“0″-a qane olanların sükutu

Mehriban Vəzir: «Onlar özlərindən yalançı namizəd kimi istifadə olunmasına icazə veribsə, bu yerdə söz bitir…»

 Mərkəzi Seçki Komissiyası prezident seçkilərilə bağlı yekun nəticələri açıqlayıb. MSK-nın veb-səhifəsində yerləşdirilən məlumatlar bundan ibarətdir:

Ilham Əliyev 84,55 faiz (3 milyon 126 min 612 səs), Cəmil Həsənli 5,53 faiz (204 min 635 səs), Iqbal Ağazadə 2,4 faiz (88 min 667 səs), Qüdrət Həsənquliyev 1,99 faiz (73 min 586 səs), Zahid Oruc 1,45 faiz (53 min 717 səs), Ilyas Ismayılov 1, 07 faiz (39 min 641 səs), Araz Əlizadə 0,87 faiz (32 min 65 səs), Fərəc Quliyev 0,86 faiz (31 min 774 səs), Hafiz Hacıyev 0,66 faiz (24 min 459 səs), Sərdar Məmmədov 0,61 faiz (22 min 728 səs) toplayıb.

Xatırladaq ki, ölkədə 125 seçki dairə üzrə 5 492 seçki məntəqəsi yaradılıb. Seçicilərin ümumi sayı isə 5 milyon 163 min 231 nəfərdir. Rəsmi məlumatlara görə, ölkə üzrə ümumi seçici fəallığı 72,1 faiz təşkil edib – səsvermədə seçicilərin 3 milyon 720 min 643 nəfəri iştirak edib.

MSK-nın elan etdiyi rəqəmlərdən belə məlum olur ki, dörd namizədə, hətta 1 faiz də səs yazılmayıb. Dünən ölkəyə rəhbərlik etmək uğrunda iddialarını ortaya qoyan bu şəxslər, hətta prezidentliyə namizədlik üçün tələb olunan 40 min imza qədər də səs yığa bilməyib.

Yazıçı-publisist Mehriban Vəzir deyir ki, əslində, bu seçkidə yarışmanın iki tərəfi – iqtidar və demokratik qüvvələrin Milli Şurasıÿ vardı. Yəni, bu iki tərəf həqiqi seçki savaşına çıxmışdı: “Onlardan kimisi səmimi, kimisi demokratik, kimisə də zorla savaşa çıxmışdı. Yəni, seçki uğrunda səmimi və ciddi savaş vardı. Digər səkkiz nəfər isə yardımçı vasitələr idi. Onların cızıqları məhz o cür cızılmışdı ki, onlara icazə verilən qədər danışacaqlar və iqtidarın vəkilliyini edəcəklər. Seçki qurtarandan sonra isə seçkini təqdir edəcəklər. Yəni, bu insanların seçkidə  vəzifəsi bundan ibarət idi. Onlar da bu vəzifəni yerinə yetirdilər”.

Mehriban Vəzir eyni zamanda, “0″ faiz səs toplamış  namizədlərin sükutuna münasibət bildirərək, artıq ilk addımı atan insan üçün ikinci və üçüncü addımın önəmli olmadığını deyir. Onun sözlərinə görə, bu namizədlər yardımçı rol oynamaq üçün səhnəyə, savaşa, seçkiyə giribsə, özündən yalançı namizəd kimi istifadə olunmasına icazə veribsə, bu yerdə artıq söz bitir və bundan sonrasını danışmağa ehtiyac qalmır.

Sosial şöbə