“9 oktyabrda xalqa qarşı cinayət törədilib”

Cəmil Həsənli seçkini saxtalaşdıranların cəzalandırılacağını bəyan etdi VİDEO

Milli Şuranın namizdəi vəkilləri və səlahiyyətli nümayəndələri ilə görüşdü

Oktyabrın 11-də Müsavat Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənlinin vəkilləri və səlahiyyətli nümayəndələri ilə görüşü keçirildi.

“Oktyabrın 9-u Azərbaycanda seçki yox, hakimiyyətin mənimsənilməsi baş verdi”

Cəmil Həsənli çıxışına seçki günü fədakarlıq edən bütün Milli Şura üzvlərinə öz təşəkkürüylə başladı: “Biz deyirdik ki, bu hakimiyyət ölkədə seçki keçirmək istəmir. Iqtidar sadəcə, seçki görüntüsü yaratmaq niyyətində idi. Hakimiyyətin saxtakarlığını ATƏT də təsdiqlədi. Onların ilkin rəyi bu seçkilərin saxtalaşdırıldığını deməyə tam imkan verir. Beynəlxalq təşkilatlar Azərbaycandakı seçki mənzərəsini açıq-aydın ortaya qoydu. Bilirsiniz ki, seçki dəyərləndirilməsi baxımından özünə hörmət edən ölkələrin hamısı ATƏT-in bu sənədinə istinad edəcək. Xarici media seçkinin total saxtalaşdırıldığı ilə bağlı reportajlar verdi. Ayın 9-u Azərbaycanda seçki yox, hakimiyyətin mənimsənilməsi baş verdi. Bu, Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətdir. Bizim və ATƏT-in, ABŞ Dövlət Departamentinin rəyinə görə, həmin gün Azərbaycanda ən ağır cinayət törədildi”.

Cəmil Həsənli qeyd etdi ki, MSK rəhbəri Məzahir Pənahov qanun qarşısında cavab verəcək: “O, seçkinin saxtalaşdırılması və hakimiyyətin mənimsənilməsində iştirak edib. Bu prosesdə iştirak edən hər kəs qanun qarşısında cavab verəcək, məsuliyyətə cəlb olunacaq”.
Milli Şuranın vahid namizədi ATƏT-in ümumi rəyindən razı qaldığını, ancaq seçicilərin seçkidə iştirak etmə fəallığı ilə bağlı qeyd edilən rəqəmin düzgün olmadığını söylədi: “Seçicilərdən 20 faizi fəallıqla iştirak ediblər və onların əksəriyyəti də Milli Şuranın namizədinə səs veriblər”.

İsa Qəmbər: “Sizi təbrik edirəm, cənab prezident”

Sonra söz Müsavat başqanı Isa Qəmbərə verildi. Isa Qəmbər çıxışına “Sizi təbrik edirəm, Cənab Prezident” cümləsiylə başladı: “Seçkinin saxtalaşdırılmasına görə beynəlxalq birliyin münasibətləri davam edəcək. Biz bu qələbəni demokratik düşərgənin bir araya gəlməsi nəticəsində əldə etdik. Sizlərin, fədakar insanların fəaliyyəti nəticəsində biz bu qələbəyə nail olduq. Qəhrəman gənclərimiz böyük uğura imza atdılar. Ziyalılarımız qətiyyətli addımları ilə yadda qaldılar. Müşahidələrimiz əsasında deyə bilərik ki, seçkiyə gələn insanların çoxu Cəmil Həsənliyə səs verib. Bizim ilkin rəyimizdə bu faktlar yerini tapıb. ATƏT-in rəyi də ölkədə seçkinin necə saxtalaşdırıldığını ortaya qoydu. Iş davam etməlidir. Seçkinin saxtalaşdırıldığı ilə bağlı əlimizdə kifayət qədər sübutlar var. Bunları toplayıb seçkinin nəticələrinin ləğvinə çalışmalıyıq. Xalqımızla, vətəndaşımızla işimizi davam etdirməliyik. Çünki bu rejimə xalqımız özü son qoyacaq və Əliyev rejimini tarixin arxivinə göndərəcək. Yaxın müddətdə hədəflərimiz bu olmalıdır. Əminəm ki, birgə fəaliyyətimiz və qətiyyətimizlə biz buna nail olacağıq”.
Müsavat başqanı “Cəmil Həsənli 2018-ci ilə qədər bizim prezidentimizdir” fikriylə tamamladı.

Əli Kərimli: “ATƏT-in seçki hesabatı 2003-cü ildə Ukraynada ”Narıncı inqilab”a gətirib çıxarmış hesabatlardan daha sərtdir”

Çıxış edən AXCP sədri Əli Kərimli bildirdi ki, Milli Şura, Cəmil Həsənli və xalq bu seçkidən qələbə ilə çıxdı: “Bizlər, xalqımız bu seçki kampaniyası ilə yeni bir xalq hərəkatının əsasını qoyduq. Bu xalq hərəkatı Azərbaycana demokratiyanı gətirəcək. ATƏT-in seçki hesabatı 2003-cü ildə Ukraynada ”Narıncı inqilab”a gətirib çıxarmış hesabatlardan daha sərtdir. Bunu Azərbaycan xalqı bilməlidir. Bizim mübarizəmiz ATƏT-ə və ya beynəlxalq birliyə dayanmayıb. Hakimiyyət hazırda elə bir fon yaradıb ki, guya hamı satqındır. Və bunlar pulları ilə onları satın alıblar. Əslində dünyanın əsl demokratları gerçəkliyi bilir. Ilham Əliyevin qələbəsinin heç bir hüquqi əsası yoxdur. Seçki total şəkildə saxtalaşdırılıb. 12 oktyabra təyin olunmuş mitinq çox önəmlidir. Biz bu mitinqdə xalqımızla açıq danışmalıyıq. Tez toparlanıb, tez təşkilatlansaq, haqq elədiyimiz qələbəyə tez nail olacağıq”.
Əli Kərimli qeyd etdi ki, qələbə çox çətin, qeyri-bərabər şəkildə əldə olunub: “Təsəvvür etmək çətin idi ki, 7-8 il bütün resurslarından məhrum edilmiş, mütəmadi olaraq repressiya altında olan sıxışdırılan, hər cür imkanlardan – xalqla təmasdan mərhum edilmiş müxalifət qüvvələri cəmi bir neçə ayın ərzində toparlanaraq bu qədər resursları olan hökuməti sandıq başında məğlub edəcək. Bunu təsəvvür etmək belə çətin idi. Hökumət də təssüvvür etmirdi. Ona görə də hakimiyyət özlərindən çox razı idi, baş gicəllənmələri var idi, Ilham Əliyev kampaniya aparmayacağını bəyan edirdi, ancaq Milli Şuranın toparlanması, uğurlu vahid namizəd seçilməsi və ən əsası, Cəmil müəllimin üzərinə düşən vəzifəni çox uğurla həyata keçirməsi, xalqın hökumət haqqında eşitmək istədiyi həqiqətləri o yüksək tribunadan ifadə etməsi bu qələbəyə gətirdi çıxardı”.

Pənah Hüseyn: “Mübarizə böyük coşqu ilə davam edəcək”

AXP lideri Pənah Hüseyn çıxışına Cəmil Həsənlini təbrik etməklə başladı: “Seçkidə iştirak olmasaydı bizim bu qələbəmiz olmayacaqdı. Çox çətin və mürəkkəb bir şəraitdə bir nəfər şəxs Azərbaycandakı siyasi vəziyyəti dəyişdirə bildi. Cəmil Həsənli öz mövqeyi və çıxışları ilə müxalifətin siyasi tarixində yadda qalan dərin izlər qoydu”.
P.Hüseyn qeyd etdi ki, buraya toplaşanlar xalqımız qarşısında bu imtahandan alnıaçıq çıxıblar: “Cəmil müəllimin seçki komandası çox böyük işlər gördü. Biz ruhdan düşməmişik. Prosesi ciddi şəkildə dəyərləndirəcəyik. Mübarizə böyük coşqu ilə davam edəcək”.
Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, ziyalı Hacıbaba Əzimov isə, 9 oktyabrı Azərbaycan xalqının azadlıq uğrunda, demokratiya uğrunda çox mühüm bir gün kimi qiymətləndirdi: “Bizim çoxumuzun arzuladığı qələbə əldə edildi. Milli Şura açıq-aşkar seçkidən qələbə ilə çıxdı. Milli Şuranın təşkilatçılığı, onun vahid namizədi Cəmil Həsənli böyük təşkilatçı olduğunu göstərməklə yanaşı, Azərbaycanı idarə etməyə layiq olduğunu da sübut etdi”.
H.Əzimov rəhbərlik etdiyi partiyanın seçkidə fəal iştirak etdiyini, onun üzvlərinin bir çox qanun pozuntularını aşkarladığını qeyd etdi.

“Xalqımızla birlikdə bu rejimdən biryolluq xilas olacağıq”

AMDP sədri Isgəndər Həmidov da Cəmil Həsənlini təbrik etməklə çıxşışına başladı: “Bu hakimiyyət illərdir iddia edir ki, ölkədə müxalifət yoxdur. Müxalifət kürsü davası aparır. Milli Şuranın, Cəmil Həsənlinin timsalında biz onlara göstərdik ki, Azərbaycan müxalifəti var və gec-tez qələbə çalacaq”.
I.Həmidov bildirdi ki, yeni xalq hərəkatı çox böyük və uğurlu başlanğıc götürüb: “Bizim bir hədəfimiz var. O da xalqa qənim kəsilən mövcud rejimi dəyişməkdir. Biz Əliyevlər rejiminə qarşı qalib gələcəyik. Xalqımızla birlikdə bu rejimdən birdəfəlik xilas olacağıq”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, seçkinin saxta olmayan bir nəticəsi Cəmil Həsənlinin simasında Azərbaycan xalqına çox böyük bir lider qazandırılmasıdır: “Səsverməyə gələnlərlə yanaşı, Cəmil bəyə dəstək verən, seçki yolu ilə nəyinsə dəyişiləcəyinə inanmadıqlarını bildirənlər də kifayət qədər idi. ATƏT və ABŞ Dövlət Departamenti bizim dönə-dönə dilə gətirdiyimiz seçki saxtakarlığını tanıdı. Bu, beynəlxalq ictimaiyyətin Əliyevlər hakimiyyətinə münasibətini ifadə edir. Biz Milli Şura olaraq Əliyev hakimiyyətinin legitimliyini sarsıtdıq. Özümüzdə bir inamsızlıq formalaşmışdı. Biz hakimiyyətə göstərdik ki, parasız, pulsuz, qoçu dəstələrsiz də nəyəsə nail olmaq olur”.
AXCP sədrinin müavini Milli Şura adından dünya dövlətlərinə müraciətlərin ünvanlanmasını təklifini irəli sürdü: “Həmin müraciətlərdə göstərilməlidir ki, keçirilmiş seçki saxtalaşdırılıb. Hakimiyyət qəsb edilib”.
Müsavat başqanının müavini Gülağa Aslanlı Milli Şuranın seçkidə qalib gəldiyini vurğuladı: “ATƏT-in yaydığı hesabatda deyilirdi ki, məntəqələrin 58 faizində səslərin sayılması çox pis olub. Seçki Məcəlləsində açıq şəkildə yazılıb ki, məntəqələrin beşdə ikisində nəticə şübhəli olarsa, seçkinin nəticələri ləğv edilməlidir. ATƏT-in hesabatı göstərir ki, seçkinin ləğv olunmasına bütün hüquqi əsaslar var”.
Tədbir Cəmil Həsənlinin digər səlahiyyətli nümayəndələri və vəkillərinin çıxışı ilə başa çatdı.

Ramin DEKO