Hakimiyyət nümayəndələri ATƏT-in seçki saxtakarlığına qarşı verdiyi obyektiv qiymətdən isterik vəziyyətə düşdü və iqtidarın uzun illərdir Qarabağ probleminin çözülməsində “nicat qapısı” kimi göstərdiyi mötəbər bir təşkilata – ATƏT-ə qarşı hücuma keçdi. Hətta “ATƏT dağılmalıdır”, “Avropa rədd olsun” tipli gülünc fikirlər də səsləndirildi. Qardaş Türkiyədə bu cür yöndəmsiz və çılğın tövr sərgiləyənlərə “adam çıldırmış” deyirlər.
Ədəb-ərkana, beynəlxalq normalara və siyasi etikaya yaraşmayan hədyanlar yağdıranlar arasında hakimiyyət təmsilçiləri də var. Bu isə millət adına utancdır. Beynəlxalq təşkilatın, seçkiləri müşahidə missiyası ilə görəvlənmiş hər bir qurumun borcudur ki, akkreditə olunduğu ölkədə keçirilən seçkilərə bu və ya digər formada qiymət versin. Obyektiv dəyərləndirmələr isə subyektiv təhqirlərlə nəticələnməməlidir.
Əslində, ən böyük şərəfsizlik millətin haqqını yeməkdir. Millətin haqqını yeyənlər isə bu gün hakimiyyətdə də, parlamentdə baş girləyənlər arasında da kifayət qədər çoxdur.
9 oktyabrda da millətin haqqı yeyildi. Söhbət kimin 85, kimin 0,66 faiz səs almasından getmir. Onsuz da hər şey əvvəldən gün kimi aydın idi. Ağlı başında olan hər kəs bu seçkinin də qeyri-demokratik olacağını bilirdi.
Söhbət beynəlxalq müşahidəçilərin gözü qarşısında baş verən total saxtakarlıqdan, təlimatlanmış qul-beçələrin bir neçə adamın əvəzinə səs verməsindən, qutulara topa-topa bülletenlər atılmasından, geridə qalmış ölkələrə məxsus “karusel” əməliyyatından, faktiki, səslərin sonradan saxtalaşdırılmasından gedir. ATƏT də bu saxtakarlıqları fiksə edib.
Siz necə fikirləşirsiniz, ATƏT və ya digər beynəlxalq qurumlar bu qədər aşkar formada baş verən seçki saxtakarlığına rəğmən, durub deməliydi ki, Azərbaycanda ən demokratik, şəffaf və ədalətli seçki keçirilib?! Bunu etməyiblərsə, kim haqq verib ki, arxasında böyük güclərin durduğu və istənilən vaxt Azərbaycana təsir etmək imkanı olan bir təşkilata “dağılmalıdır” hökmünü verəsən. ATƏT təmsilçilərinə hücum edənlər, bu adamların ünvanına “gözünü yumub ağzını açanlar” nəzərə almalıydı ki, bu qurumun rəyilə həmrəy olan kifayət qədər beynəlxalq təşkilatlar və böyük dövlətlər var. Ona görə də sonradan “hökumətin başına yağa biləcək daşlardan” ehtiyatlı olmalıydılar.
Öz ağasını müdafiəyə qalxan kölənin halı dəyişməz. Köləlikdən qurtulmağın ən yaxşı yolu onun bir gün kölə olduğunu dərk etməsi və buna qarşı mübarizəyə başlamasıdır. Azərbaycanda milli demokratik qüvvələrin apardığı mübarizənin əsas qayəsi həm də birilərini düçar olduqları köləlikdən xilas etməkdir.
Pulun, sərvətin, neft-qazın tükəndiyi bir gün var. Elə siyasət izlənməli, elə diplomatiya yürüdülməlidir ki, maddi sərvətlər tükənəndə millətin, dövlətin özündə yaşatdığı mənəvi dəyərlər bu itkini kompensasiya edə bilsin.
Rusiya caynağından xilas olan Baltikyanı dövlətlər heç də Rusiyadan zəngin ölkələr deyil. Gürcüstanı da bu sıraya aid etmək olar. Lakin bu ölkələrin Avropa dəyərlərinə sadiqliyi Avropa evini onlara qucaq açdırdı.
Amma Azərbaycan hakimiyyəti torpaqlarımızın işğal müəllifləri olan Rusiya və Irana qucaq açır, bu dövlətlərin Azərbaycana yönəlik imperialist siyasətinin neytrallaşdırılması yolunda strateji siyasət yürüdən Avropa və onun strukturlarına isə hücum edir. Səbəb nədir? Dəfələrlə səsləndirilən bəhanə ondan ibarətdir ki, ATƏT Qarabağ məsələsində ədalətsiz mövqe sərgiləyir. Bəlli, ATƏT də özbaşına təşkilat deyil və bu qurum arxasında duran qlobal güclərin aləti rolunda çıxış etməyə məhkumdur. Lakin Qarabağla bağlı hakimiyyətin yürütdüyü uğursuz siyasət necə, millətimizi qane edirmi?
Hanı Qarabağ probleminin ədalətli həlli adına hakimiyyətin böyük dövlətlərə güzəştə getdiyi “əsrin neft kontraktları”? Bu qədər milli sərvətlə çox iddiaçı ölkələrin ağzını yummaq, hətta hakimiyyətin əlinin öyrəşdiyi rüşvətlə də Qarabağı geri almaq mümkün idi. Amma təəssüflər və yazıqlar olsun ki, hakimiyyət neftdən əldə etdiyi sərvətləri Qarabağın işğaldan azad olunmasına, xalqımızın rifahının yaxşılaşdırılmasına deyil, millət üzərində öz hegemonluğunu təmin etməyə, bütün gücü və resursları ilə xalqı susdurmağa yönəltdi.
Nurəddin Ismayılov


