Hakimiyyət Əliyevdən alınır

Xalq və demokratik dünya ədalətli nəticələrin bərqərar olunmasında israrlıdır

Oktyabrın 9-dan günlər keçsə də, həqiqi seçki hələ də davam edir. Saxtakarlıqlar o qədər faktlaşıb ki, rahatlıqa “minlərlə saxtakarlıq faktları var” deyə bilərik. Bu sayın çoxluğunun daha bir səbəbi odur ki, hər gün onlarla yenisi aşkarlanır və sosial şəbəkələrdə yerləşdirilir. Ən fəal internet iştirakçıları belə, bu cür video və fotoların yarısı ilə tanış olmağa vaxt çatdıra bilməyib.
Bütün bunları görəndən sonra 9 oktyabrda hər dəqiqənin saxtakarlıqla müşahidə olunduğu qənaətinə asanlıqla gəlmək olur. Çünki bu materiallar başqa nəticə çıxarmağa imkan vermir. 125 dairə üzrə seçki pozuntularının sənədləşməsi ilk dəfə mümkün olub. Video və fotolar bu istiqamətdə ilk dəfə akt-protokol kimi sənədlərin əhəmiyyətini ikinci plana keçirdi. Məlum oldu ki, heç bir şahidə ehtiyac olmadan da məntəqədəki tək müşahidəçi baş verənləri sənədləşdirə bilir.
Hakimiyyətin bu situasiyadan çıxmaq cəhdləri isə olduqca uğursuz nəticələr verdi və yenidənifşa ilə nəticələndi. Bu baxımdan, həm də ilk dəfə hakimiyyət ona qarşı olan saxtakarlıq ittihamları qarşısında aciz qaldı. Hakim partiyanın “qələbə” mitinqinə cəmi 150 nəfər gəldi və iqtidar bu vəziyyətdən daha bir zərbə almış oldu. Məlum oldu ki, Ilham Əliyev üçün saxtakarlıq edən bir neçə min nəfər belə, hakimiyyətə dəstək vermək həvəsində deyil. Yəni, inzibati güc belə, hakimiyyət üçün bir bayram tədbiri keçirməyə yetmədi.
Hər rayonda təşviqat zamanı müxalifətə qarşı istifadə olunan yüngül əxlaqlı, ucuz mənəviyyatlı insanlardan indi də seçkini saxtalaşdırmaqda istifadə olundu. Bu isə cəmiyyətdə heç cür yaxşı qarşılana bilməzdi və qarşılanmadı da…

Dünya və diktatorlar!

Ilham Əliyevi təbrik edənlər sırasında 130-dan çox jurnalisti həbsə atdıran Ərdoğan vardı. Onun başçılıq etdiyi siyahı Orta Asiyanın diktatorları ilə davam edir. Ola bilsin ki, uzana da bilər. Amma Ilham Əliyevin özünü saxta yollarla elan etdiyini ilk dəfə ATƏT-in uzunmüddətli müşahidə missiyası ortaya qoydu. Onlar bildirdilər ki, seçki məntəqələrinin 58 faizində nəticələr saxtalaşdırılıb. Bu isə aşkar şəkildə o deməkdir ki, Ilham Əliyevin açıqlatdırdığı rəqəmlər yalan və yalandır. ABŞ Dövlət Departamenti birmənalı şəkildə bu seçkilərə ATƏT-in verdiyi rəyi dəstəklədiyini və bu seçkilərin saxtalaşdırıldığını ortaya qoydu. Böyük Britaniyanın Azərbaycandaki səfiri MSK sədri Məzahir Pənahovun “bu seçki barədə səfirliklərdən müsbət rəy almışıq” bəyanatını anındaca təkzib etdi. Ertəsi gün isə Britaniyanın Avropa məsələləri üzrə naziri də ATƏT-in Azərbaycanda seçki saxtakarlığı ilə bağlı rəyilə razılaşdıqlarını bəyan etdi.
Azərbaycan hakimiyyəti çaşqınlıqla Qərb əleyhinə anti-təbliğata başladı. Beynəlxalq aləmin demokratiya çağırışlarına baxmayaraq, dünyaya meydan oxumaq eşqinə düşdü. Amma Ilham Əliyev bircə dəfə də olsun, baxmadı ki, onu seçki qutusuna necə salırlar, oradan necə çıxarırlar. Çünki bu cür ifşaedici nəticələrdən sonra o, hansı dövlət başçısı ilə üz-üzə otura bilər? Ya da hansı dövlət başçısı onunla əlaqə qura bilər?
Əlbəttə, bunu etmək üçün diktatorlar var, amma onlar da artıq kifayət etmirlər, çünki iki əlin on barmağından da az qalıblar. Ona görə də Əliyev daha çox bu səhvlərin altından necə çıxacağı barədə düşünməli və bu nəticələri özü də tanımadığını bəyan etməklə, siyasi simasını qorumalıdır.

On minlərin etirazı, yeni dalğa…

Əksəriyyət seçkinin saxtalaşdırılacağını bilirdi. Amma siyasiləri daha çox düşündürən insanların bu saxtakarlığa olan münasibəti idi. Ruh düşkünlüyü olacaqmı? 12 oktyabrda sübut olundu ki, Azərbaycanda artıq siyasətə və mübarizəyə münasibət yeni məzmundadır. Insanlar hakimiyyətin təyin edib tamaşa qurduğu seçki günlərinə köklənmirlər. Onlar mübarizənin nəticəsinə fokuslaşıblar. Bu isə o deməkdir ki, xalq artıq hakimiyyəti Əliyevlərdən almaq istəyir. Ona görə də seçki günü baş verənləri sadəcə, bir pillə kimi ayağının altına qoyub, növbəti mərhələyə keçir. On minlərlə insanın iştirakı heç kimdə şübhə doğurmayan mitinq son 20 ilin saxtalaşdırılmış sekilərindən sonra ilk belə aksiya idi. Aşkar şəkildə hiss olunurdu ki, bu mitinq əhval-ruhiyyə və say baxımından təşviqat aksiyalarını geridə qoyur.

Dünya ikinci addımı atdı

Bu mitinqdə, seçilmiş prezident Cəmil Həsənli elan etdi ki, xalqın oğurlanmış səslərini özünə qaytarmaq üçün dünyanın dəstəyini də təmin etməkdədir. Avropa Birliyi və ABŞ-a dəvətlər aldığını, bu seçkinin nəticələrini qorumaq üçün əlindən gələni edəcəyini vurğuladı. Cəmil Həsənlinin bu dəvətləri alması artıq dünyaya qarşı gələn, Azərbaycan xalqını saymayan hakimiyyət üçün bir dərs olmalıdır. Onlar bilməlidilər ki, indi başqa proseslər gedir, dövlətin və dövlətçiliyin naminə hakimiyyəti xalqa, onun həqiqi təmsilçisinə vermək zamanıdır.

Seymur Həzi