Təhsil Nazirliyi və TQDK

Tədrisə və qiymətləndirməyə fərqli münasibət

Nabatəli Qulamoğlu

Keçən il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  hazırladdığı bir sıra test tapşırıqlarını araşdırdıq. Həm  ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş, həm də qəbul imtahanlarında istifadə edilmiş testlər barədə fikirlərimizi mətbuatda bölüşdük. Təbii, narazılıqlar da oldu. Əsas məsələ kimin kimdən narazı qalması deyil. Vacib olan odur ki,  hamımızın əməlindən cəmiyyət yararlansın. Hesab edirəm ki,  bu baş verib. 
Artıq bir test kitabçası (VII sinif) haqqında qeyd edilmiş on iki iraddan yeddisi qəbul edilərək yeni nəşrdə(2013)  nəzərə alınıb. Amma biz hesab edirik ki, qalan beş iradı qəbul etməmək üçün heç bir elmi əsas yoxdur. Bununla belə, TQDK kimi mötəbər bir dövlət qurumunun tənqidlərə açıq olması sevindirici haldır. Biz dəfələrlə bu qurumun müsbət fəaliyyətini qeyd etmişik və bu dəfə də belə pozitiv haldan yan keçə bilmərik.
Aşağıda qəbul edilən və qəbul edilməyən iradlardan bir neçə nümunə təqdim edirik.

Qəbul edilən iradlardan

1.2012-ci il nəşri, səh.32, 2-ci test
Hansı cərgədəki fellərin tərkibinə görə təhlilində səhvə yol verilib?
A) Yaz-ıq-laş, mən-im-sə, din-lə, otur-mur
B) Salam-la-ş, vida-laş, titrə-ş
C) Gül-ümsə, mən-imsə, dara-l, söz-ləş
D) Al-dır-mış-am, yaz-m-az, gəl-m-ir
E) Qızar-ır,qız-dır-dı-m, qız-dır-ıcı
Testin düzgün cavabı A variantında verildiyi halda, C variantında da səhv buraxılmışdır (“daral” sözünün kökü “dar” sifətidir, lakin “dara” feli götürülmüşdür. Bunun da “daral” sözü ilə heç bir əlaqəsi yoxdur.
2013-cü il nəşri, səh.32,2-ci test
Hansı cərgədəki fellərin tərkibinə görə təhlilində səhvə yol verilib?
A)yaz-ıq-laş, mən- imsə, din-lə, otur-mur
B)salam-la-ş, vida- laş, titrə- ş
C)gül- ümsə, mən- imsə, dar- al
D)al- dır- mı- şam, yaz-m-az, gəl-m- ir
E)qızar- ır, qız- dır- dı- m, qız- dır- ıcı
Altından xətt çəkilmiş sözləri müqayisə etmək kifayətdir.
2.2012-ci il nəşri, səh.67, 6-cı test
Tələffüzü düzgün göstərilməyən fel hansıdır?
A)[düzsünnər] B)[çevirməx1] C)[daramax] D)[tabpıldatmax]ÿÿ E)[raslaşmax]
A variantındakı sözdə [z] səsini yazıldığı kimi tələffüz etmək mümkün deyil, çünki onun ardınca [s] səsi gəlir və dil dərhal fərqli vəziyyətə uyğunlaşa bilmir, yəni hər iki samit [s] kimi tələffüz edilir. Bu, geriyə assimilyasiya hadisəsidir. Ikinci səhv “tappıldamaq” sözündə buraxılmışdır. Burada isə, əksinə, dissimilyasiya hadisəsi baş verib: ikinci [p] qarşılığı [b] ilə əvəz edilmişdir, yəni [tapbıldatmax] şəklində oxunmalıdır. Beləliklə, iki cavab: A və D.
2013-cü il nəşri, səh. 69, 6- cı test
Tələffüzü düzgün göstərilməyən fel hansıdır?
A)[düzsünnər]  B)[çevirməx1]  C)[daramax1]  D)[hoppanmax]  [düyünnəməx]
Burada müəlliflər yanlışlığı aradan qaldırıblar. Lakin şərt inkar deyil, təsdiq formada olmalı idi, yəni B variantındakı  sözdən başqa, qalanlarının tələffüz forması düzgün verilməyib.
3.2012-ci il nəşri, səh. 39, 8-ci test
Fel şəkillərinin hansının inkarı “deyil” sözü ilə əmələ gəlir?ÿ
A)xəbər B)əmr C)lazım D)vacib E)arzu
“Deyil” sözünə “yalnız” sözü əlavə edilməli idi, çünki lazım şəklindən başqa, vacib şəklində də “deyil” vasitəsilə inkar mənası yaratmaq mümkündür: “qaçmamalıyam” da demək olar, “qaçmalı deyiləm” də.
2013-cü il nəşri, səh. 39, 7-ci test
Fel şəkillərinin hansının inkarı “deyil” sözü ilə işlənə bilər?
A)xəbər B)əmr C)lazım D) şərt E)arzu
Göründüyü kimi, cavab variantlarında vacib şəkli şərt şəkli ilə əvəz edilməklə problem aradan qaldırılmışdır.
4.Səh.153, 7-ci test
Cümlələrdən birində məsdər məqsəd zərfliyi vəzifəsində işlənmişdir:
A) Sözün düzünü demək lazımdır.
B) Biz bayramı təntənə ilə qeyd etmək üçün hazırlıq görürük.
C) Bir qədər bundan əvvəl yağış yağdığı üçün bağçanı sulamağa ehtiyac yox idi.
D) Çiçəklərə toxunmaq qadağandır.
E) Bu səs körpə ağlamasına bənzəyirdi.
Düzgün cavab B variantında verilib. Lakin məqsəd zərfliyi məsdərlə deyil, məsdər tərkibi ilə ifadə olunmuşdur. Söhbət təkcə şərt ilə cavabın uyğunsuzluğundan getmir. Bu, ciddi elmi səhvdir və şərtə əsaslansaq, düzgün cavab yoxdur.
Bu test isə tapşırığı yeni nəşrdə tamamilə çıxarılmışdır.

Qəbul edilməyən iradlardan

1. Səh.77, 7-ci test
Isimləşmiş feli sifət tərkibini tapın.
Yenə şərt yanlışdır, çünki isimləşən feli sifət tərkibi yox, feli sifətdir. Ona görə belə olmalı idi: isimləşmiş feli sifətin əmələ gətirdiyi tərkibi tapın.
Sual olunur: feli sifət tərkibi isimləşirmi? Cavab məlumdur: isimləşən tərkib yox, həmin tərkibi əmələ gətirən feli sifətdir.
Qəbul edilməyən iradlar, əsasən, üslub xarakterlidir və onların üzərində geniş söhbət açmağa lüzum görmürəm.
Bu araşdırmalar bir orta məktəb müəlliminin VII siniflər üçün hazırlanmış test kitabçası üzərində apardığı işdir. Istisna deyil ki, dilçi mütəxəssislər qrupu bu işə ciddi yanaşsalar, digər səhvlər meydana çıxa bilər. Sözsüz ki, bu səhvlər aşkarlandıqca yeni nəşrlərdə nəzərə alınmalıdır. Burada böyük qəbahət yoxdur. Iş olan yerdə qüsur da olur. Lakin öz nəşrləri qüsurlardan xali olmayan TQDK-nın keçən il bir sıra dərsliklərə qarşı səlib yürüşü təşkil etməsi ağlabatan deyil. Epizodik, texniki qüsurları əldə əsas tutaraq, TQDK konseptual baxımdan kurikulum fəlsəfəsinə uyğun yazılmış bəzi dərsliklərin yenidən hazırlanması üzərində israr etdi və bu, təhsildə bir nihilist ruh yaratdı. Belə olanda təbii sual yaranır: niyə TQDK hər il öz nəşrlərini yeniləmək, yanlışlıqları aradan qaldırmaq  hüququna malik olsun, amma Təhsil Nazirliyinə belə imkan verilməsin? Çox təəccüblüdür, biz dəfələrlə TQDK-nın ictimai nəzarətdən kənarda qaldığını yazmışıq, amma hələ reaksiya verən yoxdur. Bizi izləyin. Növbəti yazını builki qəbul imtahanlarına həsr edəcəyik.