Bir nəslin iki görkəmli alimi

Ilk azərbaycanlı müxbir üzv

OAzərbaycanın elə görkəmli şəxsiyyətlərindən biridir ki, titullarını saymaqla bitməz. Haqqında söz açacağımız alim SSRI Baş Geologiya Idarəsinin rəisi, SSRI-nin baş geoloqu, Stalinin müşaviri olmuş bir şəxsdir. Söhbət SSRI Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü Əli Əmiraslanovdan gedir…

Əli Əmiraslanov 1900-cü ildə Qubadlının Balahəsənli kəndindəÿ doğulub. Anasını dünyaya gəldiyi gün itirən Əlinin atası da 11 yaşı olanda, Birinci Dünya müharibəsində tatar polkunun tərkibində vuruşarkən həlak olub. Kiçik yaşlarından nənəsinin himayəsində böyüyən kiçik Əlinin dərdinin üstünə yeni dərd gəlir. Türkiyə, Naxçıvan, Irəvandan sonra Zəngəzurda fitnəkarlıq törədən erməni quldur dəstələri, burada da onların da kəndini, evlərini görünməmiş vəhşiliklə dağıdır. Bu soyqırımlarda ona körpəlikdən himayədarlıq etmiş nənəsini də bütün qohum-əqrəbaları ilə birlikdə diri-diri yandırırlar. Bundan sonra o, Şamaxı şəhər idarəsində yüksək vəzifədə çalışan dayısı Yusif ağanın yanına yola düşür. Dayısının ailəsində böyüyən və təhsil alan Əli qarşısına böyük hədəflər qoyur. Məşhur qəhrəmanlar nəsli sayılan Sultanovların yetişdirməsi Yusif ağa Rus-yapon müharibəsində igidliyi ilə ad-san qazanmış, rus hökumətinin ordenlərinə layiq görülmüş tanınmış ziyalı idi. Əmiraslanovlar da daxil olmaqla, bir çox tanınmış alim və ziyalılar məhz Yusif ağanın himayəsi ilə yaşayıb oxumuş, özlərinə həyatda mövqe tutub xalqa, vətənə layiqli xidmət göstərmişlər. 

Taleyin zərbələri gənc Əlini qarabaqara izləyir. Bu dəfə də daha bir qanlı qırğın onun pənah gətirdiyi Şamaxıda təkrar olunur. Gənc Əli bu dəfə yaşının az olmasına baxmayaraq, silah alıb erməni daşnaklarına qarşı döyüşlərdə iştirak edir.

Görkəmli şəxsiyyətin həyat yolu haqqında geniş məlumat Elvira Araslının “Insan və onun zamanı (atam haqqında xatirələr)” kitabında geniş əksini tapmışdır.  

Ə.Əmiraslanov Moskva Mədən Institutunda təhsil alıb. Ali məktəbi bitirdikdən sonra onun karyerası elmi-tədqiqat institutunda elmi işçidən SSRI Baş Geologiya Idarəsinin rəisi, Əlvan Metallurgiya Nazirliyinin idarə rəisi, kollegiya üzvü, Stalinin geologiya məsələləri üzrə müşaviri, geologiya-minerologiya elmləri doktoru, SSRI Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü kimi yüksək mərtəbələrə qədər gedib çıxır. Yalnız SSRI-nin deyil, eləcə də dünyanın 10-dan çox ölkəsinin zəngin mədənlərinin kəşfi, tədqiq olunması və işlənməsində Əmiraslanovun misilsiz xidmətləri var. O dövrdə xeyli məşhurlaşan alimi M.C.Bağırov bir neçə dəfə Azərbaycan Nazirlər Soveti sədrliyinə, Elmlərÿ Akademiyası prezidentliyinə dəvət etsə də, o elmi fəaliyyətini, geoloq-mühəndisliyini üstün tutmuş, Azərbaycan elmini Moskvada və xaricdə təmsil etməyi qərara almışdır. 

Nəslin ikinci məşhur siması 

Görkəmli alim bir çox Ittifaq əhəmiyyətli qurumda yüksək vəzifələr tutmuş, bir sıra beynəlxalq konqreslərdə, qurultaylarda əsas təşkilatçı və məruzəçi kimi iştirak etmişdir. Alimin onlarla sanballı elmi əsəri bu gün də dəyərli xəzinə kimi istifadə olunur. Onun layiqli yetirmələri isə xatirəsini yaşatmaq üçün açdığı elm yolunu davam etdirirlər.

Əli Əmiraslanovun böyük türk şairi Nazim Hikmət, onun azərbaycanlı tədqiqatçısı Əkbər Babayev, bir çox görkəmli alimlərlə dostluq, akademik Həmid Araslının ailəsi ilə qohumluq münasibətlərinə həsr olunmuş səhifələr də ibrətamizdir.

Böyük alimin həyatı bir sıra tarixi hadisələrlə eyni dövrə təsadüf etmişdir. O, Böyük Vətən müharibəsinin, Stalin repressiyalarının, sürgün dövrünün, Stalinin dəfn günündəki minlərlə insanın ölümüylə nəticələnən hadisələrin şahidi olub. 

Böyük elm xadimi Ə.Əmiraslanov cəmi ÿ62 il ömür sürümüşdür. O, 1962-ci ildə vəfat etdiyi Moskva şəhərində “Novodevijye” qəbristanlığında dəfn edilmişdir.

Bu nəslin başqa bir məşhur nümayəndəsi də Ə.Əmiraslanovun əmisi oğlu Mehbalı Əmiraslanov olub. Onların hər ikisi Yusif ağanın himayəsində böyüyüb, təhsil almışlar. O, tanınmış metallurq, inşaatçı, böyük istedada və enerciyə malik bir şəxs olub. M.Əmiraslanov da Moskvada Mədən Akademiyasını bitirdikdən sonra Leninqradda çalışmışdır. Daha sonralar ixtisaslı mütəxəssislərin çox qiymətli sayıldığı bir dövrdə Azərbaycana qayıdan mütəxəssis bir sıra məsul vəzifələrdə işləmişdir. 1939-cu ildə Toxuculuq Sənayesi xalq komissarı təyin edilmiş, müharibənin əvvəlində isə Azərbaycan KP MK-nın tikinti üzrə katibi seçilmişdir.

Böyük Vətən müharibəsində süvari korpusunun komissarı və atıcı diviziyanın siyasi şöbəsinin rəisi kimi iştirak etmişdir. Müharibə bitdikdən sonra onun “Zaqafqaziya-sənayetikinti” trestinin yaradılmasında böyük əməyi olmuşdur. 

Keşməkeşli və zəngin həyat yolu

1945-ci ildə faşist Almaniyası təslim olduqdan sonra o, məhsulu respublika üçün böyük əhəmiyyət kəsb edən Qaradağ Sement Zavodu da daxil olmaqla, Azərbaycan müəssisələri üçün qənimət avadanlıqların gətirilməsi işini məharətlə təşkil etməyi bacarmışdır. O, Sumqayıt boru-prokat zavodunun qurucusu və ilk direktoru, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, yenidən Mərkəzi Komitə katibi, büro üzvü, SSRI və Azərbaycan SSR Ali Sovetinin deputatı kimi zəngin ömür yolu keçmişdir. Yuxarıda adını qeyd etdiyimiz kitabda alimlə bağlı maraqlı bir xatirə var. Mir Cəfər Bağırovun məhkəməsində yalnız M.Əmiraslanov onun üzünə durmamışdır. O, həm də bəzi dəyərli insanları repressiya caynağından xilas etmişdir. M.Bağırovun MK katibliyindən Mingəçevir tikintisinə göndərdiyi, hansısa hərəkətinə görə narazı qalaraq “türk casusu” kimi həbsinə qərar verdiyi Islam Islamzadənin düşdüyü vəziyyət uzun illərin yaxın dostu M.Əmiraslanovu qəti hərəkətə sövq edir, özünü təhlükəyə qoyaraq gecəylə Islamzadəni xəlvətcə aradan çıxarıb Sumqayıta, oradan qatarla Moskvaya qaçırdır, sonra da bu məsələni yoluna qoyub onu Azərbaycan SSR-nin Moskvada daimi nümayəndəsi təyin etdirir.ÿ

Bakı Baş Tikinti Idarəsinin rəisi vəzifəsində çalışarkən onun birbaşa zəhmətinin nəticəsi olan M.F.Axundov adına Milli Kitabxana, “Azərbaycanfilm” kinostudiyası kimi onlarla bina, 54 məktəb və sair obyektlər inşa edilir. M.Əmiraslanov son vəzifəsindən – Azərbaycan SSR Dövlət Dağ-mədən Tikintisi Işlərinin Təhlükəsizliyi Komitəsinin sədrliyindən 1981-ci ilin yanvarında öz xahişi ilə təqaüdə çıxır, Ittifaq pensiyaçısı olur. 

Arxivlərdə Mehbalı Əmiraslanov barədə Moskvaya göndərilmiş, MK plenumunda da oxunan məktublar saxlanılır: “Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Əmiraslanovun atası Qubadlı bəylərindəndir. Qardaş və bacıları Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Irana qaçmışlar. Əmiraslanovun qohumu Xosrov Sultanov çar ordusu generalı, Dağlıq Qarabağın qubernatoru, müsavat hökumətinin üzvü olmuş, Türkiyəyə qaçmışdır. Əmiraslanov müharibə illərində Iranda möhtəkirlik etmişdir”. 

1984-cü il mayın 15-də dünyasını dəyişən M.Əmiraslanov 2-ci Fəxri Xiyabanda dəfn edilib.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir