Mitinqdə Siyavuş Novruzova tanış gələn sifətlər

“…Hamı istənilən addımı atan zaman Azərbaycan qanunlarına hörmət etməlidir” – bunu yapçı Siyavuş Novruzov deyib. Açığı niyə belə dediyi o qədər də aydın deyil. Çünki 9 oktyabrdan hələ cəmisi 3 gün keçib. Bu 3 günün elə Siyavuş Novruzovun təmsil elədiyi YAP üçün əsrə bərabər olduğu şübhəsizdir. 

Ölkənin hər yerindən videolar sosial şəbəkələrə gəlməkdədir. Ilham Əliyevin qalib elan olunduğu seçkidəki saxtakarlıq, həm də son dərəcə həyasız saxtakarlıq faktlarla sübut olunmaqdadır.

Dünyanın nüfuzlu dövlətləri, təşkilatları da bir-birinin ardınca mövqeyini ortaya qoyur və bu seçkinin nəticələrini tanımadıqlarını, seçkinin beynəlxalq standartlara cavab vermədiyini açıqlayırlar. Ilham Əliyevə gələn təbriklər içində dünyanın hörmət etdiyi heç bir liderin, dövlət başçısının adı yoxdur. Təbriklərin çoxluğu görüntüsünü yaratmaq üçün hansısa merin, senatorun, kanalizasiya idarəsi rəisinin və s. adından mətnlər telekanalların (istisnasız) əsas xəbər başlıqlarını bəzəyir. Bunlar o qədər çarəsiz durumdadırlar ki, saman çöpünə də əl atırlar. Srağagün ABŞ prezidenti Barak Obamanın adından Ilham Əliyevə Qurban Bayramı təbriki gəlib. Fikir verin, bunlar başlığı belə verirlər: “Obama Ilham Əliyevi təbrik etdi”. Ümumi girdirmə təbriklər fonunda tamaşaçını bu yolla aldatmağa cəhd edirlər. Etiraf edək ki, buna qismən nail də olublar. Bir neçə nəfər mənə zəng vurub Obamanın həqiqətənmi Ilham Əliyevi seçki münasibətilə təbrik etdiyini soruşublar.

Bunları niyə xatırlatdım. S.Novruzovdan yuxarıda gətirdiyim sitata qayıdaq. Ölkəni cəngəlliyə çeviriblər, özlərinin qəbul etdikləri heç bir qanuna tüpürmək belə istəmirlər, dövləti cinayət törədib seçkini saxtalaşdırırlar, bu saxtakarlığı bütün dünya görür və lənətləyir. Siyavuş Novruzovsa “Hamı istənilən addımı atan zaman Azərbaycan qanunlarına hörmət etməlidir” deyir. Hanı nümunə? Bunları tələb edən özü ortaya mövqe qoymalıdır. Başqaları da  görüb nümunə götürməlidir. Heydər Əliyevdən üzü bəri Azərbaycan cəngəllik qanunları ilə idarə olunur. Ilham Əliyev hakimiyyəti dönəmində bunlar cəngəlliyin lap dərin qatlarına gedib çıxdılar. 

Korrupsiya, rüşvətxorluq dövlət siyasətinə çevrildi. Tofiq Fikrət burda deyirdi:

Dövlətsə də, qanunsa da artıq yetər olsun.

Artıq yetər olsun bu dəni zülmü cəhalət.

Bəlkə, Ilham Əliyev Dubayda 75 milyonluq villaları qanunla alıb? Bəlkə, ofşor zonalara 48 milyardı qanunla ötürüb? Bəlkə, “Çovdar” qızıl yatağını qanunla ailə üzvlərinə verib? Bəlkə, banklar qanunla ailənin adına özəlləşdirilib? Sualları uzatmaq olar. Ancaq bununla da yetərlənmək mümkündür. 

Həm də indi Siyavuş Novruzovun təmsil olunduğu hakimiyyətin başqa suallara cavab vermək zamanıdır. O suallar gəlməkdədir. Cavabı da çox çətin suallardır. Məsələn, suallardan biri belə ola bilər: XXI əsrdə bu şəkildə seçkini necə keçiriblər? Yəni normal insan belə şeyləri nəinki həyata keçirər, heç ağlına belə gətirməyi özünə yaraşdırmaz.

Milli Şura yarananda onun tezliklə dağılacağını dedilər, dağılmadı.

Milli Şura vahid namizəd müəyyənləşdirəndə onun tezliklə parçalanacağını dedilər, parçalanmadı.

Professor Cəmil Həsənliyə “dublyor namizəd” dedilər, ancaq çox hörmətli müəllimin (prezidentimizin) 6 dəqiqəlik çıxışı qarşısında davam gətirə bilmədilər, rəzil oldular.

Milli Şuranı Biləcəridən o yana heç kimin tanımadığını, Ilham Əliyevisə dünyanın qəbul etdiyi lider olduğunu dedilər…

Yeri gəlmişkən, Siyavuşdan daha bir sitat: “Bu mitinqin əvvəlkindən tək bir fərqi vardı. Hiss olunurdu ki, bu mitinqin idarə olunmasında hansısa xarici qüvvənin, təşkilatın əli var”.

Bəs nə oldu? Deyirdiz Ilham Əliyev dünya şöhrətlidir, regionun lideridir, onunla hesablaşmadan heç quş da uça bilməz. Hələ Buşdan danışmıram. Hanı Əliyevlə hesablaşan qüvvələr? Bəlkə, Lukaşenko, Putin, yaxud Monteneqro, Serbiya prezidentlərinin… “Mərmərə qrupu”, Atilla Kaya və başqa bu kimi siyasət alverçilərinin adlarını çəkəsiniz? 

Son sitat: “Milli Şurada toplaşan müxalifətin bu gün keçirdiyi mitinq seçkidən əvvəlki mitinqlərdən heç nə ilə fərqlənmədi. Həminki adamlar, həminki sifətlər idi”.

Görəsən Siyavuş Novruzov mitinqə hansı kameradan baxıb? Tribunanın solundakı binanın üstünə quraşdırdıqları kameradan baxıbsa, o kameranın tuşlandığı istiqamətdə özlərinin mülki geyimli… nələrisə dayanmışdı.

O sifətləri biz də yaxşı tanıyırıq…