ABŞ borc böhranı içində

Obamanın səyləri hələ ki nəticəsiz qalıb

 

ABŞ prezidenti Barak Obamanın dövlət borcu ilə bağlı respublikaçılarla apardığı danışıqlar nəticəsiz başa çatıb. Mübahisələrə səbəb olan əsas məqam səhiyyə sahəsində islahatlardır. Bu isə Obamanın prezidentlik proqramında yer alan həlledici bəndlərdən biridir.

Konqresdəki respublikaçıların əksəriyyəti hər dəfə növbəti il üçün nəzərdə tutulan büdcə layihəsini rədd edirlər. Bu da ABŞ üçün defolt təhlükəsi yaradır. Artıq bir neçə gündən sonra – oktyabrın 17-də ölkədə defolt elan oluna bilər. Lakin bir məsələ var ki, bu dəfə respublikaçılar kompromiss təklif ediblər – dövlət borclarının “plankası” qaldırılacaq, amma müvəqqəti. Müvəqqəti mərhələ 6 həftə davam edəcək. Bunun müqabilində isə Obama səhiyyə sahəsində islahatları iki il ertələməlidir. Ağ ev bu təklifdən imtina edib. Məsələ ilə bağlı yekun qərarı demokratların sayca çoxluq təşkil etdiyi Senat verəcək. Bu isə böyük ehtimalla defoltun olmayacağı deməkdir(regnum.ru). 

 “Vaşinqton yaxın vaxtlara qədər borc məsələsini həll etməsə, başda Amerika olmaqla, qlobal iqtisadiyyata ciddi zərbə dəyəcək”. Bunu Türkiyə baş nazirin müavini Əli Babacan ABŞ-da baş qaldıran iqtisadi böhranla bağlı verdiyi açıqlamasında deyib(anspress). Dünya Bankının illik toplantısı ilə bağlı Vaşinqtonda olan Əli Babacan  ABŞ-da Ağ ev rəhbərliyini və Konqresi yaşanan borc böhranına qarşı diqqətsizlikdə ittiham edib. O, Konqresin bu məsələyə diqqət ayıracağına ümid etdiyini deyib: “Hökumət və Konqres lazımsız oyuna girməklə həm öz iqtisasiyyatlarını, həm də qlobal iqtisadiyyatı necə bir ciddi təhlükəyə saldıqlarını başa düşməlidir”. Onun fikrincə, problem həll olunmasa, 2008-2009-cu illərdə yaşanan qlobal böhrandan da dəhşətli proseslər baş verəcək. 

Gültəkin