Oktyabrın 7-də məhbus tələbə Türkel Kərimliyə anası Samara Seyidova ilə görüş verilib. “Media forum”a açıqlama verən AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirov belə deyib.
Əli Kərimlinin oğlu Türkel Kərimli sentyabrın 22-də Bakıda iki gənclə birgə tutulub. Sentyabrın 23-də Nəsimi Rayon Məhkəməsi Türkel Kərimlini 25 sutka müddətinə azadlıqdan mərhum edib. O, İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polisə tabe olmamaq) ilə təqsirli bilinib. Polis gənclərin prezidentliyə namizədlərin təbliğat plakatlarını cırarkən saxlandığını iddia edib.
Faiq Əmirovun sözlərinə görə, Türkel Kərimli anası ilə görüşündə saxlanma şəraitindən heç bir şikayətinin olmadığını qeyd edib: “Səhhəti də normaldır. Bildiyiniz kimi, Türkel Böyük Britaniyanın Bristol Universitetinin hüquq fakültəsində təhsil alır. Bristol Universitetinə onun tutulduğu xəbər verilib. Müəllimlər bu xəbərdən təəssüfləndiklərini bildiriblər və qeyd ediblər ki, Azərbaycandakı durumdan xəbərdardırlar. Türkel təhsildən geri qalmamaq üçün paytaxt polisinin Binəqədidəki təcridxanasında müəllimlərin göndərdiyi dərs vəsaitləri ilə hazırlaşır”.