AXCP sədri Əli Kərimli Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
Əziz Azərbaycan xalqı!
Sizi bu mübarək Qurban bayramı münasibətilə təbrik edir, bu əziz günlərdə Allah adına kəsilən qurbanların, edilən ibadət və duaların qəbul olunmasını Uca Yaradandan diləyirəm!
Aləmləri yaradan Rəbbimizin bizlərə bəxş etdiyi saysız gözəlliklər içərisində bayramların ayrı və ülvi bir yeri vardır. Dinimiz mənəvi zənginlikləri ilə ön plana çıxmış hər iki dünyada ədaləti və qardaşlığı hədəf almış bir dindir. Müqəddəs dinimizin bizə bəxş etdiyi bayramlar da maddi zənginliyi mənəvi zənginliklə birləşdirib insanlar arasında ədalətli paylaşımın hikmətini öyrədir bizlərə. Xalqımız böyük əksəriyyət etibarilə İslam ümməti olaraq bu möhtəşəm bayramın təntənəsini yaşayır.
Dinimiz insanlara hər işi Allahın razılığını qazanmaq üçün görməyin fəlsəfəsini öyrədir. Allahın razılığını qazanmaq üçün həyatını quran insan özgəsinə qul olmaqdan çəkinər, azad yaşamağın Rəbbimizin də sevdiyi ən ali məqsəd olduğunu dərk edər. Inanıram ki, Azərbaycan xalqı ən ülvi məqsəd olan azad yaşamağa bütün demokratik ölkələrin vətəndaşları qədər layiq bir xalqdır. Bu əziz bayram günlərində Azərbaycan xalqına azad yaşamaq haqqına sahib olmağı diləyirəm. Vətənimizin və torpaqlarımızın azadlığı üçün edilən dualarının Allah qatında ən müstəcab dualar sırasına yazılmasını arzu edirəm!
Zamana və məkana sığmayan bir bərəkətlə bərəkətlənmək və Allahın ən əziz bəndələri olmaq baxımından şərəfli bir mövqeyə çatmaq xoşbəxtliyini Uca Yaradanımız xalqımıza nəsib etsin!
Qurban bayramınız mübarək olsun!
Amin!


