İsveç deputatlarından Azərbaycanla bağlı həyəcanlı çağırış

“Azərbaycanda İlham Əliyevin idarəçiliyi ilə avtoritar rejim hökm sürür”

“Bu ölkədə seçkinin məqsədi vətəndaşlara sistemi dəyişmək imkanı yox, hazırkı rejimə legitimlik görüntüsü yaratmaqdır”

Seçki ərəfəsində Azərbaycanda baş verənlərə İsveç mediası xüsusi diqqət yetirdi. Bu ölkənin ən tirajlı media orqanları Azərbaycandakı diktatura rejimindən, seçki saxtakarlığından yazır. Hətta bu ölkənin bir deputatı da Azərbaycandakı durumla əlaqədar birgə bəyanat yayıblar. Bu bəyanat “Dagensarena” qəzetində dərc olunan “Azərbaycandakı sui-istifadə hallarından xəbərdar olun” başlıqlı məqalədə öz əksini tapıb. Məqalənin tərcüməsini təqdim edirik:

***

“Azərbaycanda insan hüquqlarının pozulması barədə danışmaq vacibdir. Yalnız bundan sonra “Şərq Tərəfdaşlığı” baş tuta bilər. Demokratiya və qanunun aliliyinin təmin olunması üçün bu çox vacibdir” – bu fikir İsveç deputatları – Xalq partiyasından Fredrik Malm, sosial-demokrat Karina Haqq, Mərkəzçi Kerstin Lundqren və Yaşıllar partiyasından Valter Muttun birgə bəyanatında öz əksini tapıb.
Oktyabrın 9-da Azərbaycanda prezident seçkisi keçirildi. Cənubi Qafqaz ölkələri Sovet İttifaqının dağılmasından sonra müstəqil oldular. Təəssüf ki, Cənubi Qafqaz dövlətlərindən biri olan Azərbaycanda demokratik inkişaf dalana dirənib, ölkədə prezident İlham Əliyevin idarəçiliyilə avtoritar rejim hökm sürür.
İnsan hüquqları təşkilatları öz tənqidlərində bu ölkədəki vəziyyəti çox aydın şəkildə göstərirlər. Müxalifət nümayəndələri təzyiq və təqiblərə məruz qalır, dinc nümayişlər polis gücüylə dağıdılır. Bu ölkədə söz azadlığı, sərbəst toplaşma azadlığı, birləşmə azadlığı yoxdur. Azərbaycan o ölkələrdəndir ki, burada siyasi məhbuslar var.
Bu seçkidə müxalifətin qalib gəlmək şansı yoxdur. Çünki müxalifətin namizədinin seçki kampaniyası aparmaq üçün kifayət qədər maliyyə resursları yoxdur, üstəlik, ona bu kampaniyanı aparmağa imkan verilməyib.
Azərbaycanda keçirilən seçkinin məqsədi ölkə vətəndaşlarına sistemi dəyişmək imkanının verilməsi deyil. Məqsəd hazırkı rejimə legitimlik görüntüsü yaratmaqdır.
Bu məqalənin hazırlanmasında məqsəd Azərbaycanda demokratik islahatların vacibliyinə diqqət cəlb etməkdir. Bu təkcə Azərbaycan vətəndaşları üçün vacib deyil. Həm də Avropa İttifaqı və İsveçin marağındadır. Azərbaycan bu gün “Şərq Tərəfdaşlığı”na altı üzv ölkədən biridir.
Avropa İttifaqı Azərbaycana Cənubi Qafqazın digər iki ölkəsi olan Gürcüstan və Ermənistanın vacib qonşusu kimi baxır.
Azərbaycanın inkişafı Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Ermənistanla yaranmış konfliktin də sülh yolu ilə həllinə təsir göstərə bilər.
Hüquq-müdafiə təşkilatlarının hesabatlarından məlum olur ki, bu ölkədə hüquq müdafiəçiləri üçün “şirin musiqilər” yoxdur, onlar çox ağır, amansız şərtlər altında fəaliyyət göstərirlər. Məsələn, bu ölkədə korrupsiyadan yazdığına, hökumətə etiraz xarakterli aksiyalarda iştirakına, hazırkı prezidentin atası, eyni zamanda, keçmiş prezidentin karikaturalarına görə həbs olunub.
“Freedom House” təşkilatı Azərbaycanı qismən azad ölkə hesab edir. Təşkilatın hesabatında bildirilir ki, son on ildə ölkədə vəziyyət yaxşılaşmayıb, əksinə, pisləşib.

Siyasət şöbəsi