ReAl hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli 9 oktyabr seçkisinin saxtalaşdırıldığını rəsmi nəticələrə istinadla ifşa edən rəy yayıb. MSK-nın açıqladığı rəqəmlərlə hesablama aparan Cəfərli sual verir: 1 seçici 1 dəqiqəyə necə səs verib? Onun facebook-da paylaşdığı rəyi olduğu kimi təqdim edirik:
“Bu seçkilərin tam bir şou, fars, yalan, saxtakarlıq olmağını rəsmi rəqəmlər də sübut edir. Deməli, rəsmən elan etdilər ki, seçkilərdə 72,31%, yəni, 3. 720. 643 seçici iştirak edib. Ölkədə məntəqə sayı 5492-dir. Sadə hesablama: 3. 720. 643: 5492 = 678, yəni, hər məntəqədə ortalama 678 seçici səs verib. Səs vermə müddəti 11 saat olub: 678:11 = 61, yəni, saata 61 seçici səs verib, 61:60 = 1,02, yəni, hər seçici səs vermək üçün cəmi 1,02 dəqiqə vaxt sərf edib. Sizcə, bu realdırmı? Mən səs verəndə məntəqədə heç kim yox idi, buna baxmayaraq, adımın tapılması, yoxlanılması, barmağıma mayenin vurulması, bülletenin mənə verilməsi, mənim işarə edib, onu qutuya atmağım – tam 5 dəqiqə çəkdi. 1,02 dəqiqəsə səs vermək mümkün deyil!”.