“Seçki” hit-paradı

1.Sərdar Cəlaloğlu, prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri: “Demokratiya və siyasi etika xatirinə etiraf edirəm ki, mən məğlub olmuşam, Ilham Əliyev də qalib gəlib”.

“Məni təhqir etmək üçün Hafiz Hacıyevdən də az səs yazdılar”. Eyni gündə(!) səslənən bu fikir də Sərdar bəyə aiddir. 

2.Iqbal Ağazadə, prezidentliyə namizəd, Ümid partiyasının sədri: “Mən Ilham Əliyevə uğurlar arzulayıram, istərdim ki, bizim seçki təbliğatı zamanı səsləndirdiyimiz problemlər qısa zamanda həll olunsun”. 

“Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlını təbrik edirəm, arzuna çatdın. Iqbal bəy, Ilham Əliyevin adını gec də olsa çəkdi.

3.Məzahir Pənahov MSK sədri: “Azadlıq” qəzetinin əməkdaşı Xaqani Əliyev xuliqanlıq edərək Cəbrayıl seçki dairəsinin məntəqələrinin birində seçki keçirilməsinə müdaxilələr edib, seçicilərə təzyiq göstərib. Bunu çəkib bizə göndəriblər (montajı yaman uzun çəkir – X.Ə.)“.

Birincisi, əsl xuliqanlıq cənab Məzahir Pənahov, yaşayış binasının qarşısından 5 metr aralıda qanusuz olaraq avtomobil və xalça yumaq üçün “moyka” tikib, 12 il ərzində sakinlərin gününü göy əskiyə bükməkdir. Körpə uşaqlar hər gün sizin 5-10 manatınız ucbatından gecə saat 11-dən sonra yuxuya gedirlər. Şikayət edənlərə isə “prezidenti mən seçirəm” deyə hədə-qorxu gəlmək isə, xuliqanlıqla bərabər həm də saxtakarlığın etirafıdır. 

Ikincisi isə, mən seçki məntəqəsində sizin imzaladığınız məşvərətçi səs hüquqlu məntəqə üzvü kimi getmişdim və məntəqə sədri və hakimiyyət nümayəndələrinin seçkiyə müdaxiləsinə etirazıma görə polis məni oradan uzaqlaşdırdı. Məni müdafiə etməyə qanunla ilk borclu siz olmalı olduğunuz halda, ən azı susmaq əvəzinə mənə böhtan atdınız… 

4.Elton Məmmədov:”Kimsə qərəzli mövqedən gəlib dövlətçilik prinsiplərinə zidd addımlar atmaq və sifarişli məsələləri həyata keçirmək istəyirsə, ona nəinki Ziya və Elton Məmmədovun bacısı Məhbubə Məmmədova, eyni zamanda digərləri də heç vaxt yol verməyəcək”. 

Nazir qardaşı adi məktəb direktoru olan bacısının T.Əliyev küçəsindəki dəyəri milyonlarla ölçülən imarətinin hansı dövlətçilik prinsipləri əsasında əldə etdiyindən də danışsa, fikrimcə, pis olmazdı.

5.Əli Həsənov, PA ictimai-siyasi şöbəsinin müdiri: “Belə getsə, Azərbaycan dövləti gələcəkdə ATƏT-lə və digər beynəlxalq təşkilatlarla əvvəlki münasibətləri davam etdirməklə yanaşı, DTIHB-lə əməkdaşlıq məsələlərinə yenidən baxmalı olacaqdır”.

Belə getsə, dünya da sizin “bura Liviya deyil, Azərbaycandır” bəyanatınıza yenidən baxmalı olacaq. 

6.Əli Əhmədov, YAP-ın icra katibi: “Mən ATƏT-in DTIH bürosunun prezident seçkilərinin nəticəsinə dair ilkin hesabatını qeyri-obyektiv və qərəzli hesab edirəm. Bu hesabat mahiyyətinə görə Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir”.

Iki gündür müşahidə edirəm, Ilham Əliyevin qələbəsi haqda danışanların gözlərində sevincdən çox, total saxtakarlığa görə kədərə bənzər bir qorxu da var. Yalnız Əli Əhmədovdan başqa. Bu, 20 ildir ki, fəaliyyətini dayandıran duyğu və hisslərin instiktiv vərdişlər sistemi ilə əvəz olunması deməkdir.

6.Siyavuş Novruzov, YAP icra katibinin müavini: “23 gün ərzində Milli Şuranın cəmi 14 görüşü olub. Niyə ATƏT sual vermir ki, 14 görüşlə prezident seçmək olar?. 

Necə deyərlər, “qarğa məndə qoz var”… Bu sual əslində, 23 gün ərzində bir dəfə də seçicilərin qarşısına çıxmağa cəsarət etməyən Ilham Əliyevə verilməlidir. 

7.Novruz Məmmədov, PA xarici əlaqələr şöbəsinin müdiri: “Ketrin Eşton və Ştefan Fule gedib öz işləri ilə məşğul olsalar yaxşıdır”.

Razılaşın ki, Bakı metropoliteninin rəisi Tağı Əhmədov daha məntiqli cavab verə bilərdi. 

8.Sureş Kesva, Hindistandan gələn müşahidə qrupunun rəhbəri: “Biz hesab edirik ki, Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkiləri şəffaf, azad və ədalətli seçki olmuşdur”.

Nəzərinizə çatdırım ki, Sureş Kesva müvəqqəti olaraq Bombeydə məskunlaşmış Pakistan qaçqınıdır… 

9.Meltem TV (Türkiyə): “Səslərin 84 faizini alan… Heydər Əliyev(!) 3-cü kez cumhurbaşkanı seçildi”…

Iqtidarla məzələnən bu “kardeş” kanalın sahibi Heydər Başdır.

10.Məleykə Əsədova, xalq artisti: “Müxalifətçilər, sizə söyləmişdim axı, özünüzü boş yerə yormayın, Prezident seçilibdir, çalışın gələn seçkilərdə bir daha səhv eləyib özünüzü yormayasınız, sakit işinizlə məşğul olun!” 

Müraciətin birinci hissəsində xalq artisti seçkinin əvvəlcədən saxtalaşdırılacağını bildirir, ikinci hissəsində isə onu boykot etməyə çağırır. Təşəkkürlər, Primadonna…