Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli Avropaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Oktyabrın 14-də Fransa Xarici İşlər Nazirliyi, Fransa senatı və Fransa Milli Assambleyasında müxtəlif deputat, senator, dövlət rəsmiləri və mətbuat nümayəndələriylə görüşlər keçirib.
Əsasən konfidensial xarakterli görüşlərdə Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkiləri və onun saxtalaşdırılmış nəticələri geniş müzakirə olunub və bu müstəvidə fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı həmçinin Milli Şura ilə Fransa ictimai-siyasi dairələri arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub və bununla bağlı ilkin razılıq əldə edilib.
Oktyabrın 15-dən etibarən Cəmil Həsənli rəsmi görüşlər üçün Brüsselə gəlib.
Avropa Komissiyası, Avropa Parlamentində bir sıra yüksək səviyyəli konfidensial görüşlər keçirən C. Həsənli səfər çərçivəsində Avropa Birliyinin Şərq Tərəfdaşlığı İdarəsinin rəhbəri Dirk Schuebelin başçılığıyla qurumun bir sıra rəsmi şəxsləriylə görüşüb.
Görüşdə Azərbaycandakı prezident seçkiləri və seçkilər zamanı baş vermiş iri miqyaslı kobud qanun pozuntuları ətraflı şəkildə müzakirə edilib.
Həmçinin görüş zamanı İlham Əliyevin 3-cü dəfə prezident olmasının konstitusiyaya zidd olduğunu bildirən Cəmil Həsənli, 9 oktyabrda prezident seçkiləri adı altında xalqın iradəsinə zidd olaraq hakimiyyətin yenidən mənimsənilməsi hadisəsinin baş verdiyini qeyd edərək bunun ölkə konstitusiyasına görə xalqa qarşı törədilmiş ən ağır cinayət olduğunu söyləyib və onun prezident kimi leqitim olmamasını beynəlxalq səviyyədə müzakirəyə çıxarılacağını bildirib.
Müzakirələrin gedişində Milli Şura ilə Avropa Birliyi arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi və münasibətlərin davamlı olmasıyla bağlı razılıq əldə olunub.
Noyabr ayında Vilnüsdə Azərbaycanın daxil olduğu keçmiş sovet ölkələri ilə Avropa Birliyi arasında assosiativ üzvlüklə bağlı imzalanacaq razılaşma ətrafında da geniş fikir mübadiləsi aparılıb və bu razılaşma çərçivəsində insan haqqları, demokratiyanın inkişafıyla bağlı Azərbaycan hakimiyyətin götürəcəyi öhdəliklərə müəyyən əlavələrin edilməsi məqsədəuyğun sayılıb.
Ölkədəki insan haqqlarının vəziyyətinin müzakirəsi zamanı, Cəmil Həsənli söz azadlığının məhdudiyyətinə və İlqar Məmmədov, Tofiq Yaqublu, Qurban Məmmədov, Əvəz Zeynallı, Hilal Məmmədov, Taleh Bağırzadə və NİDA-çı fəallar başda olmaqla siyasi məhbusların çoxluğuna toxunaraq seçkilər ərəfəsində siyasi məhbus probleminin həll olunmamasıyla bağlı öz təəssüfünü bildirib və siyasi məhbusların dərhal azadlığa buraxılması üçün Avropa Birliyindən qəti mövqe gözlədiyini qeyd edib.
Cəmil Həsənlinin Brüsselə səfəri çərçivəsində rəsmi görüşləri oktyabrın 16-da da davam edəcək.
Məlumatı Avropada yaşayan azərbaycanlı fəal Elnur Məcidli facebook səhifəsində yayıb.


