Azərbaycan dünyəvi ölkədirmi?

Mərkəzi Seçki Komediyası (MSK) Ilham Əliyevə yazılan səs faizini açıqladı: 85 faizdən bir qədər az. Üçüncü dünya ölkələrinin “seçki” təcrübəsinə xas bu rəqəm ən azı, seçki saxtakarlığının özündən daha çox ağrıdır insanı. Təkcə bu rəqəmin özünün elan edilməsilə normal, gəlişmiş ölkələrdə insanların Azərbaycandakı idarəçilik haqqında nələr düşündüyünü asanlıqla təsəvvür edə bilərsiniz.

Təsəvvür edə bilməyənlər üçün dünən Türkiyənin ən nüfuzlu xəbər portallarındakı şərhlərə gözünün ucu ilə baxmaq kifayətdir. Məsələn, məşhur “hurriyet.com” saytı (http://www.hurriyet.com.tr/planet/24891003.asp) oxucularının “85 faiz”lə bağlı düşüncələrini bu ölkənin bir fərdi olaraq, utanc hissi keçirmədən oxumaq çətindir. Adamlar “seçki” adı altında hansı tamaşanın yaşandığını elə Əliyevə yazılan rəqəmlə çox aydın qiymətləndirə biliblər:

* Akın Topkarçı: “Çok komik, niye seçim yapıyorsunuz o zaman?”

* Selim Yalvac: “Müslüman ülkelerin hepsinde seçimler şaibeli, ülkeler perişan”.

* Olcay Reyent: “85 % :))) hmmm ne güzel… Gerçekmiymiş bu? Eper gerçekse, hiç bir zaman böyle abartılı sonuçlar çıkmaz, toplum her zaman çok seslidir… Bir apartman yönetiminde bile kaç aykırı ses çıkıyor… Kim inanır buna yaaa…”

Heç quşqunuz olmasın ki, Azərbaycana eyni ironiyalı, kinayəli baxış bu gün az-çox demokratiya dadmış ölkələrin hamısından boylanır. Onların hamısı üçün 9 oktyabrda bizim torpaqların üzərində nələrin baş verdiyi heç bir saxtakarlıq videosunu izləmədən belə, aydındır. Təkcə “85 faizlik qələbə”nin özü belə, artıq Azərbaycanın adını azad, tərəqqipərvər toplumlarda yüzminlərlə, milyonlarla insanın hafizəsinə çağdışı, demokratik dəyərlərdən tamam uzaq, hüquqa, azadlıqlara yad və yabanı bir ölkə kimi yazmışdır.

Indi onlar üçün Azərbaycan hakimiyyətin atadan oğula ötürüldüyü, bütün hakimiyyətin bir şəxsin əlində cəmləşdiyi, ona istəilən qədər iqtidar ömrü biçildiyi, milli iradənin yerlərdə süründüyü tipik müsəlman, Şərq ölkəsidir. Hər nə qədər bu saxtakarlıq tamaşasının müəllifləri və iştirakçıları geyim-geçimi ilə bir qərblidən fərqlənməsələr də…

Əmmamədən, səccadədən uzaq dursalar da…

Ən modern texniki icadlardan faydalansalar da…

Şəriətçi qiyafə yerinə bir fransız, bir alman, bir ingilis, xüləs, bir qərbli, bir avropalı kimi geyinsələr də, onların qəlbinin Səudiyyə Ərəbistanı ilə, Qətərlə, Suriya ilə, Birləşmiş Ərəb Əmirliyi ilə döyündüyünə artıq kimsədə zərrəcə şübhə qalmamışdır. 

Bir ölkə yalnız şəriət idarəetməsindən kənar durması ilə dünyəvi olmaz.

Yalnız “şəriətin kəsdiyi barmaq inciməz” təfəkküründən uzaq durmaqla, dünyəvi ola bilməzsiniz.

Dünyəvilik həm də “padşahın kəsdiyi barmaq ağrımaz” zehniyyətindən uzaq dayanmaqdır.

Milli iradənin üstünlüyünə inanmaqdır. Hüququn aliliyinə iman gətirməkdir.

Çağın ruhuna aykırı olan “ömürlük prezidentlik” sevdasına düşməməkdir.

Səni sevməyəni düşmən kimi görməməkdir.

Azad vətəndaşını dəmir barmaqlıqlar ardına gömmək yerinə, onunla qürur duya bilməkdir. Xalqına daha çox azadlıq bəxş etməkdir. Bir millətin taleyinin ancaq və ancaq bir nəfərdən, bir ailədən asılı olduğu qəflətinə qapılmamaqdır.

Yalnız bu halda, sənin ölkəndə gerçək dünyəvilikdən, çağdaşlıqdan danışmaq mümkündür. Hansı ki, 85 il öncə qurulan Xalq Cümhuriyyətinin qoyub getdiyi miras dünyanın çox yerində Azərbaycanın gələcəyinə, perspektivlərinə inam yaradırdı. O miras heç bir qiymətli hədiyyə, heç bir ənam, kürü-zad olmadan belə bir əcnəbinin Azərbaycan haqqında sayğı ilə düşünməsinə yol açırdı.

Amma yaptokratiya 85 il öncə yaranan mirası indi 85 faizlik səslə çilik-çilik etdi.

Bu gün 85 il öncəki mirasa deyil, bu 85 faizə baxıb Azərbaycan haqqında gəlişmiş, sayğıdəyər toplumlarda ağlı başında olan insanların artıq nə düşünməyə başladığını təsəvvür edəndə içim göynəyir. Sol yanım ağrıyır.

Bu vətənə necə qıydınız, necə?!