Turqut Ər: «Bu təbriklər baş verən saxtakarlıqları ört-basdır edə bilməz»
Elxan Şahinoğlu: «Türkiyə rəhbərliyinin təbriki ədalət çağırışından yox, geosiyasi maraqlarından irəli gəlir»
Türkiyə prezidenti Abdullah Gül və baş naziri Rəcəb Tayyib Ərdoğan Ilham Əliyevə telefonla zəng edərək təbrik ediblər. Türkiyə rəhbərliyi Azərbaycanda seçkilərin tam demokratik və beynəlxalq standartlara uyğun olaraq keçirildiyini bəyan ediblər.
Amma maraqlıdır ki, son illər Türkiyə yürütdüyü xarici siyasətdə demokratik prinsiplərə sadiq qaldığını bəyan edərək, demokratik dəyərlərin qoruyucusu olduğunu bəyan edib. Türkiyə ərəb baharı baş verən ölkələrdə haqq və ədalətin qoruyucusu kimi çıxış etsə də Azərbaycana yanaşmada biz bunu müşahidə etmirik. Türkiyənin istər hakim partiyasının təmsilçisinin AŞ PA-dakı bəyanatları, istərsə də Türkiyədən Azərbaycana seçkiləri izləməyə gələn nümayəndə heyətinin YAP-ın mövqeyi ilə fərqlənməyən rəyləri bunu deməyə əsas verir. Budəfəki seçki də istisna olmadı. Bəs bu cür münasibətin sərgələnməsinin səbəbi nədir?
Türkiyənin Bakıdakı səfirlyinin mətbuat müşaviri vəzifəsində çalışmış, “Azadlıqdan tiranlığa” kitabının müəllifiÿ Turqut Ərin fikrincə, bu tip təbriklər diplomatik jest xarakterlidir. T.Ər hesab edir ki, ölkədəki siyasi situasiyaya və gələcəkdə baş verə biləcəklərə təsir etmək gücündə olan qüvvə yalnız xalqın iradəsidir: “Gəlin gözləyək, görək Azərbaycanda baş verən seçki saxtakarlığının beynəlxalq mediyaya, Türkiyə mətbuatına konkret faktlarla çıxarılması hansı nəticələri verəcək. Türkiyə prezidenti və baş nazirinin təbrikləri bir diplomatik jestdir. Bu təbriklər baş verən saxtakarlıqları ört-basdır edə bilməz. Azərbaycanda baş verənlər tam çılpaqlığı ilə Türkiyə ictimaiyyətinə çatdırılarsa, münasibət və reaksiya tam fərqli ola bilər. Əslində Azərbaycanda seçkilərin saxtalaşdırılacağı əvvəlcədən bilinirdi. Hazırda əsas sual Milli Şuranın namizədi Cəmil Həsənliyə səs verən çoxluğun bundan sonra hansı addımı atacağıdır. Başqa ölkələrin rəylərinin önəmi yoxdur. Cəmil Həsənliyə səs vermiş Azərbaycan xalqı yaranmış situasiyada meydanlarda öz səsini qorumalıdır. Xalq səsinin hara getdiyini soruşmalı və səssinə sahib çıxmalıdır”.
Azərbaycan xalqının baş verən saxtakarlığın öhdəsindən gələ biləcəyinə inanan T.Ər vurğuladı ki, baş verən saxtakarlıq faktları dünya birliyinə çatdırılmalıdır ki, demokratiya uğrunda mübarizədə dəstək alınsın: “Dünyanın heç bir yerində totalitar qurluşlar qalib gəlməyiblər. Önəmli olan millətin səsinə sahib çıxmasıdır. Azərbaycanda haqq və ədalət uğrunda mübarizə aparanlar sonda mütləq qalib gələcəklər”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirdi ki, Türkiyə demokratiya uğrunda ABŞ kimi sona qədər mübarizə aparacağını heç zaman bəyan etməyib. Rəsmi Ankaranın daha çox sevdiyi tezisin “ədalət uğrunda mübarizə” olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, Türkiyə seçki pozuntusu ilə bağlı hələ indiyə qədər sərt reaksiya verməyib: “2003-cü ildə də Ərdoğan Ilham Əliyevi təbrik edənlər sırasında birinci idi. Bu dəfə də bu baş verdi. Bu isə Ərdoğanın ədalət çağrışından yox, geosiyasi maraqlarından irəli gəlir. Çünki Türkiyə Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır. Son illərə diqqət yetirsək, Türkiyə hökumətinin Bakıdakı səfirliyin Azərbaycandakı digər qüvvələrlə təmaslar qurmadığını görürük. Türkiyə yalnız Azərbaycan hökuməti ilə təmas quraraq, bu əməkdaşlığı dərinləşdirməyə çalışır. Türkiyə Azərbaycanla olan viza rejiminin ləğvini istəyir”.
Xəyal