Qərb mətbuatı Əliyevi yenə “bombardman” etdi
İsveç qəzeti hakimiyyətin Azərbaycanı yarımfeodal ölkəyə çevirməsindən yazır
Dünya mediasının diqqəti Azərbaycandakı prezident seçkilərinə yönəlib. Dünən ABŞ, Ingiltərə, Fransa, Isveç, Norveç və digər ölkələrin aparıcı media orqanları Azərbaycanda seçkiqabağı acınacaqlı vəziyyətdən, Əliyevlər sülaləsinin seçki saxtakarlığı və korrupsiyadan bəhs edən çoxsaylı məqalələri tirajlayıblar.
“Avropa Birliyi Azərbaycandakı rejimə qarşı sanksiyalar tətbiq etməlidir”
İsveçin ən tirajlı mətbu orqanlarından olan “Expressen” qəzeti Azərbaycan haqda məqaləni “Avropanın unutduğu diktator” başlığıyla təqdim edib. Qeyd olunub ki, bir çoxları Bakıda ötən il keçirilən “Eurovision” musiqi yarışması ərəfəsində beynəlxalq diqqətlə əlaqədar bu ölkədə demokratiya və insan hüquqlarının vəziyyətinin yaxşılaşacağına ümid edirdi. Amma gözləntilər özünü doğrultmadı, əksinə, rejim daha qəddarlıq nümayiş etdirdi, müxalifətçilərə qarşı repressiyalar gücləndirildi. Hakimiyyətin siyasətilə razılaşmayanlara qarşı narkotik, silah kimi saxta ittihamlardan istifadə edilməklə onlar həbsxanaya atılır.
Məqalədə o da qeyd olunur ki, seçkidə on nəfər namizəd kimi iştirak etsə də, onlardan yalnız ikisi haqqında danışmağa dəyər – Cəmil Həsənli və Ilham Əliyev.
Əliyev hakimiyyətinin heç vaxt gerçək seçki keçirmək niyyətində olmadığını yazan isveçli jurnalist onu da qeyd edir ki, Ilham Əliyevin hakimiyyəti miras aldığı atasıyla bağlı şəxsiyyətə pərəstişi yalnız Şimali Koreyada baş verənlərlə müqayisə eləmək olar.
“Ölkədə korrupsiya çox geniş yayılıb və yarım-feodal klat strukturu formalaşıb. Yeni qanunlar Əliyev və hakim elitanın maraqları nəzərə alınmaqla, onlara qarşı tənqidləri susdurmaq məqsədilə qəbul olunur.
Azərbaycanda heç vaxt demokratik seçki olmayıb. Müxalifətçilər, jurnalistlər və digər fəalların həbsxanada olduğu ölkədə azad və ədalətli seçki keçirilə bilərmi?
Avropa Birliyi Azərbaycandakı rejimə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməklə, vəziyyəti düzəltməyə çalışmalıdır”, – deyə məqalədə bildirilir.
Qərb Azərbaycandakı diktaturaya niyə göz yumur?
Norveçin “Aftenposten” qəzeti Azərbaycandakı vəziyyətlə bağlı məqalədə Norveçin xarici işlər naziri Espen Bart Eydenin də fikirlərinə yer verib. Nazir Norveç də Avropa rəsmilərinin Azərbaycandakı vəziyyətlə bağlı narahatlığını bölüşür və bu ölkənin rəhbərliyini demokratik seçki keçirməyə çağırır.
Azərbaycanda seçki öncəsi müxalifətə ciddi problemlər yaradıldığını vurğulayan müəllif həmçinin beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarına əsaslanaraq, yazır ki, Azərbaycanda hazırda 142 nəfər siyasi məhbus var. Onların arasında jurnalistlər, vətəndaş cəmiyyətinin fəalları və gənclər də var.
Məqalədə Qərbin Azərbaycandakı diktaturaya dözümlü münasibəti də tənqid olunur. Qeyd olunur ki, Azərbaycanın strateji mövqeyi, neft-qaz ehtiyatları, həmçinin Əfqanıstana daşınmalarda bu ölkədən tranzit kimi istifadə olunması kimi faktorlara görə Qərb bu ölkədə baş verənlərə göz yumur. Yerli hüquq müdafiəçiləri bu cür mövqeyinə görə Qərbi tənqid edir.