Ovuc yalamaq sənəti

Cəmil Həsənlinin sözü olmasın, sevgili millət, uca xalq, gözünüz aydın, Ismayıllıda bu ilin əvvəlində baş verən kütləvi etirazların əsas baiskarlarından biri – həmin vaxtkı icra başçısı Nizami Ələkbərova MTN-də yüksək vəzifə veriblər.

Çox gözəl, çox pakizə. Xeyirli-uğurlu olsun. Gün o gün olsun, müxalifətçilərin evindən “S-300″ raketi, ”MIQ-18″ qırıcı təyyarəsi tapsın, milli təhlükəsizliyimizə öz layiqli töhfələrini versin.

Indi isə gəlin, bir qədər keçmişə qayıdaq, həm də yaxın keçmişə.

Ismayıllı olaylarından sonra Ilham Əliyev nə demişdi? Ad çəkməsə də, kimləri nəzərdə tutduğunu bildiyimiz vəzifəli şəxslərin ünvanına “qudurğan məmurlar” demişdi. Belələrinin cəzalandırılacağını bildirmişdi.

Həmin vaxt bunun qarşıdan gələn seçkiyə hesablanan populizm olduğunu ağlı başında olanlar bilir və dilə gətirirdilər. Amma belələri həmişəki kimi barmaqla sayılacaq qədər az idi. 

Seçkiyə sayılı günlər qala isə YAP-ın icra katibi iki dəfə seçkidən sonra kadr dəyişikliklərinin anonsunu verdi. Elə bunun da bir aldatmaca olduğunu anlamaq çətin deyildi. Amma anlayanlar yenə də azlıqda qalmışdı, hətta müxalifətçi cildinə bürünənlər belə, seçkidən sonrakı “islahat tufanı” haqqında boş-boş üyüdüb-tökməkdə idi.

Və buyurun: Ismayıllı olaylarını alovlandıran məmurlardan biri yeni vəzifə ilə mükafatlandırıldı. Halbuki, həmin olaylara görə başda iki tanınmış müxalifət nümayəndəsi olmaqla, xeyli adam hələ də haqsız yerə dəmir barmaqlıqlar ardındadır.

Bir sözlə, “qudurğan məmurlar”a xəbərdarlıqların, barmaq silkələmələrin…

Seçkidən sonra fərqli kadr siyasətinə start veriləcəyi barədə deyilənlərin pafosdan, fiksiyadan başqa bir şey olmadığı təsdiqlənmişdir.

Nizami Ələkbərovun seçkidən həmən sonra vəzifəyə gətirilməsi ilə həm rejimin indiyə qədərki kadr seçimində, həm də bundan sonrakı idarəetmə tərzində dəyişiklik etmək niyyətindən uzaq olduğu çılpaqlığı ilə ortaya çıxmışdır.

Özləri üçün “islahat” ümidi yaradanlar…

Bu yalançı ümidə başqalarını da inandırmağa çalışanlar indi oturub ovuclarını yalaya bilərlər.

Məntiqin itdiyi yer

Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, burada uşağın qənddandan icazəsiz qənd götürməsi oğurluq sayılır, buna görə möhkəm qəzəblənən ata-analar, hətta uşağın əlinə vurub onu cəzalandırır.

Amma eyni atalar, eyni analar başqalarının səsinin oğurlanmasında, millətin malını oğurlayanların seçki tamaşasında böyük şövqlə iştirak edirlər, seçki qutusuna topa-topa bülleten atmağı, “seçki karuseli”ndə rol almağı böyük bir mərifət hesab edirlər.

Bu riyakarlığı, ikiüzlülüyü izah etməkdə qələm acizdir.

Və yaxşısı budur, sizdən haralı olduğunuz haqqında soruşanda elə belə də cavab verəsiniz:

– Biz məntiqin itdiyi yerdə yaşayırıq.

Yenidən Ilyas Ismayılov haqqında

Sadiq oxucular bəlkə xatırlayarlar. Seçki şousuna sayılı günlər qala yazdığım bir yazıda Ilyas Ismayılovu sərt bir dillə tənqid etmişdim.

Debatlara gəlməyəcəkdisə, üstəlik, hətta səsvermə günü gedib səs verməyəcəkdisə, namizəd olmasının anlamını izah etməsini istəmişdim.

Bunun, rejimin “namizəd oyunu”nun bir parçası anlamına gəldiyini yazmışdım.

O bir neçə cümləlik tənqiddən sonra Ilyas bəy debata gəldi. Amma məncə, artıq gec idi. Qafalarda özü ilə bağlı yaranan xoş olmayan təəssüratı dəyişmək üçün bu, kifayət deyildi. 

Seçkidən sonra isə Ilyas bəy, Cəmil Həsənlidən sonra Mərkəzi Seçki Komediyasının açıqladığı nəticələri tanımayan ikinci və sonuncu namizəd oldu.

Əli Əhmədovun açıqlamasını oxudum dünən, deyir: “Mən Ilyas Ismayılovdan bunu gözləmirdim”.

Bir gün biri mənə nə vaxtsa Əli Əhmədovla eyni cür düşünəcəyimi söyləsə, cavabım ağır olardı.

Amma gəl, gör ki, bu gün mən də Əli Əhmədovla eyni nöqtədəyəm: çünki bunu Ilyas Ismayılovdan mən də gözləmirdim.

Və mənim kimi yüzlərlə, minlərlə insanı yaxşı mənada yanıltdığı üçün Ilyas bəyə haqqını təslim etmək istəyirəm. 

Yanlışını görüb necə sərt və səmimi bir dillə tənqid etmişdimsə, doğru addımını görüb eyni səmimiyyətlə də təqdir etməyi və alqışlamağı boynumun borcu sayıram.