Hakimiyyəti tənqid etmiş əcnəbi media nümayəndələrinin Bakıya səfərinə imkan verilməyib
Azərbaycan hakimiyyəti haqda tənqidi materiallar hazırlamış xarici media orqanlarının əməkdaşlarının Azərbaycanda seçki prosesini izləməsinə imkan verilməyib. Bu qadağa xüsusən son illərdə Azərbaycan hökumətini daha çox tənqid etmiş alman jurnalistlərə tətbiq olunub.
Əldə etdiyimiz məlumata görə, alman jurnalistlərdən bir neçəsinə Azərbaycana gəlib seçki prosesini izləməyə icazə verilməyib. Bildirilir ki, məsələn, onlardan birinə Dağlıq Qarabağda olması səbəb kimi göstərilərək, ona viza verməkdən imtina olunub. Halbuki, həmin jurnalist ötən il “Eurovision” musiqi yarışması keçirilərkən Bakıya gəlmişdi. Özü də həmin vaxt səfər vizası almaq üçün sənədlərini təqdim edəndə Dağlıq Qarabağda olduğunu da gizlətməyib, bunu yazılı şəkildə göstərib. Buna baxmayaraq, ona viza verilib. Məsələ burasındadır ki, Azərbaycandan qayıdandan sonra həmin jurnalist Bakıya səfərindən sonra Azərbaycan hakimiyyətinin korrupsiyaya bulaşdığı, bu ölkədə insan hüquq və azadlıqlarının pozulduğu haqda məqalə hazırlayıb. Görünür, elə həmin məqalə də onun növbəti dəfə Bakıya yolunu bağlayıb.
Azərbaycanda insan hüquqları və demokratiyanın acınacaqlı durumu haqda material hazırlamış alman telekanalının əməkdaşının da Azərbaycana gəlib seçkini izləməsinə imkan verilməyib. Əldə etdiyimiz xəbərə görə, jurnalist Azərbaycan Xarici Işlər Nazirliyinə müraciət edib. Nazirlikdən cavab olaraq, həmin telekanalın indiyədək Azərbaycan haqda hazırladığı materialların göndərilməsini tələb ediblər. Təbii ki, alman jurnalist bu qanunsuz tələblə razılaşmayıb. Belə olan halda, Xarici Işlər Nazirliyi süründürməçiliyə əl atıb. Jurnalistə bildirilib ki, məsələ yaxın günlərdə həllini tapacaq. Son vaxtlar jurnalistlə nazirlik arasında bir neçə dəfə danışıqlar olub. Dünən alman jurnalist yenidən Azərbaycan Xarici Işlər Nazirliyilə əlaqə saxlayıb. Dəfələrlə zənglərə baxmayaraq, ona ümumiyyətlə, cavab verilməyib. Sözdə birbaşa deyilməsə də, faktiki bu jurnalistin də Azərbaycana gəlişinə imkan verilməyib.
Aytən Məmmədova