“Son on ildə dünyanın belə sərt mövqeyi olmamışdı”

«Bu seçkidə demokratik qüvvələr qələbə qazana bildilər»

 

 «Beynəlxalq təşkilatların verdiyi bəyanatlar artıq indidən Azərbaycan hökumətinin legitimliyini şübhə altına alır»

 

Mirvari Qəhrəmanlı: «Misli görünməmiş saxtakarlığı görən beynəlxalq aləm artıq susa bilmədi»

Oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərinin xalqın iradəsini əks etdirmədiyi və demokratik normalara uyğun olmadığı nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən vurğulanmaqdadır. ATƏT-in Azərbaycandakı seçkilərlə bağlı sərt mövqeyindən sonra ABŞ-ın Dövlət Departamenti, Konqressin Helsinki Komissiyası, Avropa Birliyi, Böyük Britaniya da eyni mövqeydən çıxış edib. Müsahibimiz hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ilə söhbətimizdə seçkidən sonra gündəmin əsas suallarına toxunduq:

– Seçkidə demokratik qüvvələrə cəmiyyətin göstərdiyi dəstəyi necə dəyərləndirərdiniz?

– Cəmiyyətin əksər qrupları ilə əlaqəm olduğuna görə tam əminliklə deyə bilərəm ki, bu seçkidə demokratik qüvvələr qələbə qazana bildilər. Azərbaycanda ilk dəfədir ki, bütün beynəlxalq qrumlar seçkinin nəticələrini tanımadılar. Bunun bir neçə səbəbi var. Səbəblərdən biri odur ki, demokratik qüvvələrin vahid mövqedən çıxış edərək bir namizədi irəli sürməsi düzgün addım idi. Müxalifətin vahid namizədinə dəstəyin böyük olduğunu beynəlxalq qurumlar da gördülər. Ona görə Azərbaycan reallıqlarını tam çılpaqlığı ilə görən beynəlxalq qurumlar seçkini tanımadılar.

– ATƏT-in hesabatının ardınca Avropa Birliyi, ABŞ və Böyük Britaniyadan sərt seçki bəyanatları gəldi. Hakimiyyət bu bəyanatlara məhəl qoymayaraq onları qərəzli adlandırır…

– Müşahidə etdiyim son on il ərzində beynəlxalq birlikdən belə sərt mövqe görməmişdim. Həmişə ATƏT seçkidən sonra “demokratiyaya doğru bir addım” ifadəsindən istifadə edirdi. Bu ifadədən sonra da ATƏT-in təbirincə desək bu addımın miqyasının necə olduğunu müəyyənləşdirməyə çalışırdıq. Ona görə “bir addım” ifadəsi Azərbaycanda ironiyaya səbəb olaraq, lətifəyə çevrilmişdi. Amma ATƏT-in demək olar ki, seçkiləri tanımamaq haqqında rəyinin bir çox nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də bölüşdürülməsi indiyə qədər baş verməmişdi. Amma mən deməzdim ki, bu təkcə xarici müşahidəçilərin əməyinin məhsuludur. Bu onu göstərir ki, seçkilərdə iştirak edən Milli Şuranın vahid namizədinin, ona dəstək verən demokratik qüvvələrin, vətəndaş cəmiyyətinin də müşahidəçiləri bu dəfə daha fəal olaraq, inkar olunmaz seçki saxtakarlığı faktları əldə etmişdilər. Burada seçici aktivliyini də unutmaq olmaz. Misli görünməmiş seçki saxtakarlığını görən beynəlxalq aləm artıq susa bilmədi.  Düzdür bu dəfə də saxta seçkini ört-basdır etməyə çalışan bəzi beynəlxalq qrumlar meydana gəldi. Bu isə onu göstərir ki, “kürü diplomatiyası” hələlik tamamilə Azərbaycandan çəkilməyib. Amma bütün bunlara baxmayaraq seçki saxtakarlığının ciddi həddə olduğu beynəlxalq təşkilatlar tərəfindən dilə gətirildi.

“Seçki Azərbaycana beynəlxalq baxışı dəyişəcək”

– Nüfuzlu beynəlxalq təşkilatların seçkilərin demokratikliyini şübhə altına alması Ilham Əliyev hakimiyyətinə legitimlik problemi yarada bilərmi?

– Başqa ölkələrin təcrübəsini nəzərə alarıqsa, beynəlxalq təşkilatların bu cür mövqeyi məni bir qədər narahat etməkdədir. Çünki seçkilərə bu cür rəy verilməsi Azərbaycanla bağlı siyasətin, ölkəmizə beynəlxalq baxışın dəyişməsinə səbəb olacaq. Siyasət dəyişən zaman isə daha çox əziyyəti xalq çəkir. Amma düşünürəm ki, beynəlxalq təşkilatların verdiyi bəyanatlar artıq indidən Azərbaycan hökumətinin legitimliyini şübhə altına alır. 

– Saxtakarlığın bu cür geniş miqyasda tətbiq olunacağını, saxtalaşdırmaya formalaşan ənənəyə əsasən seçki günü günorta saatlarından deyil, artıq ilk dəqiqələrdən başlanılacağını gözləyirdinizmi?

– Saxtalaşdırmanın bu cür geniş vüsət alacağı artıq bəlli idi. Çünki bir çox məktəblərdə oktyabrın 1-dən keçilən dərslərə məhdudiyyət qoyulmuşdu. Azərbaycan cəmiyyəti də saxtalaşdırmanın geniş vüsət alacağına inanırdı. Hakimiyyətin seçki öncəsi narahatlığı ən son həddə idi. Iqtidarın arxayınlığı əgər əvvəlki seçkilərdə nəzərə çarpırdısa, bu dəfə eyni arxayınlıq görünmürdü. Bunun da başlıca səbəbi demokratik qüvvələrin seçkiyə vahid mövqe, vahid namizədlə getməsi idi. Demokratik qüvvələr tərəfindən Cəmil Həsənlinin vahid namizəd kimi irəli sürülməsi düzgün qərar idi. Cəmil Həsənlinin debatlardakı kəskin çıxışları, faktlara söykənərək hakimiyyətin arqumentlərini darmadağın etməsi onu bütün Azərbaycanda tanıtdı. Bu çıxışların da hakimiyyətə böyük təsiri oldu. Nəticədə hakimiyyət saxtakarlığa daha ciddi hazırlaşdı. Səsverdiyim məntəqədə gözümün qarşısında saxtakarlıq oldu. Buna etirazımı bildirən zaman məntəqə sədri üstümə hücum çəkdi. Bu seçkidə saxtakarlığın bütün metodlarından istifadə olundu. Amma bu dəfə Azərbaycan cəmiyyəti, müxalifət seçkiyə daha təkmil vəziyyətdə getmişdilər. Seçki saxtakarlığını sübut edən kifayət qədər ciddi faktlar var. Mənə elə gəlir ki, dünya ictimaiyyətinin diqqətinə çatdırılan bu sənədlər öz işini görəcək və saxtakarlıq faktına biganə qalmayacaq. 

“Xalqın seçdiyi prezident”

– Milli Şuranın apardığı seçki kampaniyasına necə qiymət verərdiniz? Milli Şuranın namizədi kimi Cəmil Həsənli üzərinə düşən vəzifənin öhdəsindən gələ bildimi?

– Mən Cəmil Həsənlini daha çox sakit təbiətli insan kimi tanıyırdım. Cəmil Həsənlinin seçki çıxışları Milli Şuranın uğurlu seçki kampaniyası təşkil etməsinin bir təzahürü idi. Milli Şuranın namizədinin həm çıxışları, həm insanlarla canlı təması seçki prosesinə rəngarənglik qatdı. Cəmil Həsənlinin bütün təbəqələrə eyni yanaşması cəmiyyətdə ona olan hörməti birə beş artırdı. Mən Cəmil Həsənlinin qarşısında baş əyirəm. Mən Cəmil Həsənlinin professor, ziyalı kimi tanıyırdım. Amma Cəmil Həsənlinin insanları arxasınca apara biləcək, auditoriyanı ələ ala biləcək keyfiyyətlərinin də olduğunun bu seçkidə şahidi oldum. Qısa bir müddət ərzində insanların böyük məhəbbətini qazanmaq asan iş deyil. Ona görə Milli Şura öz vahid namizədini müəyyənləşdirəndə yanılmayıb. Bir daha təsdiqləndi ki, mili-demokratik qüvvələr sözü bir yerə qoyanda, vahid mövqedən çıxış edəndə nəyəsə nail ola bilir. Təsdiq olundu ki, milli qüvvələr bir araya gələ bilər və demokratik düşərgənin xalqa rəhbərlik edə biləcək layiqli namizədi var. Qalıb bircə haqq və ədalətin öz yerini tapması. 

– 21 günlük təbliğat dövrü cəmiyyətə necə təsir göstərdi?

– Seçkiyə əvvəllər şübhə ilə yanaşanlar Cəmil Həsənlinin uğurlu çıxışları nəticəsində fikirlərini dəyişdi və demokratik qüvvələr qısa zaman kəsiyində böyük işlərə imza atdı. Əgər belə bir təbliğat iki ay müddətində davam etsəydi, o zaman cəmiyyətin daha böyük kəsimini aktivləşdirmək olardı. Hətta iqtidardakı məmurlar belə ona səs verərdi. Çünki Cəmil Həsənlinin çıxışları acı Azərbaycan reallığına söykənirdi. Cəmil Həsənlinin platformasında əksini tapan islahatlar, görüləcək işlər Azərbaycanda zərurətdən irəli gələn məsələlər idi. Bu platforma Azərbaycan xalqının problemlərinin aradan qaldırılması üçün böyük yollar göstərirdi. Cəmil Həsənli artıq Milli Şuranın namizədi yox, xalqın seçilmiş prezidentidir. 

“Milli Şura qorunmalıdır”

– Seçkidən öncə hakimiyyət təmsilçiləri Rusiyadan Azərbaycana böyük təzyiqin olduğunu vurğulayırdılar. Amma ciddi saxtalaşdırma faktlarının olduğu seçkilərdən sonra Ilham Əliyevi ilk təbrik edən Rusiya prezidenti Vladimir Putin oldu. Əgər Rusiya ilə münasibətlər hakimiyyətin bəyan etdiyi kimi gərgin durumda idisə, o zaman niyə seçki saxtalaşdırmasını ilk tanıyan məhz Rusiya oldu?

– Hadisələrə baxışlar müxtəlif olur. Putinin yeddi ildən sonra Azərbaycana gəlişi heç də təsadüfi deyildi. Biz seçkidən sonrakı bu təbrikin, Putinin müəmmalı səfərinin kökündə nəyin dayandığını, Rusiya ilə bu yaxınlaşmanın fonunda Azərbaycan xalqını nəyin gözləydini bir müddət sonra biləcəyik. 

– Belə hesab olunur ki, bu yaxınlaşma Azərbaycanın Gömrük Ittifaqı ilə bağlı müəyyən razılıqlar verməsinin nəticəsidir. Və Kreml proyekti olan Gömrük Ittifaqına Azərbaycanı cəlb edə bildiyindən növbəti dəfə hakimiyyətin seçki saxtakarlığına göz yumub…

–  Bu fikir siyasi kuluarlarda tez-tez vurğulanır və beynəlxalq aləmdə də Rusiya ilə Azərbaycanın bu yaxınlaşması Gömrük Ittifaqı ilə bağlanılır.

– Milli Şuranın gələcək perspektivlərini necə dəyərləndirirsiniz. Milli Şura formatı demokratik düşərgənin möhkəm bir birliyi kimi seçki sınağından uğurla çıxdı. Bu formatla gələcək seçkilərdə də iştirak etmək olarmı?

– Azərbaycanda bir siyasi qurumu qoruyub saxlamaq çox çətin olur. 2010-cu il parlament seçkilərindən sonra müxalifətin uğurlu birliyi Ictimai Palata yaranmışdı. Ictimai Palata müxalifətin qarşısında duran vəzifələrin, seçki strategiyasının müəyyənləşməsində böyük rol oynadı. Prezident seçkiləri ərəfəsində isə Milli Şura yaradıldı. Milli Şuranı da müxalifətin uğurlu birliyi saymaq olar. Ictimai Palatada siyasi partiyaların təmsilçiliyi müəyyən qədər məhdud idi. Bu baxımdan Milli Şura daha geniş sferanı əhatə edir. Düşünürəm ki, Milli Şura qorunmalı və vətəndaş cəmiyyətinin nümayəndələrinin hesabına bir qədər də genişləndirilməlidir. Vaxt gələcək xalqın etimadını qazanan Milli Şura özü etimad hökumətini formalaşdıracaq.

Xəyal