalar bölgüsü aparanda diqqətli olmaqda fayda var. Belə bir bölgünün şərti olduğu unudulmamalıdır.

Bu məsələdə real vəziyyətin demoqrafik sarıdan qat-qat fərqli və acınacaqlı olduğu diqqətdən qaçmamalıdır.

Əsl gənc – elə işıq deməkdir

Amma ümidvericidir ki, son illərdə Azərbaycanda yalnız yaşca deyil, başca da, ruhən, qəlbən də gənc olan bir dalğa çıxdı meydana. Qısa vaxtda da meydana hakim kəsildilər.

Olmazın repressiyalar, basqılar, təhdidlər, total mənəvi və fiziki terror altında əzilən Azərbaycan ictimai-siyasi fikrinə yeni rəng qatdılar. Yeni enerji, yeni güc gətirdilər.

Ömründə iki kitab üzü açmamış…

Doğru-düzgün təhsili olmayan…

Ağızlarını açanda orta çağ üfunəti saçan…

Bütün hədəfləri, məqsədləri özlərinə deputat mandatından-zaddan bir şey qamarlamağa hesablanan rejim “gənc”ləri onların zəkası, kreativliyi, coşqusu qarşısında çarəsiz qaldı.

Görəndə ki, təbəssümlərindən düyünlənmiş yumruqlarınadək çox fərqli olan, ümid və inam saçan bu gənclik dalğasını önləmək üçün bütün cəhdlər əbəs, bütün səylər mənasızdır, o zaman çıxış yolunu kütləvi repressiyalarda gördülər.

Ən absurd, qondarma ittihamlarla onların həbsinə start verildi.

Dünən belə işıqlı, bu ölkənin aydınlıq üzü olan gənclərdən biri – Rəşad Həsənovun həbsindən 7 ay keçdi. Ona və həbsdəki digər gənc mübarizlərə buradan salamlarımızı çatdırırıq.

Rəşadı şəxsən tanıyırdım. Onun kimi işıqlı gənclərə yalnız günəşdən qorxan, gizlənən yarasa təfəkkürlülər həbsi, dəmir barmaqlıqlar arxasını rəva görə bilərdi.

Tarix isə sübut edir ki, bu cür yollarla qaranlığın ömrünü uzatmaq olar, amma onu əbədi, həmişəlik etmək – əsla!