45000 imza toplayıb namizəd olanlara, 20-30 min səs yazıldı
Eldəniz Quliyev: «Hafiz Hacıyev, Araz Əlizadə səviyyədə olan insana 40 imza da verməzlər və MSK-nın nəticəsi də bunu göstərdi»
Vidadi Mirkamal: «Ilham Əliyevə silahdaşlıq edən namizədlərə yazılan səslər hakimiyyətin bu adamlara verdiyi dəyəri göstərdi»
Azərbaycanda seçkilərin necə keçirilməsi, vətəndaşların bu seçkilərə münasibəti hamıya məlumdur. Seçki günü minlərlə məntəqədə qeydə alınan, fotolarla, video görüntülərlə təsdiq olunan faktlar onu göstərdi ki, hakimiyyət şəffaf seçki keçirəmyə hazır deyil və seçkilərin şəffaf keçiriləcəyi təqdirdə xalqın səsini ala bilməyəcəklərinə əmindirlər.
Ancaq indiki halda bizi maraqlandıran digər faktlardır. Bu il prezident seçkilərinə 10 namizəd qatılmışdı. Bu namizədlərin hər birinin hansı məqsədlə seçkiyə qatıldığı da aydındır. Ancaq hakimiyyət yerdə qalan namizədlərə yazdığı səs faiziylə həm özünü, həm də özünə vəkil seçdiyi namizədləri rüsvay etdi.
MSK-nın açıqlamasında Ədalət partiyasının sədri Ilyas Ismayılov – 1,09% (39 319 səs), ASDP sədri Araz Əlizadə – 0,86% (31 153 səs), MDH lideri Fərəc Quliyev – 0,86% (31 570 səs). Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev 0.66% (24354 səs), ADP sədri Sərdar Cəlaloğlu isə 0.61% (22568 səs) toplayıb. Bu adamlara bu səslərin yazılması Ilham Əliyevə yüksək faiz yazmaq üçündür. Yuxarıda adlarını sadaladığımız namizədlər namizəd olmaq üçün 45000 imza alıblar. Ancaq MSK-nın açıqlaması göstərdi ki, bu adamlar topladıqları imzanın yarısı qədər səs toplayırlar. Bu nəticələr məntiqi tamamilə inkar edir. Düzdür, biz bu seçkidə məntiq axtarmırıq. Çünki seçkilərin total şəkildə saxtalaşdırıldığı bir ölkədə məntiq rol oynamır.
Ancaq istənilən halda prezidentliyə namizəd olan insanlara bu səviyyədə səs yazılması bir çox mətləblərə aydınlıq gətirir.
Milli Şura üzvü Eldəniz Quliyev bildirdi ki, bu seçki hakimiyyətin növbəti cinayəti və yalançı namizədlərin ifşası idi: “Həqiqətən də bu seçkinin anoloqu yoxdur və bu seçkilər ölkədə poradoksal hal yaradıb. MSK adlı yalançı bir qurum mövcuddur və bu qurum istədiyi nəticəni elan edir. 45000 imza toplayan namizədə 20000 səs yazmaq yalanın etirafıdır. Qeyri-şəffaf, antidemokratik bir ölkədə demokratik seçki keçirilə bilməz. Növbəti dəfə ölkədə cinayət baş verdi və bu cinayətə saxta namizədlərlə yanaşı, müəllimlər, həkimlər də şərik oldu. Gələcəkdə öz yaşayışlarından ən çox narazı olanlar da bu təbəqənin nümayəndələri olacaq. O ki qaldı namizədlərin imza toplamasına, deyə bilərəm ki, Hafiz Hacıyev, Araz Əlizadə səviyyəsində adama nəinki 45000, hətta 45 səs də verməzlər. Şəxsiyyətsizliklə səs toplamaq olmaz. Bu adamlar böyük yalanın tərkib hissəsidir və yalan Azərbaycan siyasətinin məğzinə çevrilib. Bu adamlara 45000 imza toplayırlar, sonra nəticədə 20000 səs yazırlar. Bəzən insan izah verməyə də çətinlik çəkir. Əslində cəmiyyət dəniz kimidir və özünü çalxalyıb təmizləyir. Bizim cəmiyyət isə bu xüsusiyyəti itirmək üzrədir”.
Milli Şuranın üzvü, hüquqşünas Vidadi Mirkamal Azərbaycanda indiyə kimi bu səviyyədə saxtakarlığın olmadığını və hakimiyyətin bütün normaları aşdığını bildirdi: “Əvvəla onu deyim ki, bu seçki son 20 ilin ən ədalətsiz seçkisi idi və bu seçkinin ”qalib”i elan edilən Ilham Əliyevin 3-cü dəfə prezident olması qeyri-qanunidir. Ona görə də 8 nəfər yalançı namizədi seçkiyə buraxmaqla hakimiyyət demokratiya görüntüsü yaratmaq istədi. Ancaq bizim əlimizdə kifayət qədər seçki saxtakarlığı ilə bağlı faktlar var. Bizim müşahidələrimizə görə, ölkədə seçici aktivliyi 23 faiz olub. Hakimiyyət isə bunu 70 faizidən yüksək qiymətləndirib və bu təxminən 50 faiz seçicinin adına səslərin saxtalaşdırılmasıdır. Əslində bu seçkinin qalibi Cəmil Həsənlidir. Cəmil Həsənlinin səs faizini aşağı salmaq üçün digər namizədlərə daha aşağı səs yazmağa məcbur olublar. Digər tərəfdən, bu namizədlərin arasında elələri var ki, nəinki 40000, heç 10000 səs də yığa bilməz. Bu onu göstərir ki, bu namizədlər hakimiyyətin istəyi ilə namizəd olublar və seçkinin nəticəsi elan edilməmiş bu adamların Ilham Əliyevi təbrik etməsi də bunun sübutudur. Ancaq hakimiyyət bu adamlara ən aşağı səs faizi yamaqla onların əsl qiymətini göstərdi və bu adamlara ar olsun ki, bu səviyyəni özlərinə yaraşdırırlar”.
Ilham Hüseyn