Britaniya da ATƏT-in mövqeyini dəstəklədi

Devid Lidinqton: «Biz Azərbaycandakı seçkilərlə bağlı ATƏT-in narahatlığını bölüşürük»

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun Azərbaycanda prezident seçkilərilə bağlı narahatlığını bölüşdüyünü bəyan edib.
“ATƏT-in bəyanatında bəzi müsbət məqamlarla yanaşı, bir xeyli ciddi problemlərdən bəhs olunur. Məsələn, ifadə, toplaşma, birləşmə azadlıqlarının pozulması, seçki kampaniyası zamanı namizədlər və jurnalistlərə qarşı hədə-qorxu halları baş verib. Eyni zamanda, səsvermə günü də ciddi pozuntular qeydə alınıb. Mən səsvermənin dinc şəraitdə keçməsilə bağlı müsbət məqamı alqışlamaqla yanaşı, Azərbaycandakı seçkinin ATƏT qarşısında götürülmüş öhdəliklərə cavab vermədiyinə dair narahatlığı da bölüşürəm. Mən səbrsizliklə ATƏT-in Müşahidə Missiyasının yekun hesabatını gözləyirəm. Eyni zamanda, Azərbaycan hökumətini ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosuyla əməkdaşlığı davam etdirərək, bu qurumun tövsiyələrini yerinə yetirməyə çağırırıq”, – deyə Devid Lidinqton bildirib.
Nazir onu da əlavə edib ki, Böyük Britaniya demokratiyaya keçid məsələsində Azərbaycanı dəstəkləməyə hazırdır.

Aytən