İlham Əliyevə “səs verən milyonlar” hanı?

Yaxud xalqın etirazına kölgə salmaqla gülüş hədəfinə çevrilmək

Demokratik Qüvvələrin Milli Şurasının 12 oktyabrda keçirdiyi mitinq hakimiyyəti isterikaya salıb. 9 oktyabrda keçirilən prezident seçkisindəki total saxtakarlıqdan sonra demokratik düşərgədə ruh düşgünlüyünün yaşandığını, cəmiyyətin ümidsizliyə düçar olduğunu zənn edən hakimiyyət bunun əksinin şahidi oldu.

Milli Şuranın aksiyasına gözlənildiyindən çox insan qatıldı və seçki saxtakarlığına “yox” dedi. Hakimiyyət elə həmin gün narahat olduğunu büruzə verdi. Mitinqin sonunda polislərin törətdiyi təxribat, YAP icra katibinin müavini Siyavuş Novruzovun “mitinqi xarici qüvvələr idarə edib” açıqlaması bunun əyani sübutudur.

Lakin iqtidar bununla kifayətlənmək niyyətində deyil. Milli Şuranın mitinqilə bağlı əks-təbliğat davam edir. Dünən hökumətin nəzarətində olan xəbər portallarında aksiya ilə bağlı “analiz” dərc edilib. Həmin yazıya mitinq başlamamışdan əvvəl çəkilən foto yerləşdirilib və aksiyanın uğursuz olduğu, beləliklə də demokratik düşərgənin məğlubiyyətə uğradığı barədə mülahizələr irəli sürülüb. Lakin bu materialı hazırlayanlar facebook, twitter və youtube kimi sosial şəbəkələri nəzərə almayıblar. Düşünməyiblər ki, mitinqdən real görüntülər həmin sosial şəbəkələrdə paylaşılıb. Və sosial şəbəkələri izləyən insanların sayı hakimiyyətin nəzarətində olan həmin portallara göz atanların sayından 10 dəfə artıqdır. Beləliklə də xalqın etirazını gözdən salmaq üçün bu cür uğursuz cəhdlərlə iqtidar özünü gülüş hədəfinə çevirib.

Digər tərəfdən hakimiyyət iddia edir ki, Ilham Əliyev 84.54 faiz səs toplayıb. Başqa cür desək iddialara görə, YAP-ın namizədinə 3 milyon 126 min 113 nəfər səs verib. Amma elə seçki gününün axşamı keçirilən YAP-ın “qələbə bayramı”nda heç 50 min adam olmayıb. “Səsləri saxtalaşdırılan 100 minlər hanı?” sualını verənlər buyurub cavab versinlər ki, Ilham Əliyevə səs verən milyonlar hanı? Müqayisə üçün həmin “qələbə bayramı”ndan və Milli Şuranın mitinqindən fotoları təqdim edirik. “Qələbə bayramı”ndan olan foto “Trend” agentliyindən götürülüb. Buyurun, özünüz baxın.

Azad