Xalq YAP-ın bayram aksiyasını boykot etdi

Nurəddin Məmmədli: «Saxtakarlıqdan sonra hakimiyyətin bayram təşkil etməsi onlara qarşı xalqda olan nifrəti artırır»

Seçki prosesi tam başa çatmamış hakim partiyanın şəhərin mərkəzində – “Sahil” bağında düzənlədiyi bayram şənliyi sözün əsl mənasında fiaskoya uğradı. Seçki bitər-bitməz baş verən saxtakarlığı əvvəlcədən planlaşdırırmış kimi dərhal aksiya keçirən hakim partiya meriyadan buna görə heç icazə almağı belə yadına salmayıb. Halbuki YAP başqa vaxtı aksiya keçirməmişdən əvvəl Bakı Şəhər Icra Hakimiyyətindən razılıq alınmasını vacib şərt kimi qeyd edir. Amma biz diqqəti əsas bu məsələnin üstünə yönəltmək istəmirik. Baxmayaraq ki, reallaşdırılan bu aksiya da ciddi qanun pozuntusu idi.

Aksiya zamanı diqqət çəkən əsas məqam seçkidə 3 milyondan çox səs aldığını, 600 min üzvü olduğunu iddia edən bir təşkilatın bayram aksiyasına 300 nəfəri belə yığa bilməməsidir.

AXCP sədrinin müavini Nurəddin Məmmədli YAP-ın şənliyinə dəstəyin verilməməsini təsadüfi saymır. Budəfəki seçkilərdə saxtakarlığın miqyasının bütün hədləri aşdığını deyən N.Məmmədli bildirdi ki, seçkidə saxtakarlığın bütün elementlərindən istifadə olunub: “Azərbaycanda bu gün üçün real seçicilərin sayı 3 milyon deyil. Amma hakimiyyətin statistikasına diqqət yetirəndə tam fərqli rəqəmləri görürsən. YAP-ın seçkidən sonra keçirilən aksiyasında əhalinin iştirak etməməsi vətəndaşlarımızın saxtakarlığa qarşı olmasının göstəricisidir. Hamı baş verən saxtakarlığı qınayır. Əhalini saxtakarlıqdan daha çox seçkidən sonra YAP-ın süni bayram ovqatı yaratması narahat edir. Əhali YAP-ın bu bayramını xalqı təhqir etməsi kimi qəbul edir. Saxtakarlıqdan sonra hakimiyyətin bayram təşkil etməsi özləri də bilmədən onlara qarşı xalqda olan nifrəti artırır”.

Xəyal