Mərkəzi Bankın sədri Elman Rüstəmov qiymət artımının anonsunu verdi
İki gün öncə ölkə prezidenti Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin 9 aayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Iclasda çıxış edən Mərkəzi Bankın Idarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, ölkədə qiymət sabitliyi təmin edilib, 9 ayda orta illik inflyasiya cəmi 2.3 faiz təşkil edib, nəticədə real gəlirlər 5 faizdən çox yüksəlib. Elman Rüstəmov daha sonra bildirib ki, qiymət sabitliyinin ilin sonunadək qorunacağı gözlənilir.
Bu çıxışdan belə görünür ki, seçkidən sonra qiymət sabitliyi pozulacaq və bütün sahələr üzrə qiymətlər qalxacaq.
Hər seçki ilində olduğu kimi, bu il də seçkilərə bir ay qalmış dövlət başçısının sərəncamı ilə əmək haqqları 10 faiz artırıldı. Düzdür, bu 10 faiz insanların həyatında heç bir müsbət rol oynamır və cüzi məblğlə vətəndaşları satın almaq cəhdidir. Ancaq söhbət ondan gedir ki, hətta bu 10 faizlik artım da insanalara çatmır. Belə ki, hər dəfə seçkilərdən sonra ərzaq və digər məhsulların qiymətində qalxma müşahidə olunur. Sirr deyil ki, ölkədə bütün sahələr oliqarxların inhisarındadır və istədikləri kimi bazara diktə edirlər. Beləliklə, real görünən budur ki, 10 faiz artımın əvəzi artıqlaması ilə xalqdan geri alınacaq.
Elman Rüstəmovun açıqlamasına iqtisadçı Rövşən Ağayev də münasibət bildirdi. Rövşən Ağayev hesab edir ki, ölkədə qiymət artımı siyasi proseslərlə bağlıdır və bu haqda proqnozları seçkilərdən sonra daha dəqiq bildirmək olar: “Siyasi proseslərin təsirini kənara qoysaq və hesab etsək ki, hər şey indiki axarı ilə gedəcək bu halda iqtisadi baxımdan qiymətlərin artımına səbəb olan amil ölkəyə dollar axınının azalması ola bilər. Bu da indiki zamanda ehtimal olunmur. Çünki hökumətin indiki büdcəylə bağlı proqnozlarında da görünür ki, ən azı Neft Fondunun gəlirləri stabil saxlanılacaq. Neftin qiymətində hələ ki, kəskin azalma müşahidə olunmur. Idxal məhsulları ilə gələn inflyasiya istisna olunsa, ölkədaxili inflyasiyada qiymət artımına təkan verən amillərdə ciddi dəyişikliklər gözlənilmir. Bu günün gözüylə baxanda hələ ki, inflyasiya gözlənilmir. Iqtisadi faktorlarla çıxış etsək, indiki infilyasiyanın saxlanılması ehtimalı daha çoxdur”.
Iqtisadçı ekspert Azər Mehdiyev bildirdi ki, gələn il qiymət artımı müşahidə oluna bilər və bir çox amillər bunu deməyə əsas verir: “Nəzərə alsaq ki, sentyabr ayında cüzi də olsa əmək haqlarının artımı baş verib. Azərbaycanda hər zaman bu cür maaş artımlarından sonra bazarda artım müşahidə olunur. Ikinci tərəfdən mövsümi amilləri nəzərə alsaq qarşıdan qurban bayramı, ardınca yeni il gəlir və bu dövr qiymətlərin artması ilə müşahidə olunan bir dövrdü. Eyni zamanda payız yığımından sonra qışa doğru getdikcə qiymətlərdə artım baş verir. Xüsusilə əhalinin geniş istifadə etdiyi ərzaq məhsullarının qiymətinin qalxması ehtimal olunur. Ola bilər ki, bu ölkədə ümumi inflyasiyanın səviyyəsinə təsir göstərməsin, amma əhalinin yaşayış səviyyəsinə birbaş təsir göstərəcək. Başqa maraqlı məqam Maliyyə Nazirliyinin saytında yayılan xəbərlə bağlıdır. Bu xəbərə əsasən demək olar ki, gələn il ya qiymət artımı baş verəcək, ya da gizli iqtisadiyyatın leqallaşması istiqamətində ciddi addımlar artacaq. Gələn ilin büdcəsində vergilərin artımı sahəsində qoyulan rəqəmlər bunları deməyə əsas verir”.
Ilham Hüseyn