Dünya uzunömürlü avtoritar liderlərlə necə etmək, nə etmək üstündə baş sındırarkən I.Əliyev çox asanca, heç bir müqavimətlə qarşılaşmadan, öz seçki qaydalarına sadiq qalaraq üçüncü dəfə prezident oldu.
Indi nəticələr elədir ki, hələ bir-iki gün onlar ilkin hesab ediləcək. Bu hakim partiyaya seçki qurtarandan iki saat sonra öz qərargahı qarşısında izdihamlı şadyanalıq keçirməyə mane olmadı. Ilkin nəticələrin hələ elan edilmədiyi vaxt onlar nəyi bayram edirdi?
Təsəvvür edin ki, dörd exit-poll-un nəticələrini! Bu nəticələr çox qəribə şəkildə bəzi telekanalların keçirdiyi rəy sorğusunun nəticələrini təsdiq edirdi. Heç birində I.Əliyevin “nəticə”si 80 faizdən aşağı olmadı. Hətta ən mötəbər, ən geniş şəbəkəsi olan sorğu mərkəzi belə seçkilərin nəticələrini belə dəqiqliklə müəyyən edə bilməzdi.
Ümumiyyətlə, normal ölkələrin praktikasında belə nəticələr olmur. Üstəlik, exit-poll-lar cəmi bir neçə məntəqəni əhatə edirdi. Bu nəticələrin əsasında ümumiləşmələr aparmaq, üstəlik, onları bayram etmək – bunu yalnız sorğunun nə olduğunu bilməyənlər edə bilərdi.
Maraqlı cəhətlərdən biri də o idi, bu seçki də də zurna-balabansız keçinmədi. Rayonlardan birində bir qocaman seçicinin məntəqəyə gəlişini toy-bayram kimi qeyd etdilər.
Bu ölkə Türkmənistan deyil!
Elə irəlicədən də böyük dəyişikliklər ümidi yox idi. Ən əvvəl Konstitusiya dəyişəndə bilmək lazım idi ki, ölkə hara gedir. O vaxt hamı bunu sükutla qarşıladı, hətta ən fəallar belə “Seçki ki qalır!” – deyərək özlərinə təskinlik verdilər.
Amma qarşı tərəfdə – müxalifət düşərgəsində vəziyyət hətta bundan da qəliz ola bilərdi. Etiraf etmək lazımdır ki, Milli Şuranın namizədi öz missiyasını çox ləyaqətlə başa vurdu. Əvvəl tərəddülər vardı. Kimi deyirdi ki, C.Həsənli böyük siyasətin adamı deyil, adi ziyalıdır. Başqa birisi iddia edirdi ki, bu adam iki dəfə deputat olub və istisna deyil ki, hakimiyyətlə müəyyən əlaqələri var. Amma o, bütün iradları alt-üst etdi. Bir detalı mütləq qeyd etmək lazımdır. Hakimiyyət tele-debatlarda elə şərait yaratmışdı ki, adi adam, xüsusən də ziyalı bir insan bu atmosferə dözə bilməzdi. Amma C.Həsənli dözdü və axıra qədər də sözünü dedi. Ona görə də ondan mümkün olandan artığını tələb etməyə dəyməz. O, nəyi bacardısa, onu da etdi. Bəlkə də bacardığından da çox etdi.
Hakmiyyətə göstərildi ki, bura hələ Türkmənistan deyil. Adi bir ziyalı, adi bir müəllim cəmi beş-altı dəqiqəyə hakimiyyətin bütün siyasətini alt-üst edə bilər, necə ki, C.Həsənli etdi. Nə I.Əliyevin vəkilləri, nə də onun siyasi peykləri C.Həsənli ilə debatda bacara bilmədi.
Ona görə də heç şübhə yoxdur ki, normal seçki keçirilsəydi C.Həsənli kifayət qədər səs toplayacaqdı. Amma vəziyyət nə göstərdi? Məlum oldu ki, hakimiyyət hətta orta göstərici müxalifət siyasətçisi ilə belə normal, demokratik seçki qaydaları ilə yarışmaq iqtidarında deyil.
Yenə də hər şey olduğu kimi qalacaq
Bəli, I.Əliyev növbəti dəfə prezident kimi qaldı. Bu o deməkdir ki, Qarabağ münaqişəsi ilə bağlı onun daxili auditoriyaya hesablanmış ucuz ritorikası, Avropa siyasətilə bağlı böyük qeyri-müəyyənlik, ölkə daxilində inhisarçılıq və korrupsiya, şəxsiyyətə pərəstiş olduğu kimi qalacaq.
Bu o deməkdir ki, daha beş il müxalifət təqib olunacaq, müstəqil gənclərin yolu təcridxanalardan, həbsdən keçəcək, neçə-neçə insan ölkəni tərk etmək məcburiyyətində qalacaq, millətin pulları köhnə binaların üzünün ağardılmasına, H.Əliyev mərkəzlərinin tikilməsinə sərf ediləcək.
Bəlkə də bu günlər sonuncu ümid günləri idi. Düşünülürdü ki, dünya uzunömürlü avtoritar liderlərlə çarpışarkən bir ölkədə onlardan birinin bərqərar olmasına imkan verilməz.
Amma bu ümidlər doğrulmadı. Zaman-zaman beynəlxalq təşkilatlar öz hesabatlarını açıqlayacaq, onları dəqiqləşdirəcək. Amma bu günlərin bir üstünlüyü var. Onlar azərbaycanlılara tək öz hakimiyyətlərini deyil, həm də dünyanı tanıdır.
B.Ivanişvili Gürcüstana nə verdi?
Elə bu ay Gürcüstanda da prezident seçkisi keçiriləcək. Bu müddət ərzində B.Ivanişvili ölkəsinə nə verdi? Bir müddətdir ki, Rusiya hərbəçiləri Osetiya ilə Abxaziyanı Gürcüstandan məftillərlə ayırmaqla məşğuldurlar.
Şərhə ehtiyac varmı?