AXCP-nin iki il əvvəl aldığı ofisi hökumət möhürləyib
Nəsimi rayonu, Cəlil Məmmədquluzadə 56…
Yalnız iki gün əvvəl geniş ictimaiyyətə bəlli oldu ki, “qara qüvvələr” imkan versəydi, bu ünvan cəbhəçilər üçün əfsanəvi “Xaqani 33″ü əvəzləyəcəkdi. AXCP-nin yerləşdiyi binanı 2006-cı ilin noyabrında hökumət zorla əlindən alandan sonra partiya sözün əsl mənasında səhra formasına keçdi.
Qərargahsız qalan partiya qısa müddət ADP-də işini davam etdirdi, daha sonra isə xoşagəlməz səbəbdən oranı da tərk etdi.
Ötən dövr ərzində partiyanın yığıncaqları müxtəlif evlərdə, adları hələ də gizli saxlanılan çayxanalarda davam etdi. Bu gərgin iş şəraitilə bağlı AXCP daim qərargah axtarışında oldu. Ancaq hakimiyyətin aqressiyası partiyaya öz halal mülkünü icarə verməyə bir cəsarətli insanın ortaya çıxmasına imkan vermirdi.
***
2011-ci ilin martında AXCP nəhayət, lap başda yazdığımız ünvanda bir ofis kirayələyə bilir. Ofisin sahibi cəbhəçi olduğundan hakimiyyətin ona hədə-qorxu variantı təsirsiz qalır. Cəbhəçilər yeni mənzili işləmək üçün hazırladıqları günlərin birində səhər tezdən ofisə gələndə sözün əsl mənasında analoqsuz hadisə ilə üzləşirlər. Bəlli olur ki, ofisin yan və öndəki dəmir qapısı qaynaq edilib.
Anlaşılmazlıqmı var? Xeyr, qısa müddətdə aydın olur ki, heç nə qaranlıq deyil. Binanın qapıları məhz elə cəbhəçilərə görə qaynaq olunub.
Cəlil Məmmədquluzadə 56 ünvanının qaynaqla bağlanan qapısını məhkəmələr də açmaq gücündə olmayıb. Partiyanın hüquqşünaslarının hazırladığı iddiaların heç biri yerli məhkəmələrdə təmin edilməyib və şikayət artıq Avropa Məhkəməsi yolundadır.
***
Ofisin qapıları qaynaqlananda AXCP-yə heç bir izahat verilməyib. Amma partiyaya sirr deyil ki, “qaynaq əməliyyatını” polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları birlikdə həyata keçirib.
Ofislə bağlı məhkəmə iddiasında üç tələb olub:
Bir: “Qaynaq əməliyyatı”nı hansı dövlət orqanı və nə məqsədlə həyata keçirib – buna aydınlıq gətirilsin;
Iki: Qaynaqlanan qapı məhkəmə qərarı ilə açılsın;
Üç: Mülkiyyətçiyə və AXCP-yə vurulan maddi və mənəvi ziyan ödənilsin.
***
Maraqlıdır ki, məhkəmədə heç bir dövlət orqanı qapıların qaynaq edilməsinin məsuliyyətini öz üzərinə götürməyib. Amma məhkəmənin sorğusundan sonra Fövqəladə Hallar Nazirliyi ofisin qəzalı olması haqda arayış verib. O zaman mülkiyyətçi məsələ qaldırıb ki, ofisdə təhlükəsizlik qaydalarının necə pozulması haqda ona məlumat verilsin. Sonra da imkan yaradılsın ki, o, qapıları açıb, problem yaradan nədirsə, Fövqəladə Hallar Nazirliyinin istəyi üzrə onu aradan qaldırsın. Amma buna da imkan yaradılmayıb. Məsələnin əcaib tərəfi ondadır ki, bina 5 mərtəbəlidir. AXCP-nin kirayələdiyi ofis isə onun birinci qatıdır. Ofisin üstündəki dörd mərtəbədə adamlar yaşayır. AXCP-nin ofisini bağlayırlar ki, burada təhlükəsizlik qaydaları pozulub deyə yaşamaq, işləmək olmaz, lakin üst mərtəbələrdə iki ildir həyat öz axarıyla davam edir.
Mülkiyyətçi də israr edir ki, ofisdə hansısa təhlükəsizlik qaydaları pozulubsa, ona təcili şərait yaratdılsın, təmirlə “təhlükəni” aradan qaldırsın, axı, yuxarda yaşayanlar yazıqdır… Hökumət isə mülkiyyətçinin sözlərini qulaqardına vurur.
Gülməli vəziyyət yaranıb, belə çıxır ki, hökuməti yalnız cəbhəçilərin canı maraqlandırır. Onlara “qəzalı” ofisdə oturmağa imkan vermirlər, amma xalqa bu qəzalı ofisin üstündə yaşamağı rəva bilirlər.
Bu təqribən “Gündəlik Azərbaycan” qəzetinin aqibətini xatırladır. O vaxt da qəzetin ofisini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları “qəzalı” adı ilə bağladı. Qəzet binadan uzaqlaşandan sonra isə “təhlükə” də aradan qalxdı.
***
Ötən gün cəbhəçilərə qərargah kimi nəsib olmayan ünvana getdik. Beş mərtəbəli köhnə binanın birinci mərtəbəsindəki otaqlara, ancaq kənardan baxmaq mümkündü. Qapılarda qaynaqlar hələ də öz gücünü qoruyur.
Ümid edək ki, tezliklə ölkədəki bütün azadlıqların qapısından asılan qıfıllar kimi, buradakı qaynaqlar da sökülüb töküləcək.




Natiq


