Aydan gələn neçə nəfərdir?

(Realistin hekayəsi)

– Ə, yekə oğlansan, iki adamım qalıb, burax içəri, səs versinlər, getməliyik axı, – bunu Məntəqə Seçki Komediyasının qapısı ağzında dayanan, qalstuklu gənc oğlana, bir az aralıda dayanmış 65-70 yaşlarında bir kişi hamının eşidəcəyi tərzdə, lap ucadan deyir.

Yaxınlaşıb soruşuram:

– Ağsaqqal, deyəsən, seçkiyə adam gətirmisiniz?

Əsəbi, üstəlik də utanmadan, qəhrəmanlıq edibmiş kimi cavab verir:

– Bəli. Yüzbaşıyam mən. Sözümü eşidən yoxdur. Hamının adamı qarışıb bir-birinə.

Bəlli olur ki, o tək deyil. Ondan əlavə burada nə qədər onbaşı, yüzbaşı var. Və Məntəqə Seçki Komediyası önündəki uzun növbənin, basabasın səbəbi də məhz budur. 

Sakitcə dillənirəm:  

– Siz bilirsiniz ki, bu qanunsuzluqdur? Normal ölkədə bu etdiyinizə görə sizə cinayət işi açılmalı olduğundan xəbəriniz var?

Ağsaqqal tərs-tərs baxır mənə:

– Deyəsən, sən Aydan-zaddan gəlmisən, – deyib sonra yenidən Məntəqə Seçki Komediyasının qapısı ağzında dayanan qalstuklu gənc oğlana çevrilir. “Ə, nə qədər demək olar, mənim adamlarımı burax da içəri. Cəmi o ikisi qalıb”

***

Dünən Azərbaycan boyu baş verən rəzalətdə mənim üçün nə yeni, nə təəccüblü heç nə yox idi. Belə də gözləyirdim.

Hətta gözlədiyimdən qat-qat rüsvayçı, əxlaqsız bir mənzərə olmasına baxmayaraq  təəccüblənmədim. 

Belə də olmalı idi. 

Axı Azərbaycan kimi ölkədə seçkidə qalib gəlmirsən. Ilk növbədə saxtakarlığa qalib gəlirsən. 

Odur ki, biz dünən əsla və əsla seçkini uduzmadıq. Dünən biz saxtakarlıqda məğlub olduq.

Ağrılıdır, amma həqiqətdir: bu ölkədə saxta bülleten atmağı, onbaşı, yüzbaşı, minbaşı… olmağı özünə sığışdıranlar dürüstcə, ləyaqətlicə bir seçki keçirilməsindən yana olanlardan azdırlar. Çox azdırlar. 

Bu reallıqla barışmaq?

Bu gerçəkliyi görmək lazımdır. 

Mən göz yaşları, ürək ağrıları, vicdan əzabı içində yazıram:

Ölkəmdə həqiqətin, ləyaqətin 20 “şirvan” qiyməti yoxdur. 

20 “şirvan” azərbaycanlıların həyatında hüquqdan, mənəviyyatdan, əxlaqdan, dürüstlükdən daha çox rol oynayır, daha funksionaldır.

***

Hə, dəhşətli idi, ortayaşlı, mədənicə geyinmiş və bir dəstə adamı qabağına qatıb gətirmiş yüzbaşı onları göstərib nə utanmadan, nə qorxmadan deyirdi ki, “bunların beş şirvana da ehtiyacı var”.

“Şirvan” dəyişib, 2 AZN olub, amma hətta bu dəyişikliyin yüzdə biri belə kütlənin nə şüuruünda, nə mənəviyyatında əks olunmur.   

Dəyişən valyutalar, məzənnələrdir. Şüur (daha doğrusu, şüursuzluq) eynidir. Əxlaq (daha doğrusu, əxlaqsızlıq) da həmçinin. 

Xeyli dostlar isə bədgümandırlar: qəpik-quruşa görə bu şounun, komediyanın iştirakçısına çevrilənlər, hələ də ölkənin hansı dibsiz uçuruma…

Zil qaranlığa…

Kor bataqlığa getdiyinin fərqində olmadan, bunca zülmə, oğurluğa, talana rəğmən hələ də yaptokratiyanın seçki farsında rol almağı vicdanlarına sığışdırıb şəxsiyyətlərinə yaraşdıranlar varsa, mübarizənin anlamı qalırmı? Ömrümüzün ən gözəl illərini basqılar, təhdidlər altında çürütməyin mənası varmı?

Tam soyuqqanlılıqla, tam soyuq başla yazıram: hər şeyə rəğmən bu yolu mənzil başınadək yürüməyə məcbur və məhkumuq. 

Aralarındakı kəmiyyət fərqinə baxmayaraq, əgər pislər etdiyi pisliklərdən yorulmursa, yaxşılar etdiyi yaxşılıqlardan niyə usanmalıdırlar? 

Bunca alın təri, bunca məhrumiyyət, bunca zəhmət, bunca əmək heç vaxt boşa gedə bilməz. Bu ölkədə azadlıqın rüzgarları əsəcəkdir. Ədalətin bayrağı yüksələcəkdir. 

Mən həmişə, təkrar-təkrar yazıram: bunun nə vaxt baş verəcəyini özümə dərd eləmirəm.

Bəşəri dəyərlərin önünü kəsə bilərsən, onun gəlişini yubada, ləngidə bilərsən, amma gec-tez, günün birində qalib gələcəyini önləyə bilməzsən.

Dünən bu ölkədə çağdaşlıq, azadlıq, hüquq əsla və əsla məğlub olmadı.

Sadəcə, onun təntənəsi növbəti dəfə təxirə salındı. 

 

***

– Atamı görməyə gəlmişəm.

– Kimdm atanız?

– Biz elə bilirdik o 2 il əvvəl ölüb?- Amma siz onun adına bildiriş göndərəndə elə sevindik ki… Hanı mənim atam?

Bu, dünənki seçki farsında seçici ilə komissiya üzvünün dialoqundandır.

Onlar 21-ci əsrdə Şeyx Nəsrullah qiyafəsinə bürünüb, ölüləri “dirildərək” səs verdirirlərsə, siz də onlara inad imkan verməyin, son ümidləriniz də ölsün. 

Qoy yenə sizə Aydan gəlibmişsiniz kimi tərs-tərs baxsınlar. Lap sizi barmaqla sayılacaq az, gücsüz görsünlər. 

Qoy yenə də sizi Don Kixot yerinə qoysunlar. Qoy sizi “karusel”ə qoşulmadığınız, onbaşı, yüzbaşı, minbaşı, nə bildim daha nə başı olmadığınız üçün fərsiz, fərasətsiz hesab etsinlər.

Qoy qafası ilə deyil, qarnı ilə düşünən çoxluğun “gördün?!” sualı köz olub bağrına basılsın. 

Qoy “a bala, sal başını aşağı, hamı necə, sən də elə” didaktikası çoxluğun düşüncəsinə hakim olmaqda davam etsin.

Sarsılmayın. Üzülməyin. Yıxılmayın, ayaqda qalın. Diri qalın. Canlı qalın.

Inanmağa və yola davam edin. 

Lap Platon demişkən: “Günəş hər gün batır, amma ertəsi gün yenidən doğur”.