Prezident seçkilərində hakimiyyətin bütün qolları, “əlləri”, “ayaqları” birgə çalışdı. Birgələrin ön sırasında Azərbaycan televiziyaları durdu. Televiziyalar bu hakimiyyətin (aftafa tutanı yazmaq istəyirdim, yazmadım) dülgəridi, rəngsazıdı, dərzisidi. Lap əslində təlxəyidi, kəndirbazıdı… Xalqdan yox, hakimiyyətdəndilər. Çalışmazlarmı? Çalışmamaq nə demək? 20 illik hakimiyyət, 20 ilin içindəki 10 illik hakimiyyət onların əllərini var-dövlətə, sərvətə çatdırıb, ayaqlarını dünyanın hansı yönünə aparıb çıxarıb. Bu seçkilərdə hakimiyyətdə olanlar başçılarını yox, yalnızca özlərini düşünürdülər. O üzdən sərvətlərini qorumağa,qazandıqlarını itirməməyə, vəzifələrini əldə saxlamağa çalışdılar. Prezidentin kimliyi onların umrunda deyil, əsas qazanclarından olmamaqdı. Bunun da sadə yolu “mən sənə, sən mənə”dir. Başardılar. Abır-həyalarından keçdilər. Qorxuda bildiklərini qorxutdular, aldada bildiklərini aldatdılar. Qapı-qapı gəzdilər, verəcəklərini – sözüydümü, vədiydimi, puluydumu- verdilər, almaq istədiklərini aldılar.
Əmindilər, bu rayonun icra başçısından çıxarılsalar da, qonşu rayona başçı göndəriləcəklər, burdakı polis rəisliyini qonşudakına dəyişəcəklər, məktəblərində yerləşən seçki məntəqələrindəki saxtakarlıqlarının üstü açılsa, qonşu məktəbə direktor təyin olunacaqlar. Bu hakimiyyətin seçkisi “karusel” deyil, bu hakimiyyətin özü KARUSELdir. Bu karuselin düyməsi Fəxri Xiyabandadır! Seçkilərə üç ay qalmış, Ilham Əliyev yayın cırhacırında əlində bir dəstə Holland qızılgülü rayonları dolaşdı. Hər rayondan Bakıya qayıtcağın həmin rayona 3 milyon, ayrıca yol çəkmək adına əlavə 3 milyon pul ayırdı. I.Əliyevin gedib qayıtdığı rayonlara nazirlər üz tutdular. Illərlə kabinetlərində bircə şikayətçinin “yaralı barmağı”nın qeydinə qalmayan “dağlar” “Məhəmmədlərin” ayağına getdilər. Guya adamlarla görüşdülər, xalqın arasında oldular, onların hansısa problemlərini həll etdilər, dərdlərinə əlac qıldılar. Nazirlər rayonlara əslində niyə getmişdilər, getdikləri yerdə kimlərlə görüşdülər, nə tapşırdılar, nə öyrətdilər, öz adamlarına nə payladılar, nə vəd etdilər, şikayət üçün gələn nə qədər adamı qapıdan qaytardılar, bizim kimi hər kəs bilir.
Televiziyada nazirlərin rayon camaatını qəbulundan göstərilənlər bilməyənləri aldatmaq üçündü. Nazirlərin piarına və hakimiyyət qarşısında hesabatına xidmət edən süjetlərə ödənən pulların qarşılığında hər süjetə ayrıca mətn yazmaq belə istəməyən televiziyaçıların hazırladığı materiallar yalan üzərində qurulmuşdu. Niyəsini izah etmirən, sadəcə səbəbini yazıram. Görün Ictimai televiziyadan götürdüyüm bu məlumat inandırıcıdırmı? Oktyabr ayının 4-də – seçkilərə 4 gün qala ITV “carçı”da dalbadal yeddi nazirin vətəndaşları qəbul etməsi ilə bağlı yeddi süjet verdi. Mətnlərdə cümlələr nazirin və rayonların adına, bir də nazirliyin spesifikasına görə dəyişirdi. Yəni mətnlərin hamısı bir yazının üzərində işlənmişdi. Keçək faktlara. ITV müxbirinin dediyinə görə Fizulu Ələkbərov Bakı şəhəri (Bakının 3 milyon əhalisi var), Xaçmaz, Ağcabədi, Ağdaş, Imişli və Qobustan, Əbülfəs Qarayev Sumqayıt, Abşeron, Xızı, Quba, Zəngilan və Şuşa, Səlim Müslümov Ağdaş, Kürdəmir, Ismayıllı, Ucar, Göyçay, Şamaxı, Ağsu, Ismət Abbasov Ağdam, Beyləqan, Tərtər, Füzuli, Ağcabədi, Bərdə, Imişli, Laçın, Əli Abbasov Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Sabirabad, Oqtay Şirəliyev Kürdəmir, Ağsu, Şamaxı, Qobustan, Ucar, Zərdab, Ağdaş, Göyçay, Ismayıllı, Ziya Məmmədov Gəncə, Naftalan, Göranboy, Samux, Kəlbəcər, Göygöl, Daşkəsən, Şəmkir, Gədəbəy rayonları üzrə bir qrup vətəndaşın iştirakı ilə görüş keçirib.
Yeddi nazir bir gündə 52 rayondan şikayətçiləri qəbul edib. Ekranda sadalanan məkanların sayı qədər -52 şikayətçi belə görünmür. Göz görən yerdə bu qədər ağ yalan olmaz. Ictimai televiziya bu qədər ağ yalana şərik ola bilməz. Olursa, deməli xalqın deyil, saxtakarların yanındadır.
Sənubər


