Başlıq Ərdoğanın üçüncü dəfə prezident “seçilən” Ilham Əliyevə ünvanladığı təbrikdəndir. Azərbaycanın indiki durumuna bundan sərrast ifadə tapmaq çətindir. “One minute” ilə uzun müddət dünyanın diqqətində olan Türkiyə baş nazirinin bu sözləri də ən azı Azərbaycanda hələ xeyli müzakirə mövzusu olacaq. Bu barədə bir qədər sonra.
Keçək ölkəmizin həyatında çox böyük önəmi olan seçkiyə.
Daha bir saxtakarlıq faktını yaşadıq. Bunu seçki adlandırmaq özü xalqa xəyanət, Ilham Əliyev komandasının törətdiyi dövləti cinayətə şərik çıxmaqdır. Buna heç vaxt getmək olmaz. Xalqın zorlanmış iradəsinə qarşı mübarizə aparmaq indi başlıca vəzifə olmalıdır, hər kəs üçün.
Ancaq adamları indi qıcıqlandıran, daha çox özündən çıxaran Ilham Əliyevə gələn təbriklərdir. Xüsusilə də bu təbriklər içərisində Türkiyə rəsmilərinin adının olması qardaş ölkəyə sonsuz sevgisi olanlarda xəyal qırıqlığı yaradır. Onlar bu seçkidə qardaş ölkədən belə mövqe gözləmədiklərini deyirlər. “Demokratik dəyərlərə önəm verən dövlət başçıları üçüncü müddət prezidentliyə gedən şəxsi təbrik etməməlidirlər, seçki şəffaf keçirilsə də belə”. Ancaq saxtakarlığın miqyasına görə əvvəlki seçkilərdən fərqlənən bu seçkiyə dərhal reaksiya verib, rəsmi nəticələr açıqlanmadan təbrik yollamaq o başçıların özlərinin hansı yuvanın quşu olduğunun göstəricisidir.
Azərbaycanda Ərdoğana münasibət onsuz da birmənalı deyil, çoxları onun Türkiyəni uçuruma apardığı qənaətindədir. Onlar düşünür ki, Ərdoğanın populist addımları, açıqlamaları müəyyən müddətə uğur qazana bilər, sonda Türkiyə cəmiyyəti ona yerini göstərəcək, layiq olduğu məqama yetişdirəcək. Təbrik yollayan o biri dövlət başçıları isə bəllidir. Çoxlarının Azərbaycanda biznes maraqları var, yaxud o ölkələrə Azərbaycan məmurları xalqdan oğurladıqları pulla böyük investisiya qoyublar, həmin ölkələrin büdcəsinə külli miqdarda pullar ödəyirlər. Məsələn, Lukaşenko niyə təbrik etməsin? Azərbaycan vətəndaşına 25-35 faizlə verilən kredit Belarusa 1 faizlə verilir, bəlkə də bağışlanır. Yada salaq ki, həmin vaxt Lukaşenko bu yaxşılığı heç vaxt unutmayacağını, məqamı gələndə əvəzini verəcəyini demişdi. Indiyə qədər bu yaxşılıqların əvəzini neçə dəfə və necə verdiyini deyə bilmərik. Ancaq son fürsət də həmin məqamlardan biridir, dünya seçkiyə saxta deyir, sənsə dərhal qələbə münasibətilə təbrik göndərirsən.
Putinin bu seçkidə Azərbaycandan qopardıqları ilə bağlı fantastik rəqəmlər səsləndirilir. Rüstəm Ibrahimbəyov məsələsində Əliyevin Putinlə anlaşması deyilənlərin gerçək olduğunu təsdiqləyir. Üstəlik, seçkidə tək-tük barmağa vurulan mürəkkəb qurumamış göndərilən təbrik də Putinin Azərbaycan “sevgisinin” əsassız olmadığını göstərir.
Ac ölkəsinə böyük pullar yatırılan Monteneqro rəhbərini Azərbaycanda seçkinin necə keçirilməsi qətiyyən ilgiləndirmir, oğruların, quldurların hakimiyyəti onun maraqlarına, həm də təkcə şəxsi yox, vətəndaşlarının maraqlarına cavab verir.
Qaldı Türkiyəyə, məncə, bundan da sınmağa dəyməz. Türkiyə hakimiyyətinin Azərbaycan hakimiyyətinə münasibəti yaxşı deyil. Onlar kiminlə, hansı saxtakarla, saxta yolla seçilmiş hansı prezidentlə, korrupsionerlə görüşdüklərinin fərqindədirlər. Sadəcə etiket, protokol qaydaları var. Bir neçə il qabaq Azərbaycana səfəri zamanı Fəxri xiyabana aparılan Ərdoğan əlindəki gülləri açıq-aşkar qəbrin üstünə tulladı, qoymadı. Sifət cizgilərindən də onun bura məcburiyyət qarşısında gəldiyi görünürdü.
Ərdoğanın Azərbaycanı “sabitlik abidəsi” adlandırmasının arxasında başqa məqamlar dayanır. Əliyevlərin sayəsində bu ölkənin başdan-başa abidəyə büründüyü, ölkədə bir qəbiristanlıq sükutu yaşandığı göstərilir. Diqqətlə oxuyun!